Əkrəmçilik dəyərsizlikdir, Azərbaycan mənəviyyatına və xalqımızın milli davasına xəyanət nümunəsidir

Əkrəm Əylisli adı Azərbaycan ictimai şüurunda milli satqın sözü ilə assosiasiya olunur

Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlətdir. Azərbaycanda mövcud olan qanunlar və hüquq sistemi bütün vətəndaşların bərabərliyini təmin edir. Qanun hamı üçün ümumi məcburi davranış qaydası müəyyən etdiyinə görə heç kəs qanunu poza və öz siyasi məqsədləri üçün manipulyasiya edə bilməz. Bütün demokratik dəyərlərin və demokratik institutlaşmanın başlıca fəlsəfəsi məhz bundan ibarətdir. Çox təəssüf ki, qanunu pozmuş və hakimiyyətin müstəqil qolu olan, məhkəmələr tərəfindən konkret cəzaya layiq görülmüş şəxslər öz törətdikləri cinayəti ört-basdır etmək üçün bəzən siyasi şou düzəltməyə və bununla da qanunun tətbiq etdiyi cəzadan bir növ yayınmağa çalışırlar. Məsələ ondadır ki, ayrı-ayrı imperialist mərkəzlər də belə hallardan öz məqsədləri üçün ictimai rəyi də manipulyasiya etməyə cəhd göstərirlər. Belə hallar son dövrlərdə azalsa da, hələ də rast gəlmək mümkündür.

Əkrəm Əylisli Azərbaycan cəmiyyətinin, ziyalısının adından danışmaq haqqını çoxdan itirib

Bu günlərdə özünü ziyalı adlandıran Əkrəm Əylisli bloger Mehman Hüseynov və onun aclıq etməsi barədə müsahibə verib. Yenə də öz ənənəvi ampluasında olan Əkrəm Əylisli iddia edir ki, Azərbaycanda ziyalı yoxdur. Hər şeydən öncə 10 milyonluq bir xalqı ziyalısının olmamasında ittiham etmək özü ziyalı mövqeyi deyil, məntiqə və etikaya ziddir. Belə olan halda çıxarıla bilinəcək yeganə nəticə budur ki, əslində bu ittihamı irəli sürən şəxsin özü ziyalı deyil. Çox təəssüf ki, bu cür absurd fikirlər səsləndirən adamlar Azərbaycan cəmiyyətinin adından danışmağa cəhd edirlər. Hər şeydən öncə ziyalı öz mövqeyini mənsub olduğu xalqın milli və haqlı davasının yanında müəyyənləşdirən şəxsdir. Əkrəm Əylisli isə Azərbaycan cəmiyyətinin, ziyalısının adından danışmaq haqqını çoxdan itirib. Çünki o, milli davamızda öz yerini düşmən cəbhəsində müəyyənləşdirib və “Daş yuxular” cızma-qarası ilə kimin yanında olduğunu dəqiq göstərib. Hər bir ziyalı öz xalqının milli maraqlarını intellektual müstəvidə qorumağı bacarmalıdır ki, xalq öz mövcudluğunu qoruya bilsin. Əgər bir xalq imperialist mərkəzlər tərəfindən küncə sıxışdırılırsa, bir xalqın torpaqları işğalçı Ermənistan tərəfindən işğal edilirsə, əgər bir xalqa qarşı Xocalı soyqırımı törədilirsə və özünü ziyalı adlandıran şəxs öz mövqeyini milli sıralarda deyil, azərbaycanlılara qarşı soyqırımı törədən düşmən cərgələrində müəyyənləşdirirsə, belə hallara bəraət qazandırırsa, bu artıq ziyalı mövqeyi deyil. Belə bir şəxsin Azərbaycan ziyalısı adına iddia etməsi mümkün deyil. Çünki Azərbaycan xalqı bunu rədd edəcəkdir. Elə milli maraqları “Nobel mükafatı” almaq ambisiyasına qurban vermiş Əkrəm Əylislinin hansısa məsələdə Azərbaycan ziyalısı adından danışmağa heç bir mənəvi haqqı yoxdur.

Ə.Əylisli milli etnik mənsubiyyəti və fizioloji quruluşuna görə azərbaycanlı, düşüncə tərzinə və mövqeyinə görə antimillidir!

Sosiologiya elmi izah edir ki, insan özünü düşüncə etibarilə sosial varlıq olaraq kim hesab edirsə, elə odur. Onun etnik və milli mənsubiyyəti burada heç bir rol oynamır. Hələ 90-cı illərin əvvəllərində Baltikyanı ölkələrin qəzetlərindən birinə müsahibə verən Əkrəm Əylisli demişdi ki, “Azərbaycanda ziyalı mühiti yoxdur. Mən bu mühitdə boğuluram”. O zamandan başlayan anti-azərbaycançı mövqe nəticə etibarilə gəlib “Daş yuxular”da başa çatdı. “Daş yuxular” Azərbaycan mədəniyyətinə, mənəviyyatına, xalqın milli davasına xəyanətin elə bir nümunəsidir ki, bunu yazan müəllif öz yaradıcılığında bu vaxta qədər əldə etdiyi hər nəyi varsa, onların hamısının üzərindən xətt çəkmiş olur. Çünki ziyalılıq həm də ekstremal vəziyyətdə milli mənafeyi intellektual müstəvidə müdafiə edə bilmək qabiliyyətidir. Əgər siz bunu etmirsinizsə, deməli, siz ziyalı deyilsiniz. Məntiq isə onu deyir ki, ziyalılıq etalonu bir şəxsin düşüncəsi ola bilməz. Onun kim olduğunu, sosial ideoloji təsvirini yuxarıda vermiş olduq. Əgər yuxarıdakı sosioloji düsturu Ə.Əylisliyə şamil etsək, alınan nəticə belə olacaq: Ə.Əylisli milli etnik mənsubiyyəti və fizioloji quruluşuna görə azərbaycanlı, düşüncə tərzinə, tutduğu mövqeyinə görə antimillidir. Yəni bu zat sosial varlıq olaraq bizdən deyil, bizim düşmənlərimizdəndir. Bütün bunlar isə, heç şübhəsiz ki, Əkrəm Əylisliyə qarşı milli nifrət formalaşdırır, cəmiyyətin bütün təbəqələrində ona qarşı nifrət yaradır. Əkrəm Əylisli adı Azərbaycan ictimai şüurunda xəyanət və milli satqın sözü ilə assosiasiya olunur.

Əkrəm Əylisli “Daş yuxular”ı yazmaqla özü öz ziyalılığını axtalamış oldu

Əkrəm Əylisli müsahibəsində deyir ki, sovet dövründə Azərbaycanda ziyalıları axtalayırdılar. Buradan iki məntiqi nəticə çıxartmaq olar. Doğrudan da, əgər özünü ziyalı hesab edirsə, deməli, Əkrəm Əylisli elə sovet dövründə axtalanmış ziyalıdır. Əlbəttə, biz fiziki axtalanmadan yox, siyasi-ideoloji axtalanmadan danışırıq. Onda Əylisli etiraf etsin ki, sovet ideoloji maşını onu hələ sovet döründə axtalayıb və ermənipərəst edib. Bu, daha səmimi olar və bəlkə də, hətta başa düşülər. Ancaq məsələ ondadır ki, Əkrəm Əylisli özü öz ziyalılığını “Daş yuxular”ı yazmaqla axtalamış oldu. Amma bütün bunlara baxmayaraq, öz hədyanlarını davam etdirən Əylisli milli ideologiyamıza, azərbaycançılıq ideologiyasına da daş atır, onun bir neçə demaqoqun əlində yesir olduğunu iddia edir. Ona görə ki, bu ideologiya milli birliyimizi və bərabərliyimizi təmin etməklə cəmiyyətimizə ictimai harmoniya gətirir. Bu isə ermənilər kimi, Əylislinin də xoşuna gəlmir.

Əkrəm Əylisli ilə Zori Balayanın heç bir fərqi yoxdur

Əslində elin gözü tərəzidir və hamı görür ki, Əkrəm Əylisli ermənipərəst mövqeyinin yesirinə çevrilibdir. Bu kontekstdə Əkrəm Əylisli ilə Zori Balayanın heç bir fərqi yoxdur. Çünki Zori Balayan da Azərbaycan xalqının dəyərlərini təhqir edir, Azərbaycan xalqına qarşı mənəvi, fiziki soyqırımında iştirak edir. Əkrəm Əylislinin isə fiziki soyqırımında iştirak etmək imkanları olmadığına görə o, Azərbaycana qarşı həyata keçirilən mənəvi soyqırımında fəal yer alır. Azərbaycan cəmiyyəti düşünürdü ki, Əkrəm Əylisli ömrünün ahıl çağında bütün bunları dərk edərək tutduğu mövqeyə, yazdığı “Daş yuxular”a görə Azərbaycan xalqından üzr istəyəcək və böyük ürəyə sahib olan Azərbaycan xalqı da onu əfv etmək barədə düşünəcəkdir. Sən demə, bu insanın milli kökümüzə və milli dəyərlərimizə nifrəti o qədər dərinmiş ki, bir ayağı burada, bir ayağı bilmirəm harada olmasına baxmayaraq, əsla öz millətinin mənafeyi haqqında düşünmür. Bir insan nə qədər kosmopolit və qlobal dəyərləri mənimsəmiş olursa olsun, ilk növbədə, mənsub olduğu millətin dəyərlərinə sahib çıxmalıdır. Çünki qlobal və kosmopolit dəyərlər ayrı-ayrı milli dəyərlərin məcmusundan meydana gələn dəyərlərdir. Əgər insan milli dəyərlərə sahib çıxa bilmirsə, o əsla qlobal dəyərlərə də sahib çıxa bilməz. Bu mənada, əkrəmçilik əslində dəyərsizlikdir, əsla kosmopolitizm deyildir!

Ə.Əylisli son nəfəsinədək Azərbaycan xalqına qarşı mənəvi soyqırımında ardıcıl olacağına and içib

Beləliklə, Əkrəm Əylislinin nəinki kimisə müdafiə etməyə, heç Azərbaycan mediasında hər hansı bir fikir söyləməyə belə mənəvi haqqı yoxdur. Bir mənəvi haqqı var ki, o da bu vaxta qədər atdığı addımlarının yalnış olduğunu dərk etdiyini və bu əməllərindən utandığını qəbul edərək Azərbaycan xalqından üzr istəmək haqqıdır. Bu insan 80-dən çox yaşı olmasına baxmayaraq, son nəfəsinədək ermənipərəst mövqeyinə sadiqdir və Azərbaycan xalqına qarşı apardığı mənəvi soyqırımında ardıcıl olacağına and içibdir. Əlbəttə ki, Azərbaycan ziyalısı adına iddia edərək Azərbaycan xalqına qarşı törədilən mənəvi soyqırımında iştirak etməsi nə Azərbaycan xalqının mənəvi soyqırımına, nə də ermənipərəstlərin arzularının çin olmasına gətirib çıxaracaqdır. Azərbaycan öz tarixi inkişafını davam etdirir və Azərbaycan ziyalıları həmişə bu tarixi prosesdə millətinin öncülləri olublar. Bu gün də belədir. Əkrəm Əylisli kimi milli satqınların adı isə ictimai şüurumuzda həmişə satqınlığın sinonimi kimi yaşayacaqdır.

Hikmət BABAOĞLU

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here