2017-ci ildə Gənclər Fondunun maliyyə dəstəyi ilə 787 tədbir həyata keçirilib

Bu gün Bakı Konqres Mərkəzində 2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun illik hesabat konfransı keçirilib.

Tədbirdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Fondun Müşahidə Şurasının üzvləri, Milli Məclisin deputatları, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Fondun icraçı direktoru F.Hacıyev bildirib ki, dünyada Gənclər Gününün qeyd olunduğu çox az ölkə var, onlardan biri də Azərbaycandır.

O qeyd edib ki, Gənclər Fondu yaranandan indiyə kimi Fonda gənclər və gənclər təşkilatları tərəfindən təqdim edilmiş 3909 layihə dəstəklənib və uğurlu nəticələr əldə olunub.

F.Hacıyevin sözlərinə görə, 2017-ci ildə Fondun maliyyə dəstəyi ilə Bakıda 394, Gəncədə 36, Sumqayıtda 25, digər şəhər və rayonlarda isə ümumilikdə 787 tədbir həyata keçirilib. Bununla yanaşı, Fond 62 gəncin beynəlxalq tədbirlərdə iştirakla bağlı müraciətlərini müsbət cavablandırıb və bunun üçün şərait yaradıb:

“Ötənilki uğurlarımızdan biri də ucqar kəndlərimizdə həyata keçirilən layihələr olub. Çox sevindirici haldır ki, ucqar kəndlərdə çalışan insanlar tərəfindən də layihələr həyata keçirilib. Gənclərlə münasibətimizi daha şəffaf, eləcə də internet üzərindən qurmağa çalışırıq. Buna görə də ucqar kəndlərdə yaşayan gənclərin Bakıya gələrək bizə layihə təqdim etməsinə artıq ehtiyac qalmayıb”.

Konfransda Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Y.Məmmədəliyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev də çıxış edib, Azərbaycanın gənclər siyasətindən danışıblar.

Çıxışlardan sonra konfrans işini panel iclasları ilə davam etdirib.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here