“ADA” Universitetinin tələbələri dünyanın 23 ali təhsil ocağında təhsil alacaqlar

“ADA” Universitetinin 47 bakalavrı yaz semestrində dünyanın 23 müxtəlif aparıcı ali təhsil ocağında təhsil alacaq.

Universitetdən bildiriblər ki, beynəlxalq münasibətlər şöbəsinin direktoru Rəhman Şahhüseynlinin sözlərinə görə, bu, ali təhsil ocağının təhsil mübadiləsi çərçivəsində bu günədək göndərilən ən geniş tələbə qrupudur. Hazırda “ADA” Universitetinin 20 ölkədə fəaliyyət göstərən 47 ali təhsil ocağı ilə elm və təhsil mübadiləsi haqqında razılaşmaları var. Onlardan bəziləri ilə əməkdaşlıq çərçivəsində müəllim, digərləri ilə isə tədqiqat və ya tələbə mübadilələrinin həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, universitetin bütün sahələri mütəmadi olaraq ən aparıcı beynəlxalq təcrübədən yararlana bilir.

Qeyd edək ki, “ADA” Universitetinin tələbələri bir semestrlik mübadilə proqramına qatılmaq üçün məqbul akademik göstəricilər nümayiş etdirməli, sosial layihələrdə fəallıq göstərməlidirlər. Universitetin daxili qəbul prosesindən keçənlər ixtisas sahələri üzrə tərəfdaş olan ali təhsil ocaqlarına göndərilirlər. Builki mübadilə proqramında iştirak edən bakalavrlardan 21-i biznes, 17-si beynəlxalq və ictimai münasibətlər, 9-u isə informasiya texnologiyaları və mühəndislik ixtisasları üzrə təhsil alırlar. Həmin tələbələr dünyanın müxtəlif universitetlərində, o cümlədən Fransanın Biznes və Menecment Beynəlxalq Məktəbində, Koç Universitetində, Koreyanın Elm və Texnologiya Aparıcı İnstitutunda təhsil alacaqlar.

Mübadilə proqramı tələbələrə akademik üfüqlərini genişləndirməklə yanaşı, fərdi və peşəkar inkişaflarına da böyük töhfə verir və onları müxtəlif mədəniyyətlərin təmsil olunduğu beynəlxalq iş mühitinə hazırlayır.

AZƏRTAC