Ağdaşda X “Kitab bayramı” təşkil edilib

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Ağdaş rayonunda növbəti “Kitab bayramı” təşkil edilib.

Heydər Əliyev parkında keçirilən X “Kitab bayramı”nda rayon icra hakimiyyətinin nümayəndələri, Ağdaş, Göyçay, Zərdab və Ucar rayonlarının mədəniyyət işçiləri iştirak ediblər. Rayon icra hakimiyyəti başçısının müavini Aynur Novruzova, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Tahir Əliyev, rayon mərkəzi kitabxana sisteminin direktoru Seyfəddin Feyzullayev ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə kitabxanaçılığın inkişaf etdirildiyini, kitab fondunun latın qrafikası ilə çap olunmuş ədəbiyyatlarla zənginləşdirildiyini, kitabxanaların maddi-texniki bazasının yaxşılaşdırıldığını qeyd ediblər.

“Kitab bayramı”nda “Heydər Əliyev-95”, “Zərifə Əliyeva-95”, “Ölkəsinin və zəmanəsinin lideri”, “Azərbaycanın Birinci vitse-prezidenti”, “2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti ilidir”, “Yeniləşən Ağdaşım”, “Ağdaşlı yazarlar”, “2018-ci ilin yubilyarları”, “Nəsimi poeziyası”, “Gözlə bizi, Qarabağ”, “Kənd təsərrüfatının inkişafı”, Ağdaşın zəngin tarixini əks etdirən “Diyarşünaslıq guşəsi”, “Turizm guşəsi”, “Elektron kitabxana”, “Kitab abidələri”, “İslam gözəl əxlaqdır”, “Azərbaycan kinosu-120” , “Azərbaycan Milli Ordusu-100”, “Aprel döyüşləri” adlı sərgi, panno və fotostendlər nümayiş olunub. Bu sərgilər mərkəzi rayon kitabxanası və onun filialları tərəfindən təşkil edilib.

Tədbirdə Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin birinci turunun qalibi Əfsanə Dostuyevaya və müsabiqədə fəal iştirak edən Gülnur Abdullayevaya Ağdaş Regional Mədəniyyət İdarəsinin fəxri fərmanları təqdim edilib.

Bayram tədbirində məktəblilər kitaba aid şeirlər söyləyib, dahi şəxslərin kitab haqqında maraqlı fikirlərini səsləndiriblər. Şagirdlər Vətənə, ulu öndər Heydər Əliyevə, Azərbaycan Xalq Cümhuriyyətinə, doğma Ağdaşa həsr olunan kompozisiyalar nümayiş etdirib, mahnılar oxuyublar.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here