Əbülfəs Qarayev Seyid Abbas Salehlə görüşüb

Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nazir qonaqları salamlayaraq Azərbaycanda İran mədəniyyəti günlərinin keçirilməsinin önəmini vurğulayıb və bu tədbirlərin yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib. Ötən il İranda Azərbaycan mədəniyyəti günlərinin uğurlu təşkilinə və səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib, ölkəmizin nümayəndə heyətinin İran səfərindən xoş təəssüratlarla ayrıldığını diqqətə çatdırıb. Vurğulanıb ki, qarşılıqlı səfərlər iki ölkə arasında əməkdaşlığın bundan sonrakı inkişafına müsbət təsir göstərəcək.

İyunun 20-də “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” tədbirlərinin açılış mərasimində İranın mədəniyyət və islami irşad nazirinin müavininin fəal iştirak və çıxışından razılığını ifadə edən Əbülfəs Qarayev bu iştirakı münasibətlərimizin sıx və möhkəmliyinin nümunəsi kimi dəyərləndirib.

İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Ötən il İranda Azərbaycan mədəniyyəti günlərinin çox uğurla keçirildiyini və ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılandığını deyib. O, ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşü zamanı müzakirə edilən məsələləri diqqətə çatdırıb, Azərbaycanda özlərini heç də qonaq kimi hiss etmədiklərini vurğulayıb. Qeyd olunub ki, iki ölkə arasında mədəni əlaqələrin inkişafı üçün böyük potensial var: “Bir tərəfdən xalqlarımızı birləşdirən mədəni və tarixi köklər, digər tərəfdən isə hazırda ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olması buna əminlik yaradır. Ölkə rəhbərlərinin çoxsaylı görüşləri, dövlətlərimiz arasında imzalanan sazişlər göstərir ki, ikitərəfli əlaqələr üçün yetərincə hüquqi baza mövcuddur. Bu da mədəni sahədə çoxsaylı proqramları icra etməyə geniş imkanlar yaradır. Həm tarixi, həm də mədəni irsimizin yaxınlığı, eyni zamanda sadaladığım məqamları nəzərə alaraq hər iki ölkənin mədəniyyət nazirləri olaraq biz bu fürsətləri yetərincə dəyərləndirməli, əlaqələrin davamlı və əhatəli olması üçün bacardığımız qədər imkanlardan istifadə etməliyik”.

Seyid Abbas Salehi bildirib ki, İranın Təbriz şəhərinin “İslam ölkələrinin turizm paytaxtı”, Azərbaycanın Naxçıvan şəhərinin “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi müştərək layihələri gerçəkləşdirmək üçün yeni imkanlar yaradır. Bu gün Azərbaycanda İran mədəniyyəti günlərinin keçirilməsi mədəni əlaqələrdə yeni bir mərhələnin başlanğıcıdır. Nümayəndə heyətinin Azərbaycana səfərinin də başlıca məqsədi yeni əməkdaşlıqlara başlamaq üçün potensialların axtarılmasıdır.

Nazir Əbülfəs Qarayev Azərbaycanın İranla mədəni əlaqələri genişləndirmək fikrində olduğunu deyib: “Düşünürəm ki, mədəniyyət günləri çərçivəsində hər iki ölkənin mədəniyyət sahəsində çalışan rəsmilərinin görüşləri öz bəhrəsini verəcək. Azərbaycanda İran Mədəniyyət Mərkəzinin müsbət fəaliyyətindən razılığını ifadə edən nazir qarşılıqlı olaraq kino, rəssamlıq, muzey işi və digər sahələrdə əməkdaşlığın vacibliyini vurğulayıb: “Xalqlarımızı bir-birinə yaxın edən memarlıq, xalq yaradıcılığı nümunələri, ədəbiyyatımız var. Bu sahədə layihələrin həyata keçirilməsi əməkdaşlığın əsas qolunu təşkil edir. Azərbaycan-İran mədəni əlaqələrində teatr sahəsinin də öz mövqeyi var. Azərbaycan teatrları mütəmadi olaraq İranda keçirilən beynəlxalq teatr festivallarında uğurla iştirak edirlər. İki ölkənin milli kitabxanaları arasında sıx əməkdaşlıq informasiya mübadiləsi üçün geniş imkanlar yaradır”.

Kino sahəsində əməkdaşlığın önəmini xüsusi vurğulayan Əbülfəs Qarayev bu istiqamətdə işbirliyinin perspektivlərini diqqətə çatdırıb. Vurğulanıb ki, mədəni yaxınlıq ölkələr arasında ictimai-siyasi vəziyyətə hər zaman müsbət təsir göstərir.

Görüş iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq və digər məsələlər barədə fikir mübadiləsi ilə davam edib.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here