RESPONSIVE LEADERBOARD AD AREA
BAXIŞ BUCAĞI

3 oktyabr tarixinin Türk Dünyası üçün önəmi

180

Güllü Yoloğlu
türkoloq

Azərbaycan istər dil, istərsə də ərazi baxımından Türk Dünyası arasında bir körpüdür. Gün keçdikcə bu körpü daha da möhkəmlənir, əhəmiyyəti və ona ayrılan diqqət artır… Ölkəmizin ayrılmaz parçası olan Naxçıvan da bu körpünün əsas sütunlarından biridir…

Məlumdur ki, 2009-cu il oktyabr ayının 3-də Azərbaycanın Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü keçirilmişdir. Zirvə görüşünün keçirildiyi «Duzdağ» mehmanxanasının konfrans salonunda Türkdilli Dövlətlərin rəhbərləri – Türkiyənin sabiq Cumhurbaşqanı Abdullah Gül, Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev, Qırğızıstanın sabiq prezidenti Kurmanbek Bakiyev və Türkmənistan Nazirlər Kabineti sədrinin sabiq müavini Xıdır Saparlıyev Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qarşılanmışdır.

Gördüyümüz kimi, 2009-cu ildə rəhbər vəzifədə və, deməli, iqtidar sahibi olan siyasi xadimlərin əksəriyyətinin qarşısına “sabiq” sözü yazılmışdır. Bu da ötən 10 il ərzində Türk Dünyasında çox şeyin dəyişdiyindən xəbər verir. Təbii ki, bu illər ərzində Türkdilli Dövlərlərin nümayəndələri yeni tərkibdə də müxtəlif yerlərdə görüşüblər və bu əməkdaşlıq bu gün də davam edir. Lakin Naxçıvan sammiti nə bu günə qədər, nə də bundan sonra Türk Dünyası üçün öz tarixi əhəmiyyətini itirməyəcək. Çünki Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk Şurası, Türk Birliyi Türkdilli ölkələrin dövlət başçılarının məhz 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.

Nümayəndələri iştirak edən türk dövlətlərinin sayına görə də özündən əvvəlkilərdən fərqlənən Naxçıvan sammiti TÜRK BİRLİYİNİN əsasını qoydu. Məhz buna görə də 3 oktyabr tarixi TÜRK BİRLİYİ GÜNÜ kimi hər il qeyd olunmalıdır…

İlk zirvə görüşü 1992-ci ildə Ankarada keçirilmişdir. Sonrakı zirvə toplantıları 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda, 2006-cı ildə Antalyada, 2010-cu ildə Bişkekdə keçirilmişdir.

Təbii ki, sammitin keçirilməsi üçün Naxçıvanın seçilməsi təsadüf deyildi. Burada siyasi məqamların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən önə çəkilməsi mötəbər qonaqların və Naxçıvanda gözü olan bədxahlarımızın diqqətinə çatdırılması demək idi. Prezident İlham Əliyev öz çıxışında “Azərbaycana, Azərbaycanın qədim torpağı olan Naxçıvana xoş gəlmisiniz!”… “Naxçıvan qədim tarixə və mədəniyyətə malik olan tarixi Azərbaycan torpağıdır” deyərək tarixi həqiqəti yüksək kürsüdən bir daha səsləndirmişdir. Dövlət başçısı onu da xüsusi vurğulamışdır ki, “Naxçıvan Azərbaycanın Türkiyə ilə həmsərhəd olan yeganə bölgəsidir. Vaxtilə Azərbaycanın tarixi, qədim torpağı olan Zəngəzurun ondan ayrılaraq, Ermənistana birləşdirilməsi ilə, demək olar ki, böyük Türk Dünyası coğrafi baxımdan parçalanıb… Amma Türk Dünyasının mənəvi, siyasi birliyi, onun iqtisadi layihələrin reallaşdırılmasındakı yekdilliyi və vahid qüvvə kimi çıxış etməsi bugünün reallığıdır, həqiqətdir. Bu həqiqəti biz yaradırıq və bunun davam etməsi, möhkəmlənməsi və xalqlarımız üçün yeni imkanlar açması bizdən asılıdır”.

