RESPONSIVE LEADERBOARD AD AREA
ELM VƏ TƏHSİL

Ağabəylinin israrla dekan olmaq istəməsinin – Səbəbi

50

Axar.az Azərbaycan Dillər Universitetinin prorektoru, professor Əfqan Abdullayevlə müsahibəni təqdim edir.

– Azərbaycan Dillər Universitetindəki hazırkı tədris və təhsil keyfiyyətini, aparılan islahatları necə qiymətləndirirsiniz?

– ADU-da tədris prosesi hal-hazırda qüvvədə olan tədrisə dair mövcud hüquqi-normativ sənədlər əsasında, o cümlədən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-ci il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na, 26 aprel 2011-ci il tarixli 656 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar”a, 31 avqust 2012-ci il tarixli 1463 nömrəli əmrilə təsdiq edilmiş “Magistratura səviyyəsinin ixtisasları üzrə təhsil proqramı”na, 22 avqust 2014-cü il tarixli 913 nömrəli əmri ilə təsdiq edilmiş “Bakalavriat səviyyəsinin ixtisasları üzrə təhsil proqramı”na və yenə də Nazirlər Kabinetinin 348 nömrəli 24 dekabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili qaydaları”nın (Nazirlər Kabinetinin 257 nömrəli 14 iyun 2016-cı il tarixli Qərarında edilən dəyişikliklərin) tələblərinə tam uyğun həyata keçirilir.

Struktur bölmələrinin qarşılıqlı fəaliyyətinin təşkilinin təkmilləşdiril­məsi məsələləri son iki il ərzində daim diqqət mərkəzində saxlanılmış, idarəetmənin səmərəliliyinin, tədrisin keyfiyyətinin artırılması məqsədilə bir sıra konkret tədbirlər həyata keçirilmiş, bəzi strukturlar birləşdirilmiş, ehtiyac duyulan yeni strukturlar yaradılmışdır. Universitet və Fakültə Elmi Şuraları və kafedra iclasları mövcud qrafiklər əsasında keçirilmiş və tədrisin keyfiyyətinin yüksəldilməsi üçün akual məsələlər iclasların gündəliklərində müzakirə edilmişdir.

Təhsildə keyfiyyətin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlər tətbiq edilmiş, tələbələrin tədrisinə və istehsalat təcrübələrinin keçirilməsinə, kafedraların elmi-metodiki və elmi-tədqiqat işlərinə nəzarət gücləndirilmişdir.

Ən son yeniliklərdən biri də budur ki, Təhsil nazirliyinin qərarına əsasən bakalavriat səviyyəsində “Multikulturalizmə giriş”, magistratura səviyyəsində “Azərbaycan multukulturalizmi” fənləri 2019-2020-ci tədris ilindən tamhüquqlu fənlər kimi tədris proqramlarına daxil edilmişdir.

Fikrimizi ümumiləşdirsək onu deyə bilərəm ki, 4 il bundan qabaq ixtisaslarının 70% akkreditasiyadan keçməyən universitet məhz bu görülən işlərin nəticəsidir ki, ötən tədris ilində aparılmış akkreditasiyanın nəticələrinə əsasən müvəffəqiyyətlə akkreditasiyadan keçmişdir.

– Universitetin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla bu günlərdə verdiyi müsahibədə deyib ki, ADU-nu maraqlı və faydalı perspektivlər gözləyir. Sizin də bu perspektivlərin nədən ibarət olacağını şərh etməyinizi istərdik.

– Əslində hörmətli Kamal müəllim ADU-nun stateji inkişaf perspektivlərinin nədən ibarət olacağının anonslarını verib və haqlı olaraq bütün detalları açıqlamayıb. Şahmatçıların dili ilə desək, yaxşı bir gediş edib. (Yəqin xəbəriniz var ki, Kamal müəllim gözəl şahmat oynayır). Bunun özü də rektorumuzun təşkilatı-idarəetmə rəftarının – mədəniyyətinin (ona ABŞ universitetlərində organizational-behavior culture deyirlər) nə dərəcədə yüksək olmasından xəbər verir. Çünki rəqabət əsrində heç bir təşkilat meneceri rəhbərlik etdiyi strukturun bütün kartlarını açmaz. Amma bir halda ki sual vermisiniz, mən sizə bəzi detalları xırdalaya bilərəm.

