20 Yanvar – Azərbaycan xalqının birliyi və həmrəyliyini təsdiqləyən ən mühüm hadisə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

İnstitutdan bildirilib ki, əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə sıxış edən institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə bildirib ki, 28 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun zirehli texnika və müasir silahlarla təchiz olunmuş əsgərləri dinc insanları – qocaları, gəncləri, qadınları və uşaqları qətlə yetiriblər. İ.Məmmədzadə qeyd edib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının tarixinə milli özünüdərkin oyanışı, xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu hadisə Azərbaycan xalqının milli birliyi və həmrəyliyini təsdiqləyən ən mühüm hadisədir.

Sonra elmi işlər üzrə direktor müavini Eynulla Mədətli ulu öndər Heydər Əliyevin 1990-cı il noyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisindəki bəyanatını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

İnstitut əməkdaşları çıxışlarında sovet imperiyasının törətdiyi bu qanlı cinayəti bəşəriyyətə, insanlığa qarşı yönəldilən terror aktı kimi səciyyələndiriblər. Qeyd olunub ki, 1990-cı ilin qanlı yanvar faciəsi heç vaxt unudulmayacaq, bu yolda canlarından keçən şəhidlərimiz isə daim qəlblərdə yaşayacaq, hörmət və ehtiramla yad ediləcəklər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here