Aİİ-də yazarlarla görüş keçirilib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığlı ilə 29 aprel 2019-cu il tarixdə Şərif Ağayar və Mirmehdi Ağaoğlu ilə görüş təşkil edib.

Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, İnstitutun müxtəlif mövzularda təşkil etdiyi “dəyirmi masa”lar, seminarlar, treninqlər və ənənə halını almış görüşlər tələbələrin intellektual səviyyəsinin artırılmasında, elmi axtarışlara sövq edilməsində, biliklərinin zənginləşdirilməsində əhəmiyyətli rol oynayır. Aİİ-də ötən dövr ərzində maarifləndirmə istiqamətində xeyli iş görüldüyünü qeyd edən İ.Əlimuradov görüşün mahiyyətindən bəhs edib və gənclərin inkişafında mütaliənin, yazarlarla ünsiyyətin önəmini diqqətə çatdırıb.

Yazıçı Şərif Ağayar ali təhsil müəssisəsində belə tədbirlərin keçirilməsinin təqdirəlayiq olduğunu bildirib. O qeyd edib ki, tələbələrin müasir yazıçıları həvəslə oxuması, onların əsərlərini müzakirəyə çıxarması bəyənilən haldır. Görüş iştirakçılarına ədəbi yaradıcılığından ətraflı bəhs edən yazıçı kitablarla ünsiyyətdə olarkən rahatlıq tapdığını bildirib. Ş.Ağayar kitabların insan həyatında xüsusi önəmə malik olduğunu qeyd edərək bildirib ki, bədənimizi qidalandırdığımız kimi, ruhumuzu da kitablarla bəsləməliyik.

Mirmehdi Ağaoğlu çıxış nitqində Azərbaycan ədəbiyyatının araşdırılmasından, tələbələrin müasir yazarlara marağından bəhs edib. Cəmiyyəti dəyişdirən, müəyyən ictimai fikir formalaşdıran bu sahənin ciddi peşə olduğunu qeyd edən gənc yazar yaradıcılığı haqqında görüş iştirakçılarını məlumatlandırıb.

M.Ağaoğlu kitablarla ardıcıl ünsiyyətdə olmağı tələbələrə tövsiyə edərək, gənclərin intellektual səviyyəsinin inkişafında mütaliənin xüsusi rol oynadığını nəzərə çatdırıb.

Tədbirdə nəsr yaradıcılığı, ədəbi mühitdəki mövcud problemlər və perspektivlər haqqında ətraflı məlumat verilib.

Görüş mövzu ətrafınfa müzakirələrlə davam edib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here