Əbədiyyatın uca olsun, sevgili Nigar

Tale bizi elm və mədəniyyət beşiyi olan Bursada qarşılaşdırdı. Mən elmi-tədqiqat işlərimlə əlaqədar Uludağ Universitetinə ezam olunmuşdum. İmkan tapdıqca həftə sonları qədim şəhərin tarixi yerlərini, muzeyləri gəzirdim. Növbəti gəzintilərin birində elə buradaca rastlaşdıq, tanış olduq…

Bir-birimizdən əlaqə üçün telefon nömrələrimizi alıb, vidalaşıb ayrıldıq. Düçüncəmə ancaq bir fikir hakim kəsilmişdi: İlahi, bu zərif bədəndə necə böyük ürək daşıyırdı, Nigar… Axşam mesaj yazdı,  bir şeyə ehtiyacım olub-olmadığını soruşdu… Nə qədər qayğıkeş, incə ruhlu, ədəbli insan idi…

Ünsiyyətimiz beləcə başladı və davam etdi… Amma çox təəssüf ki, çox vaxt, sadəcə, sosial şəbəkələr vasitəsilə bir-birimizin uğurlarından, hansısa maraqlı mövzuyla bağlı söhbətlərimiz olurdu..

Kitabının təqdimatına dəvət etmişdi. Getdim. Qələminin, şəxsiyyətinin, insanlığının işığına yığışmış dostlarının əhatəsində hamıdan xoşbəxt Nigar var idi. Hamı Nigarın haqqında danışırdı, hamı onun mərdliyindən, savadından, qeyrətindən, cəsarətindən, istedadıdan danışırdı. Hər dəfə də dostları onu əməlləri müqabilində təriflədikcə nurlu, işıqlı çöhrəsində xəfifcə qızartılar yaranırdı…

İlahi, bu insan dostları üçün necə fədakar idi. Tədqiqat işimlə bağlı Bursaya təcili təcrübə nümunələri göndərməli idim. Dövlət və özəl poçt xidmətlərini araşdırdım, ən tez çatdıranı 3-4 gün dedi, çox məyus olmuşdum. Və birdən Nigar ağlıma gəldi… Həyəcandan salam yazmağı da unutmuşdum…

– Nigar!

– Bəli, əzizim…

– Köməyinə ehtiyacım var…

Bir saat keçmədi ki, araşdırmalar nəticəsində özəl tranzit avtobus sürücüsünün nömrəsini tapıb yazdı mənə.

Təsadüfmü, yoxsa tarixin qəribəliyimi, son görüşümüz də elə Türkiyədə oldu. İzdihamlı İstanbul  aeroportunda arxadan doğma, həyəcanlı səslə çağırdığımı eşitdim. Geri dönəndə qollarını açıb üstümə gəldiyini gördüm. İnsan bu qədərmi mehriban, dostcanlı olar? Fərqli təyyarələrlə Bakıya gəlirdik. Bir xeyli söhbətləşdik… Son tarix… 29.10.2017… son görüş… 

 Bəli, tarixin qəribəliyi… bu il həmin tarixlərdə 40 mərasimi oldu, görüşünə getdim. İnsan doğmalarını itirəndə ürəyində daim bir ağrı gəzdirir. Amma elə itkilər var ki, qəlbinin bir köşəsi boş qalar… təəssüf ki, o boşluq sən oldun, Nigar!

Yenə dekabr… yenə dəvət gəldi… bu dəfə dostlardan… Nigarsız dostları Nigar işığına yığışacaqlar!

yenə də xoşbəxt ol, gülümsə, əzizim!..

Hər insana nəsib olmur az dövrdə bu qədərsevilsin, tarixə yazılsın… hər birimizdə bir izin, imzan var, sevgili Nigar!!!

12 dekabr 2018.  

Səltənət Ağayeva

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here