3 Dekabr – Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirilib

Xəzər Universitetində “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin və “Əlillər Dünyası” qəzetinin birgə təşkilatçılığı ilə 3 Dekabr – Beynəlxalq Əlillər Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə Daxili İşlər, Səhiyyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, həmçinin Qırmızı Xaç Cəmiyyətinin, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri, şəhid ailələri və digər şəxslər iştirak ediblər.

Əvvəlcə “Beynəlxalq Əlillər Cəmiyyəti”nin İdarə Heyətinin hesabat yığıncağı keçirilib. İdarə Heyətinin üzvü Məlahət Abdullayeva çıxış edərək əlilliyi olan şəxslərin hüquqlarının qorunması, sosial vəziyyətlərinin yaxşılaşdırılması, onların cəmiyyətdən təcrid olunmasının qarşısının alınması istiqamətində görülən işlərdən danışıb.

Sonra İdarə Heyətinin üzvləri – AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanova, Hüquq və İnsan Haqları İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Lalə Əhmədova, AMEA Elm TV-nin rəhbəri Xatirə Cabbarzadə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatıçısı Rasim Gənzəli və digərləri hesabatla bağlı çıxış edərək cəmiyyətin fəaliyyətini dəyərləndiriblər.

Daha sonra İctimai Birliyin sədri Tahir Xudiyev çıxış edərək ölkədə fiziki imkanları məhdud insanlara göstərilən qayğıdan söz açıb. Qeyd edib ki, Beynəlxalq Əlillər Gününün qeyd olunmasında məqsəd aidiyyəti dövlət və qeyri-dövlət təşkilatlarının, bütövlükdə cəmiyyətin diqqətini bu qəbildən olan insanların mövcud problemlərinin həllinə yönəltməkdir. O, əlilliyi olan şəxslərin ləyaqətinin qorunması, hüquqlarının müdafiəsi və sosial rifahının yaxşılaşdırılması, həmçinin onların cəmiyyətə fəal şəkildə inteqrasiyasına nail olmağın İctimai Birliyin başlıca vəzifəsi olduğunu söyləyib.

Tədbirdə Xalq artisti, tarzən Ramiz Quliyev, AMEA-nın Azad Həmkarlar İttifaqının sədr müavini Samirə Hacıyeva, Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müşaviri Zümrüd Səmədova, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı Süleyman Salayev və digərləri çıxış edərək əlilliyi olan şəxslərə dəstək olmağın önəmindən danışıblar.

Sonda əlilliyi olan insanların əl işlərindən ibarət sərgi nümayiş olunub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here