“Ərəb ədəbiyyatı. V-XIII əsrlər” dərsliyi işıq üzü görüb

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin şöbə müdiri, filologiya elmləri doktoru, professor Aidə Qasımovanın “Ərəb ədəbiyyatı. V-XIII əsrlər” dərsliyi çapdan çıxıb.

“Elm” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktorları – filologiya elmləri doktoru, professor Nəsrulla Məmmədov, filologiya üzrə fəlsəfə doktoru, dosent Nərmin Sultanlı, filologiya üzrə fəlsəfə doktoru Kamil Şərifov, rəyçiləri isə akademik Rafael Hüseynov, filologiya elmləri doktoru Fəridə Əzizova və filologiya üzrə fəlsəfə doktoru Heybət Heybətovdur.

Kitabda ərəb ədəbiyyatının son antik (cahiliyyət), ilkin İslam, Əməvilər və Abbasilər dövrləri tam əhatə olunub. Hər bir dövrün ədəbiyyatından bəhs etməzdən əvvəl tarixi şəraitə nəzər salınıb, ədəbi proseslərə təsir etmiş ictimai-siyasi və ümumi mədəni durum öyrənilib. Səkkiz əsrlik bir dövrün ümumi mədəni və mənəvi mənzərəsini tam əks etdirmək üçün ədəbiyyatda dərin iz buraxmış dini-fəlsəfi cərəyanlara da xüsusi diqqət yetirilib.

Kitabda tədqiqata az cəlb olunan Məmluk ədəbiyyatı və Siciliyada ərəb ədəbiyyatı barədə də oçerklər verilib. Ədəbiyyat tarixi ilə yanaşı, ədəbi tənqid və poetika məsələlərinə, o cümlədən ərəb kalliqrafiyasına bölmələr həsr olunub.

Vəsait Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Elmi Şurasının qərarı və BDU rektorunun əmri ilə magistratura pilləsi üçün Ərəb ədəbiyyatı fənni üzrə dərslik kimi təsdiq edilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here