ADU rəhbərliyi DTX-nın “Şöhrət” muzeyini ziyarət edib

Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla və universitetin rəhbərliyində təmsil olunan şəxslər Ulu öndər Heydər Əliyevin anım günü münasibəti ilə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında yerləşən “Şöhrət” muzeyində olublar.

ADU rəhbərliyi Ulu öndərin büstü önünə əklil qoyaraq, muzey eksponatları ilə tanış olub. Qonaqları muzey əməkdaşları ilə bərabər, Akademiyanın rəisi Əli Şəfiyev müşaiyət edib. Daha sonra muzey haqda qısa film nümayiş olunub.

ADU-dan verilən məlumata görə, görüşün sonunda Universitetin rektoru, akademik K.Abdulla “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını muzeyə hədiyyə edərək, xatirə kitabına ürək sözlərini yazıb. Ulu öndər Heydər Əliyevin Azərbaycan multikulturalizminin banisi olduğunu deyən K.Abdulla, bu gün multikulturalizmin Prezident İlham Əliyev tərəfindən dövlət siyasəti elan edildiyini vurğulayıb: “Bizim xalqımız multikulturalizm dəyərlərinə həmişə önəm verib”.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyi Ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, həyat və fəaliyyətinin, nəsillərə örnək olan mənalı ömür yolunun və irsinin öyrənilməsini, gələcək nəsillərə çatdırılmasını, Azərbaycan gəncliyinin Heydər Əliyev amallarına sədaqət ruhunda tərbiyə olunmasını təmin etmək məqsədi ilə yaradılıb. Unikal məzmuna və nəfis tərtibata malik olan “Şöhrət” muzeyini, eləcə də Ümummilli lider Heydər Əliyevin muzey qarşısında ucaldılmış möhtəşəm abidəsini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2006-cı il mart ayının 27-də Akademiyaya səfəri zamanı açıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here