ADİU-da ilk dəfə “Elm günləri” keçiriləcək

Azərbaycan Dövlət İqtisad Unisversitetində ilk dəfə olaraq  “Elm Günləri”  keçiriləcək.  Tədbirlər “Ümumdünya Elm Günü” çərçivəsində 11-13 noyabr tarixlərində baş tutacaq. Tədbirlərdə əsas müzakirə mövzusu  ali təhsil ocağını elm mərkəzinə çevrilməsi yolları olacaq. Universitetdə elmi fəaliyyətin populyarlaşdırılması, bakalavr və magistrların elmi fəaliyyətə maraqlarının artırılması,  iqtisadi problemlər üzrə yeni diskussiya platformalarının yaradılması da “Elm günləri”nin əsas məqsədləri olacaq.

Tədbirlərdə Azərbaycanın görkəmli alimləri – akademik Ziyad Səmədzadə, İsa Həbibəyli, professor Nazim İmanov  və digər qonaqlar da iştirak edəcək.

“Elm Günləri” müasir cəmiyyətdə iqtisad elminin əhəmiyyəti barədə silsilə simpoziumlarla davam etdiriləcək. İxtisas kafedralarında 20-yə yaxın tematik dəyirmi masalar, həmçinin tanınmış alimlərlə görüşlər və elmi mühazirələr də təşkil ediləcək.

Görkəmli elm xadimləri gənc tədqiqatçılara elektron resurslar, elmi məqalə və monoqrafiya üzərində iş aparmaq barədə təlimlər və master-klasslar keçəcəklər. Həmçinin tələbə və magistrlar üçün buraxılış işi və elmi dissertasiyaların yazılması, beynəlxalq elmi-tədqiqat layihələrində iştirak etmək haqqında təlimlər təşkil olunacaq. “Elm günləri”ndə “ADİU-da Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda seminar keçiriləcək.

Dialoq.info xəbər verir ki, “Ümumdünya Elm Günü” 2001-ci ildə YUNESKO-nun Baş konfransının 31-ci sessiyasının qərarına əsasəni qeyd edilir. “Ümumdünya Elm Günü” 2002-ci ildən etibarən dünyanın əksər ölkələrində keçirilir. Əsas məqsəd beynəlxalq və milli səviyyədə elmin rolunu yüksəltmək, eləcə də elmi nəticələrin cəmiyyətin sabit inkişafına təsirini artırmaqdır. Dünyanın qabaqcıl ölkələrində təşkil olunan elm həftəsi çərçivəsində ali təhsil müəssisələri və elmi institutlar tərəfindən elmi-texniki tərəqqini özündə əks etdirən seminarlar, xüsusi diskussiyalar və digər elmi tədbirlər keçirilir.

 

Elm günləri”ndə “ADİU-da Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda seminar keçiriləcək.
11 NOYABR 2014-CÜ İL / ƏSAS TƏDRİS KORPUSU / KİÇİK AKT ZALI / SAAT 14:30