Əflatun Amaşov: “Medianın əsas gücü onun iqtisadi gücü ilə bağlıdır”

“Azərbaycan jurnalistlərinin VII qurultayı sabah Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında öz işinə başlayacaq. Qurultayda hesabat dövründə görülən işlər, mətbuatın bu günü ilə bağlı hesabat dinləniləcək. Əminəm ki, Azərbaycan mediasını narahat edən məsələlər də müzakirə olunacaq. Qurultayın uğurla keçiriləcəyinə inanıram”. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri, millət vəkili Əflatun Amaşov deyib.

O qeyd edib ki, MŞ yaranandan sonra 15 il ərzində uzun və uğurlu yol keçib: “MŞ yaranmamışdan əvvəl media ilə ictimaiyyət arasındakı münasibətlərdə, iqtisadi və digər istiqamətlərdə porblemlər kifayət qədər idi. Bu 15 ildə MŞ mətbuatla ictimaiyyət arasında münasibətləri müsbət məcraya yönəltdi və münasibətlər demək olar ki, müsbət yöndə həll olunub. MŞ medianın inkişafı ilə bağlı çoxsahəli tövsiyələr irəli sürüb, təkliflər verib, layihələr həyata keçirib. Dövlətimiz mətbuatla bağlı siyasəti məhz MŞ vasitəsilə həyata keçirir”.

Ə.Amaşovun sözlərinə görə, il ərzində MŞ-a minə yaxın şikayət daxil olur: “Bu, elə də çox deyil. Məsələn Böyük Britaniyada MŞ-a 30 minə yaxın şikayət daxil olur. Avropanın inkişaf etmiş ölkələrində bu rəqəm Azərbaycandan qat-qat daha çoxdur”.

Azərbaycan mətbuatının müstəqil və peşəkar olduğunu bildirən MŞ-nın rəhbəri, bu gün ölkə mediasının həm də milli maraqlardan çıxış etdiyini vurğulayıb.

O, qurultayda müzakirə olunacaq mövzular haqqında məlumat verib: “Medianın əsas gücü onun iqtisadi gücü ilə bağlıdır. Biz qurultayda Azərbaycan mediasının iqtisadi gücünün artırılması yollarını müzakirə edəcəyik. Reklam bazarının genişləndirilməsi, qəzetlərin satış yerinin düzgün təşkili diqqət mərkəzində olacaq. Eyni zamanda, biz bölgə mətbuatına da diqqəti artırmalıyıq. Regionların mətbuatında çox ciddi problemlər var. İctimai fikrin formalaşmasında əsas rolu onlayn jurnalistika oynayır. Reklam bazarını düzgün qura bilmədiyimizdən həmin media vasitələri reklamdan gəlir əldə edə bilmir. Nə qədər ki, onlayn media reklamla təmin olunmayıb, dövlət tərəfindən onlara da yardım olunmalıdır. Çünki dövlət tərəfindən yardım edilməsə, hazırkı şəraitdə onlayn media daha çox ayrı-ayrı qrupların nəzarətində ola bilər. Bu, iqtisadi, həmçinin digər yönlü qruplar da ola bilər. Eyni zamanda, media ayrı-ayrı şəxslərin, Azərbaycanda marağı olan kənar təşkilatların nəzarətində ola bilər. Biz bütün bu məsələləri qurultayda müzakirə edəcəyik. MŞ-nın qanunla tənzimlənməsi, fəaliyyət göstərməsi də müzakirə olunacaq. Təşkilat Komitəsi MŞ-nın idarə heyətinin tərkibinin genişləndirilməsini də təklif edəcək”.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here