Türkiyənin Cumhurbaşqanı Abdullah Gül də qeyd etmişdir ki: “Naxçıvan Azərbaycan üçün olduğu qədər, Türkiyə üçün də doğma və dəyərlidir. Azərbaycanla Türkiyə arasında Naxçıvanda yerləşən sərhəd fiziki baxımdan kiçik olsa da, siyasi anlamda bu 10-12 kilometrlik sərhədin böyük mənası var. Bizim bu sərhədimiz coğrafi baxımdan Türkiyəni türk respublikaları ilə birləşdirən rəmzi sərhəddir. Digər tərəfdən, Naxçıvan Azərbaycanın digər ərazilərindən ayrı olduğu üçün bizim mehriban qonşuluq və qardaşlıq münasibətləri ilə yanaşı, həm də sıx əlaqələrimiz var”.

Türk Dünyasının siyasi və iqtisadi gücünün birləşdirilməsinə önəm verən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Axı türkdilli dövlətlərin bütün imkanları var – təbii resursları, neft-qaz yataqları, əlverişli coğrafi mövqeyi, güclü iqtisadiyyatı, istedadlı insanları, yeni infrastrukturu. Bütün bu imkanları cəmləsək, türkdilli dövlətlər dünya miqyasında böyük gücə çevrilər!”

Türk Şurasının əsas fəaliyyət məqsəd və vəzifələri də məhz Naxçıvan Sazişi ilə müəyyənləşdirilmişdir. 2010-cu ildə İstanbulda keçirilən 10-cu Zirvə Görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyi fəaliyyətə başlamışdır. Türkdilli Akademiyanın yaradılması təklifi də Nursultan Nazarbayev tərəfindən məhz Naxçıvan sammitində səsləndirilmişdir.

Artıq 2011-ci ildən, yəni Türk Şurası təsis edildikdən sonra zirvə görüşləri “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşləri” adı altında Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana və digər yerlərdə keçirilmiş, “İqtisadi əməkdaşlıq”, “Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq”, “Nəqliyyat və bağlantı”, “Turizm sahəsində əməkdaşlıq”, “Media və informasiya sahəsində əməkdaşlıq” kimi mövzular müzakirə olunmuşdur.

25 avqust 2012-ci ildə Bişkekdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin daxil olduğu Türkdilli Ölkələrin Əməkdaşlığı Birliyinin (Türk Birliyinin) bayrağı qəbul edilmişdir. Vahid bayraq üçün Günəş Qırğızıstanın, ulduz Azərbaycanın, aypara Türkiyənin, rəng isə Qazaxıstanın bayrağından götürülmüşdür. Təbii ki, digər Türk dövlətləri bununla razılaşmaya bilərlər. Lakin bu birliyə vaxtında qoşulsaydılar, dəstək versəydilər, TÜRKÜN gücünə inansaydılar bu bayraqda onların da bayrağının nişanəsi olardı… Düşünürük ki, gələcəkdə bayrağa düzəliş ediləcək… və mərkəzlərin də sayı artacaq…

1992-ci ilin oktyabr ayından, yəni ilk zirvə toplantısından bu yana qərargahı Ankarada yerləşən TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) (1993), qərargahı Bakıda yerləşən TÜRKPA (Türkdilli Ölkələrin Parlament Assambleyası) (2008), Astanada yerləşən Türk Akademiyası (2010), qərargahı Bakı şəhərində yerləşən Türk Mədəniyyəti və İrsi Fondu (2012), Türk Biznes Şurası (2011) kimi qurumlar yaradılmışdır.

TDƏŞ (Türk Dövlətlərinin Əməkdaşlıq Şurası) artıq dünyanın bir sıra nüfuzlu qurumları ilə də əlaqələr yaradır. İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, BMT, Ümumdünya Turizm Təşkilatı və başqaları buna örnəkdir.

Naxçıvan Sazişinə uyğun olaraq hər il keçirilən zirvə görüşlərindən bir gün əvvəl TDƏŞ xarici işlər nazirləri Şurasının görüşləri keçirilir… 2013-cü ildən başlayaraq üzv ölkələr arasında mütəmadi olaraq təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr keçirilməyə başlamışdır.

TDƏŞ-in bu günə qədər keçirilmiş bütün zirvə görüşlərində olduğu kimi, üzv ölkələrin dövlət başçıları tərəfindən 11 sentyabr 2015-ci il tarixində Astanada qəbul edilmiş V Zirvə Görüşünün Bəyannaməsində tərəflər, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı əsasında həllinin vacibliyini bir daha vurğulamışlar”.