Cənab Prezidentin təşəbbüsü ilə hazırlanmış “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” 2013-cü il oktyabrın 24-də qəbul edildikdən dərhal sonra Təhsil Nazirliyində tədbirlər planı təsdiqləndi və onların icrasına başlanıldı. Ötən iki ilə yaxın müddətdə ADU-da keyfiyyət nəticələri və əhatəliliyinə görə qabaqcıl mövqe tutan təhsil sisteminin yaradılması istiqamətində, təhsilin məzmununun, kadr hazırlığının, idarəetmə sisteminin və infrastrukturun qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulması sahəsində və əsas 5 strateji istiqamətdə – tədrisin məzmunu, professor-müəllim heyəti, idarəetmə, infrastruktur və maliyyələşmə üzrə istiqamətlərdə islahatlar həyata keçirilmişdir.

Perspektivlərdən biri də heç şübhəsiz “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun ADU-da görüləcək işlərin nəzərdə tutulmasıdır. Biz də Proqramda nəzərdə tutulan iki istiqamət üzrə tədbirlərin həyata keçirilməsi istiqamətində layihələr planlaşdırmışıq. Birinci istiqamət ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsidirsə, ikinci istiqamət xaricdə doktorantura təhsili vasitəsilə universitetimizin akademik potensialının gücləndirilməsidir. Eyni zamanda xarici mütəxəssislərin ADU-da fəaliyyətlərinin daha da genişləndirilməsidir.

Məlumdur ki, cənab Prezidentin sərəncamına əsasən bizim universitetə də publik hüquqi şəxs statusu verilmişdir ki, bu da universitetimizdə hesabatlılığın və yeni idarəetmə prinsiplərinin tətbiqinə, akademik və maliyyə muxtariyyətinə əlverişli imkan yaradacaq.

Təhsilin məzmununun yenilənməsi, onun əmək bazarının tələblərinə köklənməsi istiqamətində təhsilin hər üç səviyyələri (bakalavriat, magisratura və doktorantura) üzrə zəruri tədbirlər həyata keçirilməsi də prioritet bir sahə kimi qarşımızda durur. ADU-nun təhsil-tədqiqat-innovasiya mərkəzinə çevrilməsinə dəstək verən və rəqabət qabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartlarının tətbiqi ilə bağlı işlər davam etdiriləcək. Təhsildə keyfiyyətin təminatı mexanizmləri təkmilləşdiriləcək, o cümlədən beynəlxalq akkreditasiyadan keçmək imkanları araşdırılacaq.

– Əfqan müəllim, təəssüf ki, bu inkişafı etiraf etmək istəməyən, böhtan atan insanlar da tapılır. Keçmiş dekan Vüsalə Ağabəyli yenə ADU-nun rəhbərliyi və kollektivinə qarşı böhtanlar yağdırır. Buna münasibətinizi bilmək istərdik…

– Necə ola bilər ki, görülən işlər haqqında elə gün olmaz ki, müxtəlif saytlarda, dövrü nəşrlərdə yazılar getsin (bəlkə də heç bir universitet haqqında bu qədər xoş məramlı, tədrisyönümlü yazılar verilmir), bu işin içində olan insanların da bu işlərdən ətraflı, tam xəbərləri olmasın. Sonra da oturub fikirləşdim ki, bəlkə də bunları görmürlər (yaxud görmək istəmirlər). İkincisi də, Cavid müəllim, bilirsən, bu gün cəmiyyətin özündə də bir mənəvi aşılanma var, insanlar nədənsə bu qədər gözəlliyin içində bir dənə də olsa çatışmazlıq tapıb onu daha çox müzakirə edirlər. Əslində bu bizim xeyrimizədir. Yəqin fikirləşirsən ki, hansı mənada. Deyim. Bir dəfə ikimiz söhbət edəndə sənə Rüstəm Behrudidən bir misal gətirib dedim ki, məni tanıyanlar bilir, xorda ifa edə bilmirəm, mən solo ifaçısıyam. Tam səmimi deyirəm, bizim gördüyümüz işləri hamı bəyənsəydi, sevsəydi, qəbul eləsəydi, bu o demək olardı ki, bizdə ciddi problem var. Əksinə, adamların nifrətini gördükcə, böhtanları eşitdikcə, oxuduqca özümüzə, gördüyümüz işlərə inamımız artır, daha da israrla işləməyə başlayırıq və düşünürük ki, bu işlərdə yaxşı bir şey var ki, qəbul etmirlər. Axı yaxşını hamı görmür (bəlkə də görmək istəmirlər). Burada Oskar Uayldın bir fikrini xatırayıram: “Nə qədər çox adam mənimlə eyni fikirdədirsə, o qədər çox yanıldığımı düşünürəm”. Tamamilə doğrudur. Mahiyyəti dərk etmək hamıya aid ola bilməz, elə o dediyiniz şər-böhtanlar da.

