AHİK-də Cumhuriyyətin 100 illiyi qeyd edilib

2018-ci il mayın 24-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyi ilə əlaqədar geniş iclas keçirilib. Tədbirdə AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev geniş məruzə ilə çıxış edib.

O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti ən çətin mərhələdə belə demokratik ideallardan geri çəkilməyib, hər bir vətəndaşın hüquq və azadlıqlarının təmini istiqamətində qətiyyətli addımlar atıb. Belə bir dövlətin məhz Azərbaycanda elan edilməsi, yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin formalaşmasına təkan verən islahatların bu məkanda gerçəkləşməsi xalqımızın zəngin dövlətçilik ənənələrinə malik olduğunu bir daha təsdiq edir. Hazırda isə Azərbaycan dünya miqyasında nüfuzlu dövlət kimi tanınır. Bu müsbət imicin formalaşmasının kökündə uzun illər həyata keçirilən uğurlu daxili və xarici siyasət dayanır. Ulu Öndər Heydər Əliyevin banisi olduğu, Prezident İlham Əliyevin tarixin ən qüdrətli dövrünü yaşatdığı müstəqil Azərbaycanın nailiyyətləri cümhuriyyətçilik prinsiplərinin təntənəsidir.

S.Möhbalıyev bildirib ki, ölkəmizin çoxəsrlik dövlətçilik təcrübəsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır. Cəmi iki ilə yaxın yaşamış AXC dövlət quruculuğu sahəsində tariximizdə silinməz izlər buraxıb, xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyil.

Bu il AXC-nin qurulmasının 100 illik yubileyi tamam olur. Bu böyük tarixi hadisəni daha da möhtəşəm edən Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli sərəncamı və dövlət başçısının 2018-ci ili Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi oldu. Sözsüz ki, bu çoxəsrlik dövlətçilik tariximizin təbliğində mühüm rol oynamaqla yanaşı, demokratik respublikanın əhəmiyyətini bir daha ortaya qoydu. Dövlətçilik tariximizə etibarın bariz nümunəsi olaraq göstərildi. Böyükdən kiçiyə hər kəs bu sərəncamları ölkə başçısının milli dövlətçilik tariximizə xüsusi diqqəti kimi dəyərləndirir.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyətinin uca tutulması və dünyaya təbliği istiqamətində mühüm işlər görülüb. Ulu Öndər Heydər Əliyev AXC-nin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırıb, ilk respublika dövründə həyata keçirilən müstəqil dövlətçiliyimizin əsaslarının yaradılmasının və gələcək inkişaf yolunun müəyyənləşdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Prezident İlham Əliyev AXC-nin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi dəyərləndirib, müsəlman Şərqində ilk parlament respublikası kimi xalqımızın qədim dövlətçilik ənənələrini yaratdığını, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olduğunu qeyd edib. Belə təsisatlardan biri hələ XX əsrin əvvəllərində Azərbaycan fəhlələrinin uğrunda mübarizə apardıqları həmkarlar ittifaqı birlikləri idi. Azərbaycanın tarixi taleyinin həll olunması yolunda ayağa qalxıb öz dövlətini qurmaq istəyənlər arasında fəhlələrin də rolu vardı. Artıq oxşar istehsal sahələri fəhlələrinin həmkarlar ittifaqı təşkilatları birləşərək üzvlərinin sayını 80 min nəfərə çatdırmışdı. AXC yaranan gündən vətəndaşlara demokratik haqq və özgürlüklərin təminatına görə dövrünün bir çox ölkələrini geridə qoyurdu.

Bu gün Azərbaycanda hakimiyyət və həmkarlar ittifaqı təşkilatları əsl tərəfdaşa çevriliblər. Çünki dövlətimizin də, həmkarlar ittifaqlarının da təməlində Azərbaycan vətəndaşı və onun rifahı, hüquqlarının təmin edilməsi dayanır.

S.Möhbalıyev çıxışında vurğulayıb ki, ümumilikdə ilk milli hökumətin fəaliyyəti dövründə xalqımızın milli mənlik şüuru özünə qaytarıldı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya numayiş etdirdi. 1920-ci ilin yanvar ayının 11-də Paris Sülh Konfransında müttəfiq dövlətlər birliyi tərəfindən Azərbaycanın müstəqilliyi tanındı. Fransada, İranda, Dağıstanda, Gürcüstanda və başqa ölkələrdə respublikanın siyasi nümayəndəlikləri artıq fəaliyyət göstərirdi. Azərbaycan Xalq Cümhuriyyətinin sülhsevər xarici siyasətinə baxmayaraq, onu münaqişələrə çəkmək istəyənlər də vardı. Həmin dövrdə əksər ölkələrdə gedən mürəkkəb proseslər fonunda belə bir tarixi nailiyyətə imza atmaq kifayət qədər cəsarətli bir addım idi. Lakin xalqımız özünün müstəqil dövlətini elan etməklə nə qədər zəngin keçmişə, böyük dəyərlərə malik olduğunu təsdiqləmiş, öz üzərinə götürdüyü çətin tarixi vəzifəni, imkanları son həddə çatanadək, şərəflə yerinə yetirmiş, kiçik zamanda böyük işlər həyata keçirmişdi.

Parlamentdə əhalinin konkret təbəqələrinin maddi-sosial müdafiəsini gücləndirmək məqsədilə bir sıra qanunlar qəbul edib. 1919-cu ildə “Dəmir yolu qulluqçularının vəziyyətini yaxşılaşdırmaq haqqında”, “Əmək nazirliyi yanında fəhlə məsələləri üzrə Xüsusi Müşavirənin təsis edilməsi haqqında” və b. qanunlar qəbul edib. Həmin Xüsusi Müşavirənin tərkibinə daxil edilənlərdən biri də Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi, Cümhuriyyətin müstəqilliyi naminə çalışan müsəlman fəhlələrin təmsilçisi Cavad bəy Məlikyeqanov idi. 1903-cü ildən Bakının neft mədənlərində işləyən, inqilabi hərəkatda fəal iştirak edən, çar hakimiyyətinə qarşı mübarizə aparan C.Məlikyeqanov AXC dövründə Türk Fəhlə Konfransının təşkilatçılarından biri olub, Mərkəzi Həmkarlar İttifaqının sədri vəzifəsində çalışıb. Həmişə çıxışlarında sadə zəhmətkeş xalqın həyat və güzəranı ilə bağlı vəziyyəti sərt tənqid edib, fəhlələrin müstəqil Cümhuriyyətin qurulmasında və ərazi bütövlüyünün təmin olunmasındakı xidmətlərini yüksək qiymətləndirib.

XX əsrin əvvəllərində dövlət müstəqilliyi yolunda ilk dəfə böyük addım atmış xalqımız XX əsrin sonlarında yenidən milli azadlığa, dövlət müstəqilliyinə tam nail olub, Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisi olduğunu sübut edib.

Şərqdə ilk demokratik Cümhuriyyəti qurmaqla azərbaycanlılar böyük, istedadlı və azad xalq olduqlarını, dünyanın ən mütərəqqi ənənələrini öz həyatında təcəssüm etdirdiyini bir daha bütün dünyaya göstəriblər.

Daha sonra tədbir iştirakçıları tarix elmləri doktoru Vəkil Həsənovun AXC-nin yaranma tarixi haqqında çıxışını dinləyiblər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here