209 elektron kitab…

Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni www.e-derslik.edu.az elektron dərslik portalında yerləşdirilən elektron kitabların sayı 209-a çatdırılıb.
Bu ilin ilk dörd ayında portala onuncu sinif üzrə on yeni elektron dərslik əlavə edilib. Bundan əlavə 15 elektron dərslik multimedia vəsaitləri ilə zənginləşdirilib. Həmin dərsliklərdə şagirdlər mövzulara uyğun video, qrafika, səs və digər multimedia vasitələri ilə öyrəndikləri bilikləri daha da artıra bilərlər. Hazırda 187 elektron dərslik, müəllimlər üçün 22 metodik vəsait olmaqla portalda 209 elektron kitab yerləşdirilib. onuncu sinif üzrə dərsliklərin yerləşdirilməsi prosesi davam edir. Dərsliklər Azərbaycan və rus bölmələri üzrə I-X siniflərə əsasən sıralanıb.
Elektron dərslik portalından indiyədək 2 milyon 915 min dəfədən çox istifadə olunub. Ötən bir ildə isə bu rəqəm bir milyondan çox olub. Portaldan qeydiyyatdan keçən istifadəçilərin sayı hazırda 178 min 19 nəfərdir. Cari ildə portalın ümumi dizaynı tamamilə yenilənib və yeni funksiyalar əlavə olunub. Son dəyişikliklərdən sonra qeydiyyatdan keçmədən də portala daxil olub elektron kitablardan istifadə etmək mümkündür. Bundan əlavə bütün dərsliklər üzrə sürətli axtarış sistemi aktivləşdirilib.
2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq və onların İKT-dən səmərəli istifadə etmələrinə, dərslikləri elektron formatda oxumalarına imkan yaratmaqdır. İstifadəçilər portalda olan müəllim üçün metodik vəsaitləri seçmək üçün əlavə olunmuş filtrdən istifadə edə bilərlər.
Qeyd edək ki, elektron dərslik portalı (www.e-derslik.edu.az) Milli İnternet Forumunun “Milli Net 2017” müsabiqəsinin münsiflər heyətinin qərarına əsasən “Təhsil və elm” nominasiyası üzrə ilin ən yaxşı portalı seçilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here