AFFA-dan Qarabağda Avropa çempionatının keçirilməsinə etiraz

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində tanınmayan dövlətlər arasında futbol üzrə Avropa çempionatı keçiriləcək. Bu barədə qərar Müstəqil Futbol Federasiyaları Konfederasiyası (CONIFA) tərəfindən qəbul edilib.
Məlumata görə, qondarma turnir 2019-cu ilin iyun ayında Qarabağda – Xankəndində baş tutacaq.

AFFA işğal altında olan torpaqlarımızda keçiriləcək yarışla bağlı etirazını bildirib. Etiraz bəyanatında deyilir: “2013-cü ildə İsveçdə təsis olunan CONIFA FIFA üzvü olmayan federasiyaların iştirakı ilə müəyyən turnirlər təşkil edən təşkilatdır. CONIFA ilk dünya çempionatını 2014-cü ildə təşkil etmiş və qondarma “Dağlıq Qarabağ” yığma komandası həmin turnirdə iştirak etmişdi.

AFFA həmin dövrdə dərhal məsələyə reaksiya vermiş, FIFA və UEFA-ya, həmçinin CONIFA-nın mənzil-qərargahının yerləşdiyi və turnirin təşkil olunduğu İsveçin Futbol Federasiyasına etiraz məktubları ünvanlamışdı.

CONIFA-nın tərkibinə beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan qondarma respublikalar, müəyyən dövlətlərin ərazisindəki müstəqillik iddiası olmayan ərazilər, müxtəlif diasporaların yığma komandaları daxildir.

AFFA 2019-cu ildə CONIFA-nın təşkilatçılığı ilə qondarma Dağlıq Qarabağ Respublikasında keçirilməsi planlaşdırılan Avropa çempionatı ilə bağlı özünün səlahiyyəti çərçivəsində olan bütün hüquqi prosedurların yerinə yetirilməsini təmin edəcək, bununla bağlı FIFA və UEFA-ya müvafiq müraciətlər göndəriləcək.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası olaraq, işğal altındakı Azərbaycan torpaqlarında – qondarma Dağlıq Qarabağ Respublikasının ərazisində CONIFA-nın təşkilatçılığı ilə keçiriləcəyi bildirilən Avropa çempionatını qəti şəkildə pisləyirik”.

Qeyd edilib ki, 2014-cü ildə FİFA üzvlüyünə daxil olmayan qurumlar arasında İsveçdə keçirilən ilk dünya çempionatında erməni separatçıları iştirak ediblər və keçirdikləri iki matçda məğlub olublar. Həmin vaxt AFFA belə bir komandanın Dağlıq Qarabağ adından iştirak etməsinə görə FİFA, UEFA, CONIFA və İsveç Futbol Federasiyasına şikayət etmiş və bu üzdən ikinci və üçüncü dünya çempionatlarında ermənilər “Artsax” yox, Qərbi Ermənistan adı ilə çıxış etməli olmuşdular.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here