RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.09.16 14:57

“ABŞ-ın tezliklə hücuma keçəcəyi gözlənilmir…” – Əfşar Süleymani

68

Bir neçə gün öncə dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının iki böyük neft təsisinə hava hücumu baş verdi. Təxminən yüzədək hücum nəticəsində təsislər vuruldu, dünya neft bazarı təlatümə gəldi və qlobal miqyasda enerji təhlükəsizliyinin yaxşı qorunmadığı məlum oldu. Bunlar öz yerində, bəs vurulmanın səbəbləri nədir, vuranlar kimlərdir, nə istəyirlər, müharibənin təbii təsiridirmi, yoxsa neftin qiymətini qaldırmaq üçün düşünülən siyasətin nəticəsidir – bu suallara cavab almaq lazımdır. Bəşəriyyət isə əksər hallarda sadəcə nəticəni görür, səbəblərə nəzər salmaq istəmir…

İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani ilə səbəblərə aydınlıq gətirməyə çalışdıq. Oxuyaq görək iranlı diplomat nə düşünür:

– Təbii ki, təhlükəsizliyin təmin olunması məsələsi çox önəmlidir. Bölgənin təhlükəsizliyi təmin olunmadıqda müharibə ehtimalı yaranır və bu da siyasi, iqtisadi və digər sahələri öz təsiri altına salır. Bu problemlər davam etdikcə, dünya neft bazarına və məhsulun qiymətinə də mənfi təsirini göstərəcək. Bəlli olduğu kimi, Səudiyyə Ərəbistanının iki neft mərkəzinə hücum olub və nəticədə Krallığın neft ixracatının həcmi yarıbayarı azalıb. Gözləmək lazımdır ki, Səudiyyə Ərəbistanın digər neft mərkəzləri hesabına ixrac kvotasını hücumdan əvvəl olduğu kimi saxlaya biləcək, yaxud da Rusiya, digər ixracatçı ölkələr satış həcmini artırmaqla bazarda neftə tələbatı tam ödəmək istəyəcəkmi, əgər bunlar edilsə dünya üçün elə bir təhlükə olmayacaq. Amma edilməsə, təbii ki, neftin qiyməti yüksələcək və bu da qlobal iqtisadiyyata təsirini göstərəcək. O da ola bilər ki, Səudiyyə Krallığı  baş verən hadisələri daha da dərinləşdirməklə ABŞ və NATO-nu regionda ciddi hərbi təhlükənin yarandığına inandırmağa çalışsın. 

– Bir gecədə neft mərkəzlərinə 100-ə yaxın hava zərbəsinin endirildiyi və təbii ki, bunun Yəməndə döyüşən müxalif tərəfin – Husilərin etdiyi deyilir. Maraqlıdır, Yəmən dövlətinin deyil, məhz müxalif qüvvələrin əlində o qədər İHA-lar hardandır? Yəni demək istəyirəm ki, İHA-ları az-çox inkişaf etmiş dövlətlər istehsal edir, elə isə uzun illərdir müharibənin yerlə yeksan etdiyi Yəməndə müxaliflər bu hava hücumu silahını necə, harada istehsal ediblər?

– Bilirsiniz, indi dünyada çox qarmaqarışıq vəziyyət hakimdir. İstənilən dövlət, qanunsuz hərbi birləşmələr və hətta terrorçu qruplar istədikləri silahı hansısa yolla əldə edirlər. Yüzlərlə terrorçu qrup günümüzdə o qədər silah-sursatı hardan alır? Suriyada illərdir davam edən toqquşmalarda terrorçu qrupları ən müasir silahla kimlər təmin edir, hardan gətirirlər, yaxud o silahları almaq üçün pulları kimlər verir? İndiki zamanda silahı əldə etmək çətin deyil, rəsmi olmasa da, başqa vasitələrlə alırlar. Husilər də eyni cür. İllərdir SəudiyyəƏrəbistanı ilə danışıb anlaşa bilmirlər, bu zaman özlərini qorumaq üçün yollar fikirləşirlər. Eşitdiyimə görə, Husilər Yəməndə özləri silah hazırlayırlar və bunun üçün texnologiyaları da var. O cümlədən raket də istehsal edirlər. Məsəl var, deyərlər: görünən kəndə nə bələdçi…  

– Hamının gözlədiyi kimi, ABŞ qeyd-şərtsiz bu hücumda İranı günahlandırdı. Hətta dolayısı ilə İHA-ların Yəmənə deyil, elə İrana aid olması barədə ittihamlar var. Necə bilirsiniz, İranın bu hücumda hansısa formada iştirak etməsi indiki regional geopolitik proseslərin fonunda ağlabatandırmı?

