Əmlak Məsələləri Dövlət Komitəsi “Azeri Business Award 2017” Milli Mükafatına layiq görülüb

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) nüfuzlu “Business Time” biznes jurnalının təsis etdiyi ənənəvi “Azeri Business Award” Milli Mükafatına layiq görülüb.

Komitədən bildirilib ki, “Azeri Business Award 2017” Milli Mükafatı ƏMDK-ya “Azeri Business Award” iqtisadiyyat və biznes sahəsində milli mükafatın təşkilat komitəsi tərəfindən aparılan araşdırmaların nəticəsi olaraq daşınmaz əmlak idarəçiliyi sahəsində elektron xidmətlərin genişləndirilməsində və inkişafında fəal iştirakına görə verilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə açıq hökumət prinsiplərinin inkişafı çərçivəsində həyata keçirilən “Elektron hökumət” layihəsinin tətbiqi uğurla davam etdirilir. Dövlət qurumları tərəfindən əhaliyə təqdim edilən ictimai xidmətlərin elektron müstəviyə keçirilməsinin genişləndirilməsi, vətəndaş məmnunluğunun artırılması və əlçatanlığın təmin olunması ilə yanaşı, ölkəmizin beynəlxalq İKT reytinqlərində mövqeyinin daha da möhkəmlənməsinə zəmin yaradır.

Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən “Elektron hökumət” layihəsi çərçivəsində daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsində də innovativ tədbirlər həyata keçirilir. Belə ki, bu sahədə elektron xidmətlərin dairəsinin genişləndirilməsi, o cümlədən xidmətlərin elektron formata keçidinin tam olaraq təmin edilməsi və funksionallığının artırılması istiqamətində davamlı işlər görülür.

Hazırda daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsində 3 SMS və 37 elektron xidmət, o cümlədən 3 onlayn xidmət vətəndaşların istifadəsindədir. Tətbiq edilən elektron xidmətlərdən 24-ü daşınmaz əmlakın qeydiyyatı, 11-i dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, 2-si isə daşınmaz əmlakın kadastrı ilə bağlıdır. Bu xidmətlərin 29-u interaktiv, 8-i informativ xidmətlərdir. Ümumilikdə vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 650 mindən çox elektron xidmət göstərilib. 2017-ci il üzrə bu göstərici 180 mindən çoxdur.

Son 1 il ərzində bu sahədə 5 yeni elektron xidmət – “Elektron hərrac”, “Elektron çıxarış”, “Əmlak kalkulyatoru”, “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” və “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” xidmətləri vətəndaşların istifadəsinə verilib.

Xidmətlərdən yararlanmaq üçün həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalından (www.e-emdk.gov.az) istifadə etmək kifayətdir.

İnnovativ xidmətlərin həyata keçirilməsində əsas prioritet istiqamət vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldilib. Bütün bu amillər nəzərə alınaraq, komitə tərəfindən daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı, xidmətlərin maksimum sadələşdirilməsi istiqamətində işlər davam etdiriləcək.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here