ABŞ-da provayderlərin istifadəçi bilgilərindən yararlanmasına icazə verildi

ABŞ Konqresinin Nümayəndələr Palatası internet provayderlərini istifadəçilərin şəxsi məlumatlarından istifadə etmək üçün icazə almasını nəzərdə tutan qanunun ləğvinə səs verib.

Provayderlər istifadəçilərin koordinatları, maliyyə vəziyyəti, sağlamlığı, uşaqları, daxil olduqları saytlar, məktublarının məzmunu haqda bilgi sahibi ola biləcəklər və bu məlumatları marketinq firmaları, eləcə də digər bazar iştirakçıları ilə bölüşmək üçün insanlardan icazə almayacaqlar.

Qərarın tərəfdarları mövqelərini belə izah edir ki, bu, bazarda rəqabəti artıracaq. Tənqidçilər isə qərarın istehlakçıların hüquqlarına zərbə vuracağını və şəxsi məlumatlara qeyri-məhdud çıxış imkanı verəcəyini bildirirlər. “Bu gün Konqres növbəti dəfə sübut etdi ki, onu maliyyələşdirən korporasiyaların maraqlarını seçicilərin təhlükəsizliyindən üstün tutur”, – deyə “Fight for the Future” (“Gələcək uğrunda mübarizə”) hüquq-müdafiə təşkilatının liderlərindən biri Evan Qrir söyləyib. Fəallar artıq məsələ ilə bağlı kampaniyaya başlayıblar.

Qeyd edək ki, Obama dövründə qəbul olunmuş qanunun ləğvi üçün kommunikasiya bazarının nəhəngləri – “Verizon”, AT&T və “Comcast” fəal iş aparırdı. Onların fikrincə, internet xidmətləri təklif edən şirkətlərin fəaliyyəti “Google” və “Facebook”dan daha sərt tənzimlənir.

Qanunun ləğvi barədə qərar prezident Donald Tramp tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

İKT.lent.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here