Abituriyentlərdə imtahan stressi

Abituriyentlərdə imtahan stressi yazısına başlamazdan öncə yolumu hisslərin psixologiyasından salmaq istərdim.  Gün ərzində- sevinirik, kədərlənirik, təəccüblənirik, həyəcanlanırıq, narahat oluruq və s. kimi müxtəlif hisslər keçiririk. Bunların hər biri normal olaraq qəbul edilir. Normadan kənar olan hallar elmdə “patalogiya” termini ilə ifadə olunur, həmçinin imtahan stressi.

Məktəblərin 9-10-11-ci siniflərində imtahan stressinə daha çox rast gəlinir. Onu qeyd etmək istərdim ki, abituriyentlərin həyəcan keçirməsi normaldır və təbii qarşılanmalıdır. Ümumiyyətlə, hər hansısa iş barəsində olan stress, narahatçılıq insanın həmin işə  olan önəm və məsuliyyətindən xəbər verir. Öncə də qeyd etdiyim kimi, əgər normadan kənar hallar baş verərsə, artıq sözün əsl mənasında həyəcan siqnalı çalmağın vaxtıdır. Belə hallar özünü psixoloji və fizioloji olaraq göstərə bilər.

Psixoloji komponentlərə aiddir:

  • Özünəinamsızlıq;
  • Mənfi düşüncələr;
  • Güclü narahatçılıq;
  • Problemi gözündə böyütmə;
  • Güclü narahatçılıq hissi;
  • Mənfi kənar müdaxilələr.

Fizioloji komponentlərə aiddir:

  • Ürək döyüntüsünün sürətlənməsi;
  • Mədə, qarın nahiyəsində ağrılar;
  • Ürək bulanma, baş ağrıları;
  • Tərləmə;
  • Gərginlik, əsəbilik.

İmtahan stressini yaradan faktorlar çoxdur. Buna müəllimlərin şagirdlərlə düzgün istiqamətləndirmə aparmaması, valideynlərin yanlış davranış tərzi və  yanlış ünsiyyət üslubunu, şagirdin özü haqqında olan düşüncələrini qeyd etmək olar. Türk psixoloqu Mustafa Çayın qeyd etdiyi kimi, “ Problemi həll etmənin birinci qaydası o problemi sənin yaratdığını düşünməkdir “.

İmtahan həyəcanını aradan qaldırmaq üçün müəllim və valideynlər fərdi yanaşma prinsipini əsas tutaraq paralel şəkildə abituriyent- şagirdlərlə işləməli,  onları imtahana hazırlamalıdırlar. Onu da qeyd edim ki, məhz bu iki şəxs şagirdin özü haqqında düşüncələrində də fərqli bir atmosfer yarada bilər. Abituriyentlər xüsusilə imtahanlar yaxınlaşdıqca qida, yuxu rejiminə çox ciddi şəkildə riayət etməlidirlər. Bizim üçün adi, sıradan bilinən bir şey onların həyatları bahasına gələ bilər. Düzgün qidalanma, rejimlə yatıb-qalxmağa valideynlər nəzarət etməlidirlər.

Hər bir şagird-abituriyent öz-özünü rahat formada imtahana hazırlamaq potensiyalındadır: “Kənar şəxslər sizə inanmasalar belə, siz özünüzə inanmaqdan yorulmayın. Əsas mənəm, kənardakılar deyil,- deyə düşünərək yolunuza davam edin. Sizə “sən bacarmayacaqsan, bunu edə bilməyəcəksən”,-deyənlərə inad, daha da çox həvəsli olaraq inadkarlıq edin.

“Sənə inanmıram”- deyənlərə “əsas odur mən özümə inanıram”,- deyərək onları təəccübləndirin!  “

Bəzi valideyn və müəllimlər imtahan stressinin yaranmasında səbəbkar olduğu kimi, aradan qaldırılma yollarında da səbəbkarlığı qoruyurlar.  Stress faktorunun aradan qaldırılması üçün aşağıdakı sadalanan arqumentlərə diqqət çəkmək istərdim:

  • Övladlarınızı (şagirdlərinizi) digər abituriyentlərlə müqayisə etməyin. Bu, abituriyentlərdə özünəinamsızlıq hissini formalaşdırmaqda köməkçi vasitədir;
  • Abituriyent-şagirdlərə dəstək olun, onların tərəfində olduğunuzu hiss etdirməyə çalışın;
  • Övladlarınızı imtahanın nəticəsiylə hədələyib-qorxutmayın. ( Bəzi valideynlər əsas olaraq maddiyyatı daha önəmli hesab edərək imtahandan sonrakı dövrü düşünərək psixoloji təzyiq göstərirlər. ) ;
  • Hər şey yaxşı olacaq, sən bacaraqsan,- kimi cümlələrdən istifadə etməklə şagirdi pozitiv emosiyalarla yükləyin;

Abituriyentin özünü imtahana psixoloji  hazırlaması üçün  vacib qaydalar:

  • İlk öncə məntiqli düşünməyə çalışın. Niyə görə burdayam ( imtahan zalında olarkən )Niyə görə mən imtahandan qorxmalıyam? -xatırlayın, mütləq cavab tapacaqsınız və məhz bu cavab sizi rahatladacaq;
  • İmtahanı gözünüzdə böyütməyin. Özünüzü yüksəkdə, imtahanı sizdən aşağıda təsəvvürünüzdə canlandırın. İmtahanı da sıradan bir iş kimi düşünün, adiləşdirin. Belə hiss etmək üçün çoxlu sınaq imtahanlarında iştirak etmək lazımdır;
  • İmtahan zamanı əgər özünüzü yorğun hiss edirsinizsə, suallar sizə çətin gəlirsə, 5 dəq. fasilə verin, ətrafınıza baxaraq, su içirək, yenidən işinizə davam edə bilərsiniz;
  • İmtahan otağında olarkən gözlərinizi yumun… evdə oturub, sabahkı hazırlığa test işləyirəm- kimi düşünün.. Bunun sonuncu, həlledici test imtahanı yox, növbəti sınaq imtahanlarından biri olduğunu fikirləşin;
  • Hər şey yaxşı olacaq,- deyərək ürəyinizdə dəfələrlə təkrar edin;
  • Vaxtınızın ağası olun. Qolunuzda saatın olması vaxtınızı düzgün tənzimləməkdə sizə köməkçidir. Bunun üçün tez tez sınaq imtahanlarında iştirak etmək məsləhət görülür;
  • Əhvalınızı müsbət hallara doğru dəyişən işlər görün. Məs: İdman, musiqi və s;
  • Mənfi emosiyaları özünüzdən kənar tutmağa çalışın. İmtahan başlamasına az qalmış dərs haqda düşünməyin, hansı mövzunu yaxşı bilib-bilmədiyinizi təhlil etməyin. Bu, sizdə həyəanlılığı daha da artıra bilər;
  • Və son olaraq unutmayın, bu imtahan sizin həyatınızdakı son imtahan deyil, həyat davam edir. Ona görə də hər şeyi öz axarına buraxın…

Qasımova Fatiməxanım

BDU Psixologiya fakültəsinin məzunu,

“Psixoloq” qəzetinin şimal zonası üzrə müxbiri

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here