Keçirəm birbaşa məsuliyyətini daşıdığım sahəyə – tədrisə, onun inkişafına. Özü də rəqəmlərlə fikrimi əsaslandıracam, çünki hər şey fakt qarşısında acizdir, dediyim rəqəmlər də faktlardır.

ADU təhsil necə yoxdur ki, bu son sessiyanın imtahan nəticələrinə görə bakalavriat səviyyəsində müvəffəqiyyət faizi 86%, keyfiyyət faizi isə 71%, magistraturada isə 94% və 82% olmuşdur. 2016-2017-ci illə müqayisədə bu göstəricilər müvafiq olaraq 66% və 43% təşkil etmişdir. Fərqi hiss etdiniz! Dövlət imtahanı (Yekun buraxılış dövlət attestasiyası) üzrə göstərcilərimiz daha sevindiricidir. Bunlar Təhsil fakültəsi üzrə 93%, Filologiya fakültəsi üzrə 88%, Beynəlxalq münasibətlər fakültəsi üzrə 83% Tərcümə fakültəsi üzrə 99% olmuşdur. ADU üzrə isə ümumi nəticə 91%. Təhsil Nazirliyinin müəllimlərin işə qəbul imtahanında məzunlarımızdan 50-dən yuxarı (60 baldan) bal toplayanların sayı kifayət qədər artmışdır. Budur təhsilin olmaması? Təhsil bəlkə də yeganə sahədir ki, orada həyata keçirilən islahatlar, dəyişikliklər öz nəticəsini illər sonra verir. Amma bizdə bu artıq öz nəticəsini verib. Əgər kimsə bunlarla razı deyilsə, hər şeyi əyri görürsə, onda burda sözün də gücü qurtarır izah üçün.

Bu gün universitet öz ritmilə inkişaf edir, heç şübhə etmirəm ki, yuxarıda prioritet olaraq sadalanan məsələlər yaxın gələcəkdə tam həyata keçiriləcək. Bu suala son olaraq cavabı cənab Prezidentin Çin Televiziyasına verdiyi müsahibəsi zamanı dediyi sözlərlə tamamlamaq istəyirəm. Soruşuldu ki, Prezident kimi Sizə şər-böhtan atanlarla mübarizə aparırsınız? Cavab: Əlbəttə. Sual: Necə? Cavab: Biz onlara öz işimizlə cavab veririk və bu cür şər-böhtana cavab verməyə vaxtımız da yoxdur. Yetərincə layiqli cavab.

– Vüsalə Ağabəyli işdən yox, vəzifədən çıxarılıb. Niyə məhz israrla dekan olmaq istəyir?

– Yəqin bilməmiş olmazsınız ki, mən 17 il dekan işləmişəm və bəlkə də bu sahədə rekord hesab edilə bilər. Əgər məni 2014-cü ildə Təhsil Nazirliyinə işə dəvət etməsəydilər bu rekord daha da çox olardı. Çünki dekan kimi mənim vaxtım 2017-ci ilin martında qurtarırdı və dekan işləməyin də nə olduğunu çox gözəl bilirəm. Bu nədir – gündəlik əsəb, gündəlik yerli-yersiz iradlar, hətta bəzən qarayaxmalar, hücumlar, şübhələr və s. Dekan administrativ işidir, səmimi deyirəm, mənə yenə dekanlıq təklif olunsa, birmənalı olaraq rədd cavabı verərdim. Niyə, ona görə ki, bu iş insanı gündəlik normal həyatından ayırır, mütəxəssisi gündən-günə öz sahəsindən uzaqlaşdırır (mən dekanlıq işinə özünü həsr edənlərdən danışıram, baş girləyənlərdən yox), lap bir az da dərinə getsək, insanın akademik mühitini zəhərləyir. Mənimlə razılaşmaya bilərsiniz bu fikirlərdə, amma mən bu həyatı yaşamış birisi kimi dedim bunları. “Niyə dekan olmaq istəyir?” sualına cavab vermək çətindir, görünür, bu işin dərinliyini, çətinliyini, məsuliyyətini və bir də dövrü hələ tam anlamayıb ki, bu fikirdədir. Sizə özümdən bir misal da deyim. Mən bir neçə ay rektor vəzifəsini icra etdim. Nə dərəcədə səmiyyətimə inanacaqsınız, deyə bilmərəm, bir neçə ay mənə kifayət etdi ki, bu işin insanı necə rahatsız etdiyini anlayım və bir də o hissləri yaşamağı özümə arzulamazdım. Çünki hər şeyin ləzzəti qaçdığı kimi vəzifənin də ləzzəti qaçdı. Razılaşmaya bilərsiniz, amma mən sizə içimdə keçirdiyim səmimi hissləri dedim. Ola bilər, kimin üçünsə vəzifə şan-şöhrət, rahat həyat olsun, mənim üçün isə bu həmişə həddindən çox məsuliyyət, əzablı anlar deməkdir. Vəzifə həm də etibar, sınaq deməkdir. Hamı da bu sınaqdan problemsiz çıxa bilmir.

Əgər rəhbər şəxsi tabeçiliyində olan insanın işi qane etmirsə, onunla işləmək qərarını rəhbər şəxs özü verir. Bəlkə də başqası üçün Vüsalə Ağabəylinin iş keyfiyyətləri qəbul olunan ola bilər. Amma Kamal Abdulla üçün yox. Bu yaxınlarda verdiyi müsahibələrinin birində, Kamal müəllim ona verilən “Siz Vüsalə Ağabəyli ilə niyə işləmək istəmirsiniz?” sualına cavabında deyir ki, onun iş prinsipi ilə mənim iş prinsipim üst-üstə düşmür. Mən iş, işgüzarlıq, elm, insanlıq barəsində tamamilə başqa təsəvvürlərə malikəm. Bu gün ADU-nun mənəvi elmi iqlimi yüksək səviyyədədir. Yəni, hər halda əvvəlkindən yüksək səviyyədədir.

Burada Kamal müəllimin yazılarından birində belə bir ifadə işlətdiyi yadıma düşür. Soruşurlar ki, filankəs yazıçıdır, o isə deyir ki, hə, yazıçıdır, ancaq mənim yazıçım deyil. İndi Vüsalə Ağabəyli ola bilər ki, özünü dekan kimi görsün, amma Kamal Abdullanın dekanı kimi yox.

– Vüsalə Ağabəylinin dekan vəzifəsindən azad olmağı ilə bağlı prorektor kimi sizin də təqdimatınız olub. Bunu necə şərh edərdiniz?

– Bəli. Təhsil sahəsində işləyənlər yaxşı bilir ki, hər bir prorektorun vəzifə səlahiyyətləri var və bu səlahiyyətlər də aidiyyəti qurumlar tərəfindən müəyyən edilir. Tədris işlər üzrə prorektorun da səlahiyətləri universitetdə tədrisə nəzarəti tam həyata keçirmək və ona rəhbərlik etməkdir. Tədrisin həyata keçirilməsi universitetdə iki strukturda yerinə yetirilir. Bunlardan biri kafedradırsa, o birisi dekanlıqdır. Kafedra tədrisin məzmun tərəfini, dekanlıq isə tədrisin administrativ tərəfini həyata keçirir. Əgər bu tərəflərdən hər hansı birindəsə işlər yaxşı getmirsə, Tədris işləri üzrə prorektor öz vəzifə səlahiyyətərindən çıxış edərək universitet Elmi Şurası qarşısında məsələ qaldıra bilər. İstər kafedra müdiri olsun, istərsə də dekan. Mən də bu səlahiyyətim daxilində hərəkət edərək, Filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəylinin vəzifədən vaxtından əvvəl geri çağrılması haqqında təqdimat yazaraq vəsadət qaldırmışam. Bu olub yanvar ayında. Amma görünür, məndən fərqli olaraq, rektor imtahan sessiyası olduğunu nəzərə alaraq, məsələni çox da gündəmdə saxlamamağa qərar verdi. Əlbəttə, bu da onun idarəetmə təcrübəsinin daha zəngin olmağından irəli gəlir. Amma sonradan bu məsələ öz hüquqi həllini tapdı və Vüsalə Ağabəyli öz vəzifəsindən azad olundu.

– Vüsalə Ağabəylinin dekan vəzifəsindən uzaqlaşdırılmasının səbəbləri vəzifə səlahiyyətlərindən sui-istifadə, açıq dərsin keçirilməsi normalarının pozulması, tələbələrin müraciətlərinə laqeyd münasibət və s.-dir. Bütün bunları onun qəbul etməməyi üçün əsası varmı?