–  ABŞ zor tətbi eləməklə, eyni zamanda iqtisadi sanksiyalarla təzyiq göstərə bilmir. Bundan həm ölkələr, həm də özü ziyan çəkir. Obama hökuməti 5+1 formatı ilə nüvə enerjisi məsələsinə dair müqavilə imzalamışdı və hər şey də yaxşı gedirdi. Amma Tramp gələn kimi həmin müqavilədən çıxdı. Tramp bu gün Fələstin torpaqlarını İsrailə verir, Qüdsü İsrailin paytaxtı elan edir, Suriyada istədiyini edir və sair. Axı belə özbaşınalıq eləmək olmaz. Fələstin məsələsinə, xüsusilə də Qüdsə dair BMT-nin qərarları var, Tramp kimdir ki, istədiyi qərarı verisin və hamını da ona boyun əyməyə vadar eləsin?! Səudiyyə Ərəbistanı da  hadisələrə diplomatik müstəvidə yanaşmalıdır. Suriyaya baxın: hərbi vasitələrdən istifadə nəticəsində ölkə tamamilə dağılıb, milyonlarla suriyalı Türkiyədə, başqa ölkələrin ərazisində qaçqın kimi məskunlaşıb. Amma Bəşər Əsəd yenə də dövlətə rəhbərlik edir. ABŞ hər istədiyini dövlətlərə diqtə edə bilməz. Bu gün İranla qarşı-qarşıya dayanıb və əlbəttə, İran geri çəkilmir. Çünki Amerika özü günahkardır. Ona görə ki, nüvə enerjisi sazişindən ilk olaraq özü çıxmaqla bu problemi yaradıb. Yəməndə də vəziyyət oxşardır. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və sair bu illər ərzində nə qədər yəmənlinin ölümünə bais olub, amma Husilərin üzərində qələbə çala bilmirlər. Siyasəti məntiqlə yürütmək, düzgün yol seçmək lazımdır.

– İranın adının hallanması təbidir, çünki ABŞ-ın ölkənizə münasibəti açıqdır. Amma az qala 30 ildir Amerikanın siyasətini yürüdən İraqın bu məsələdə ittiham olunması nə ilə bağlı ola bilər? Deyilir ki, guya İHA-lar İraq ərazisindən hücum edib və hətta Bağdad deyilənləri sərt şəkildə yalanlayıb da…

– Amerika hər zaman dəlilsiz-sübutsuz ittihamlar irəli sürüb. Keçmişdə də belə edib, Fars körfəzində son zamanlar gəmilərlə bağlı problemlər yarandı, ABŞ bildirdi ki, bunlar İranın işidir. BMT və digər təşkilatların nümayəndələri toplaşıb aradırdılar, İranın əli olduğu isbatlanmadı. Husilərin Səudiyyə Krallığının neft mərkəzlərinə hücumunu İranın üstünə atmaq kimi dəlilsiz ittiham irəli sürürlər, bu də əvvəlkilər kimi yalandan başqa bir şey deyil. Dəlil-sübut ortaya qoysunlar, amma bunu edə bilmirlər.

– Yəni İran Husilərə dəstək vermirmi?..

–  Əlbəttə, rəsmi şəxs olmasam da, deyə bilərəm ki, İranın Yəmən Ənsarullahı, Fələstin Həması və Livan Hüzbullahı ilə əlaqəsinin olduğu açıqdır. İran Suriyada da var, Bəşər Əsəd iqtidarını dəstəkləyir və sair. Bunları danmaq olmaz və gizlətmək də lazım deyil.

– Səudiyyə Ərəbistanının neft mərkəzlərinə edilən hücumdan sonra bölgənin hərbi-siyasi mühitində nəsə dəyişiklik gözləyirsinizmi? Məsələn, ABŞ-İran, ABŞ-İraq, Körfəz ölkələri-Yəmən-İran və ən əsası Səudiyyə-İran və Səudiyyə-Yəmən prizmasında…

– Hesab edirəm bu hadisələr regionda geosiyasi vəziyyəti dəyişə bilər. Müharibənin başlaması ehtimalı da var, amma bunun tezliklə baş verəcəyi, ABŞ-ın tezliklə hücuma keçəcəyi gözlənilmir. Çünki Amerikada seçkilərə az qalır, artıq partiyalararası rəqabət başlayıb. Suriyada, İraqda, Fələstində, İsraildə, Əfqanıstanda, Yəməndə, Səudiyyə Krallığında və sair vəziyyət gərgindir və bunları idarə etmək çox çətindir. Əlbəttə, baş verənlər – mümkün müharibə təhlükəsi bütün ölkələrə ziyan vura bilər, necə ki, vurur.  Səudiyyə Ərəbistanı müharibə taktikasını diplomatik danışıqlar yolu ilə əvəz etməlidir. Son zamanlar Birləşmiş Ərəb Əmirliklərinin bu cür hadisələrin fonunda  xarici siyasi kursunu bir qədər dəyişdirdiyini görürük. Çünki hiss edir ki, bu proseslər onlara ziyan vurur. Bütün bu hadisələrin gedişatı müharibənin başlamasına ehtimal vermir. ABŞ Trampın timsalında xarici siyasətdə heç bir uğur qazanmayıb. Nə Venesuelada, nə Meksikada, nə Yaxın və Orta Şərqdə – heç bir yerdə hansısa uğurlu nəticə əldə edə bilməyib. Bu mənada hesab edirəm ki, müharibə ehtimalındansa siyasi danışıqlar yolunun seçiləcəyi gözləntisi daha inandırıcıdır.

Hafta.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı