Aİİ-nin növbəti seminarı: “Mədəniyyətin müxtəlifliyindən yaranan nisbilik problemi”

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Mədəniyyətin müxtəlifliyindən yaranan nisbilik problemi” mövzusunda növbəti seminarını keçirib.
Seminarı Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov açaraq bildirib ki, tələbələrin dünyagörüşünün zənginləşməsi, elmi axtarışlara sövq edilməsində Aİİ-nin müxtəlif mövzularda təşkil etdiyi seminarların xüsusi əhəmiyyəti var.
İ. Əlimuradov mövzunun aktuallığına toxunaraq, bəşəri dəyərlərə özünəməxsus ehtiramla yanaşan Azərbaycan əxlaq sisteminin üstün cəhətlərindən, mədəni təsirlərindən söz açıb.
Sonra Xəzər Universitetinin müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub “Mədəniyyətin müxtəlifliyindən yaranan nisbilik problemi” mövzusunda məruzə ilə çıxış edib. M. Yaqub mövzunun əxlaq fəlsəfəsində geniş müzakirə olunduğunu bildirib. Nisbilik məsələsinə toxunan məruzəçi qeyd edib ki, müxtəlif mədəniyyətlərə fərqli əxlaq yanaşmaları varsa, demək, ümumbəşəri-cahanşümul əxlaq qanunları mövcud deyil.
Əxlaq filosoflarının, əsasən, bu görüşü məqbul saymadıqlarını nəzərə çatdıran M. Yaqub bunun səbəbini belə izah edib: “Əxlaqda nisbiliyi qəbul etsək, dünyada baş verən haqsızlıqlara, əxlaqa-insanlığa zidd hərəkətlərə etiraz edə bilmərik. Səbəb aydındır, əgər müxtəlif mədəniyyətlərin əxlaqa tam fərqli baxışları varsa, biz öz meyarlarımızla həmin ölkələrdəki qeyri-əxlaqı hərəkətləri tənqid edə bilmərik”.
Məruzədə Azərbaycan əxlaq sisteminin ümumbəşəri olduğu vurğulanıb: “Biz cahanşümul əxlaq normalarını təsdiq edirik. Əgər mədəniyyətlərin nisbiliyini qəbul etsək və düşünsək ki, mədəniyyətlərin müxtəlifliyi əsasında əxlaqda nisbilik hakimdir, onda başqa bir problem yaranır, maarifçilik məfhumu öz dəyərini itirir. Maarifçilik islahatçılıq deməkdir, maarifçilik o zaman baş verir ki, biz əxlaqı nisbi bilməyək və ümumbəşəri əxlaq normalarına inanaq”.
Tədbir mövzu ətrafında müzakirələrlə başa çatıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here