– Tədris elə bir sahədir ki, istənilən ən xırda bir nöqsan həmin saat diqqəti çəkir. Ona görə ki, bu birbaşa obyektlə bağlıdır, yəni tələbə ilə. Tələbə də həmişə universitet üçün məqsəd olmalıdır. Niyə? Çünki universitet tələbəsiz olmur. Onlar da həmişə hər şeyi görür, təhlil edir, hətta bəzən həddindən çox tələbkarlıq edir. Onu razı salmaq hər bir universitet əməkdaşının birinci vəzifəsidir, bu iş isə dekanın birbaşa ən əsas vəzifə borcudur. Vüsalə Ağabəylinin dekan kimi işi haqqında olan sənədlərdə onun hansı nöqsanlara yol verdiyi faktlarla sübuta yetirilir və yəqin ki məhkəmə prosesində də həmin sənədlər təqdim olunur. Onun vəzifədən uzaqlaşdırılması səbəblərini qəbul etməməsi şəxsi fikridir. Amma əlahəzrət faktın qarşısında hamımız tərksilahıq.

– Vüsalə Ağabəyli müəllim kimi işini davam etdirir. İşə davamiyyət normalarını pozduğu üçün maaşı tutulub. Kart sisteminin üstünlüyü haqqında nə deyə bilərsiniz?

– Universitetdaxili nizam-intizam qaydaları hamı üçün məcburidir. Bu, müzakirə obyekti olmaz, buna əməl olunar. Bir halda ki belə bir qərar var, deməli, kimliyindən asılı olmayaraq, hamı ona tabedir. Universitetlər daxili nizam-intizam qaydlarına necə əməl olunmağını yoxlamaq üçün müxtəlif formalardan istifadə edirlər. Bizim də universitetdə bu sistem hələ Kamal müəllim rektor təyin olunmamışdan qabaq tətbiq olunmağa başlanılmışdı, amma tam olaraq onun tələblərinə əməl olunmurdu. İndi kart sistemi necə olmalıdır, o cür də tətbir olunur. Maaşlar da ona müvafiq hesablanır. Məncə, bu sistemin tətbiqi universitetdə nizam-intizamın tam bərpası üçün öz sözünü artıq deyib. Onu daha da təkmilləşdirmək istiqamətində universitet rəhbərliyi müvafiq şirkətlərlə yeni danışıqlar da aparır və tezliklə bu iş başa çatdırılacaq.

– Pərvin Mürsəlova, Vüsalə Ağabəyli və Elmira Baxşəliyeva məhkəmələri uduzublar. Amma Azərbaycan qanunlarına yenə hörmətsizlik edirlər, bu dəfə hakimlərə də böhtan atırlar. Bu da hüquqi məsuliyyət deməkdir. Bu haqda nə deyə bilərsiniz?

– Bilirsən, Peyğmbərimizin bir sözü yadıma düşür. Yazır ki, ədalət gözəldir, lakin əmirlərdə olsa, daha da gözəldir. (Hz.Muhəmməd s.ə.v. ) Hakim qərarı heç zaman heç nədən verə bilməz, hakimin qərar verməsi müəyyən dəlillərə, sübutlara əsaslanır. Hakim həm də bilir istənilən səhv qərar onun vəzifəsini itirməyə bərabərdir. Azərbaycan hüquqi bir dövlətdir, onun hüquq-məhkəmə sistemi də qanunlara əsaslanır. Ümumiyyətlə, inkarçılıq, imtina özü də yaxşı hal kimi qəbul olunmur. Həqiqətin də bir adı var ki bu da məhkəmədə üzə çıxar. Səhv etmirəmsə, Lütfü Zadənin fikridir. O yazır ki, kim əlinə çəkic götürübsə, mütləq hər şeyi mismar görəcək. Hər şeyə şər-böhtan prizmasından baxsan, lap ən fundamental şəkildə onu təqdim etmək istəsən də cəmiyyətdə qəbul olunmayacaq. Çünki cəmiyyətin onlardan imtina etmək niyyəti yoxdur. İkinci bir tərəfdən də bu tam huquqi məsuliyyətdir, o cür məsuliyyətin altına girmək və onu hiss eləməməyin özündə bir cahillik var. Unutmayaq ki, hakim – danışan qanun, qanun isə – lal hakimdir. Ona görə hesab edirəm ki, hakimi qərar verməyə aparan yol onun arxalandığı Azərbaycan qanunlarıdır və ona da hörmət etmək kimliyindən asılı olmayaraq hər kəsin vətəndaşlıq borcudur.

Son olaraq onu əlavə etmək istərdim ki, insan riyazi dillə desək, kəsrə bənzəyir; Surət onun həqiqətdə necə olması, Məxrəc isə onun özü barədə nə düşünməsidir.Yaddan çıxarmaq lazım deyil ki, Məxrəc böyüdükcə kəsr də kiçilir. Bax belə!

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı