ADNSU-da Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Qəhrəman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirilib.

ADNSU-dan bildirilib ki, rektor Mustafa Babanlı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfli ömür yolundan və şəhid olduğu gün göstərdiyi şücaətlərdən danışıb. “Mübariz İbrahimovun göstərdiyi qəhrəmanlıq bir Azərbaycan övladının öz torpağı uğrunda hayqırtısıdır. Bizim gənclər onun vətənpərvərliyindən örnək götürməlidirlər. Biz ADNSU-da Mübariz İbrahimovun qarşısına toplaşdığımız bu heykəlinə and yerimiz kimi baxırıq”, – deyə rektor bildirib.

Daha sonra Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, polkovnik Əzizağa Qənizadə “Milli Qəhrəman Mübariz İbrahimovun həyatı və hərbi fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycanın Mübariz kimi qəhrəman oğullarının Vətən, xalq uğrunda hər an canlarını qurban verməyə hazır olduğunu vurğulayıb. “Mübariz qəhrəman doğulmamışdı, lakin ətrafında yaşananlar onu qəhrəman kimi yetişdirdi. Onun kimi qəhrəman igidlərimiz on minlərlədir”, – deyə Ə.Qənizadə bildirib.

Tədbirə müharibə haqqında musiqi ilə yekun vurulub.