Xatırladaq ki, 15 may 1992-ci il tarixində əsası qoyulmuş hökumətlərarası hərbi ittifaq olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) (Organizatsiya Dogovora o Kollektivnoy Bezopasnosti, ODKB) həmin ildə Müstəqil Dövlətlər Birliyinə üzv olan altı post-Sovet dövləti – Rusiya, Ermənistan,Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan qol qoymuşdular. Üç digər post-Sovet ölkəsi olan Azərbaycan, Belarus və Gürcüstan isə 1994-cü ildə bu müqaviləyə qoşuldular. Beş ildən sonra Azərbaycan, Gürcüstan və Özbəkistan təşkilatdan ayrıldılar. Digər dövlətlər isə müqavilənin müddətini daha beş il artırmaq barədə razılığa gəldilər. 2002-ci ildə isə həmin altı ölkənin razılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında hərbi ittifaq təşkil olundu. Özbəkistan 2006-cı ildə yenidən KTMT-yə üzv olsa da, 2012-ci ildə təşkilata üzvlükdən imtina etdi. Onu da qeyd edək ki, KTMT BMT Baş Assambleyasında müşahidəçi təşkilat kimi qeydiyyatdan keçmişdir.

KTMT nizamnaməsinə əsasən bütün üzv ölkələr başqa hərbi ittifaqa və ya ölkə qruplarına qoşula bilməz, həmçinin üzv ölkələrdən birinə qarşı təhlükə yaranacağı təqdirdə bu, təşkilata üzv olan digər ölkələrə qarşı da aqresiya kimi qəbul edilir. Təşkilatdaxili əməkdaşlığı inkişaf etdirmək məqsədilə KTMT ölkələri hər il müntəzəm olaraq hərbi təlimlər təşkil edir. Rusiyanın təşkilatın digər üzvlərinə öz ərazilərində xarici dövlətlərə məxsus yeni hərbi bazaların yerləşdirilməsinə veto qoymaq hüququ var. Üçüncü ölkəyə məxsus hərbi bazaların KTMT üzvü olan dövlətdə yerləşdirilməsi üçün mütləq təşkilatın qalan bütün üzvlərinin rəsmi şəkildə razılığı olmalıdır.

Belə olduğu halda TDƏŞ-ə üzv ölkələrdən bəzilərinin, yəni təsisçi üzvlərdən ikisinin (Qazaxıstan və Qırğızıstan) həm də KTMT-nin üzvü olması maraqlı doğurur. KTMT-nin üzvü olan Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün hər an yenidən müharibə başlaya bilər. Bu dürümda KTMT-nin üzvü, TDƏŞ-in icraçı üzvü olan Qazaxıstan və Qırğızıstan hansı mövqedən çıxış etməlidirlər? Doğrudur, aprel döyüşlərində biz Qazaxıstanın kəskin mövqeyinin şahidi olduq… Amma Rusiya amili də nəzərdən qaçırılmamalıdır, yəni Rusiyanın Aprel döyüşlərindəki mövqeyi…

Ötən il sentyabrın 3-də Qırğız Respublikasının (Qırğızıstan) Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammiti keçirilmişdir. Sammitdə Qırğız prezidenti Sooronbay Jeenbekov, Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etmiş, Rusiyanın Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov, Macarıstanın baş naziri Viktor Orban və Özbəkistan prezidenti Şövkət Mirziyoyev qonaq qismində sammitə qatılmışdır.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 2009-cu ildə Naxçıvan Zirvə görüşü ilə əsası qoyulan Türk Şurasının ötən müddətdə sürətlə inkişaf edərək güclü quruma çevrildiyini diqqətə çatdıraraq demişdir: “2009-cu ildə Naxçıvan Sazişi ilə qurduğumuz Türk Şurasının ötən müddətdə təşkilati cəhətdən gücləndiyini görürük. Şübhəsiz, bu prosesdə türk dünyasının ağsaqqalı hörmətli Nazarbayevin və Azərbaycan Prezidenti hörmətli qardaşım İlham Əliyevin çox böyük əməyi var”.

Dövlət başçıları növbəti Zirvə görüşünün Azərbaycanda keçirilməsi təklifi ilə çıxış etmiş və bu il Sammitin Azərbaycanda keçirilməsi qərara alınmışdır. Ümid edirik ki, bu görüş 2009-cu ildə Naxçıvanda keçirilən IX Zirvə görüşünün 10 illiyi ilə əlaqədar yenə də Naxçıvanda keçiriləcək… və 3 oktyabr TÜRK DÜNYASININ BİRLİK GÜNÜ kimi rəsmi şəkildə öz təsdiqini tapacaq…

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı