“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu dəfə paytaxtın Binə qəsəbəsində təşkil olunur

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən noyabrın 26-dan 30-dək paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası keçiriləcək.

Komitədən AZƏRTAC-a bildirilib ki, bütün növ daşınmaz əmlakların qeydiyyatı ilə bağlı xidmətlərdən yararlanmaq istəyən sakinlər saat 09:00-dan 17:00-dək Binə qəsəbəsi, Əli İsazadə küçəsində (Mədəniyyət Evinin qarşısı) fəaliyyət göstərən mobil qeydiyyat ofisinə yaxınlaşa bilər.

Məlumata əsasən, sosial aksiya ölkə üzrə qeydiyyata alınmış daşınmaz əmlakların sayını artırır, əhalinin mülkiyyət hüquqlarından geniş formada istifadəsinə şərait yaradır. Xidmət üçün hər bir şəraitlə təmin olunan səyyar qeydiyyat ofisində əhali fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı həm qeydiyyat, həm də hüquqi xidmətlərlə təmin olunur.

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası fəaliyyətə başladığı vaxtdan etibarən Bakı şəhəri və Abşeron rayonu üzrə 20 kənd və qəsəbədə həyata keçirilib.

Məmnunluq, rahatlıq və vətəndaşayönəlik prinsiplər əsasında müraciət edən hər bir sakin qanunvericiliyə uyğun xidmətlərdən faydalanıb.

Qeyd olunub ki, Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı xidmətlərini vətəndaşa daha yaxın edən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” səyyar kampaniyanı Bakının qəsəbə və kəndlərində davam etdirməkdədir. İnsan amilinə yönəlmiş və məmnunluğu artıran kampaniya qeydiyyat xidmətlərini hər həftə ayrı-ayrı kənd və qəsəbələrdə yaşayan vətəndaşların ünvanına çatdırır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here