1 221 paytaxt məktəblisi olimpiadanın növbəti mərhələsində

Respublika fənn olimpiadalarının şəhər mərhələsinin nəticələrinə əsasən, 1 221 Bakı məktəblisi növbəti mərhələyə vəsiqə qazanıb.
Paytaxt məktəblilərindən Azərbaycan dili və ədəbiyyat fənni üzrə 334, riyaziyyat fənni üzrə 264, fizika fənni üzrə 90, kimya fənni üzrə 73, biologiya fənni üzrə 75, coğrafiya fənni üzrə 265 və tarix fənni üzrə 120 şagird növbəti mərhələyə keçib.
Şagirdlər öz nəticələri barədə məlumatı aidiyyəti təhsil şöbələrindən (idarələrindən) və olimpiada.edu.az saytından əldə edə bilərlər.
Respublika mərhələsinin yarımfinal turuna, şəhər mərhələsində 60-dan yuxarı bal toplayan bütün şagirdlər, həmçinin müvafiq fənn və sinif üzrə iştirakçıların ən yaxşı nəticə göstərmiş 15 faizi dəvət edilir. İnformatika fənni üzrə nəticələr 14 fevral 2018-ci il tarixinədək elan ediləcək.
Olimpiadanın növbəti mərhələsinin aprel ayında keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, fevralın 4-də paytaxt üzrə məktəblilərin Respublika fənn olimpiadalarının şəhər mərhələsi keçirilib.
Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib. Həmçinin, xüsusi istedadı və hazırlığı ilə seçilən VII-VIII sinif şagirdlərindən də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirənlər olub.
Respublika fənn olimpiadalarının təşkil edilməsində əsas məqsəd istedadlı şagirdləri aşkarlamaq, onların fənlərə olan marağını artırmaq, sağlam rəqabət mühitində bilik və bacarıqlarını nümayiş etdirməsinə şərait yaratmaqdan ibarətdir.
Respublika fənn olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə həyata keçirilir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here