Aİİ-nin tələbələri isveçrəli alim ilə görüşüb

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Dinlərin akademik tədqiqi: fənlərin müqayisəli təhlili” mövzusunda seminar keçirilib. Aİİ-nin prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov tədbir iştirakçılarını salamlayaraq, İnstitutda ənənə halını almış müxtəlif mövzularda keçirilən seminarların, “dəyirmi masa”ların maarifləndirmə məqsədi daşıdığını və bu görüşlərin cəmiyyətdə maraqla qarşılandığını bildirib. A.Şirinov isveçrəli alimi tədbir iştirakçılarına təqdim etdikdən sonra, dinin akademik tədqiqinin həm Şərqdə, həm də Qərbdə hər zaman aktual olduğunu bildirib.

İsveçrənin Friburq Universitetinin İctimai elmlər və dinlərin tədqiqi şöbəsinin Baş müəllimi, dosent Ansqar Jodik “Dinlərin akademik tədqiqi: fənlərin müqayisəli təhlili” mövzusunda məruzə ilə çıxış edib. Aİİ-nin bölgədə dinlərin tədqiqinə böyük töhfələr verəcəyinə əminliyini ifadə edən alim Qafqazda belə bir İnstitutun yaradılmasının xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. A.Jodik məruzəsində dini tədqiqatlar haqqında dolğun məlumat verərək, sözügedən sahənin müxtəlif dillərdə fərqli formalarda adlandırıldığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Dinlərin müqayisəli təhlilindən danışan alim bu tədqiqatlara hansı baxış bucağından nəzər yetirildiyinin əhəmiyyətini bildirərək, o cümlədən bu faktora yanaşma yollarından da bəhs edib. O bildirib ki, XIX-XX əsrlərdə dinlər akademik formada araşdırılırdı və bu tədqiqatların müsbət və mənfi tərəfləri var idi.

A.Jodik XIX-XX əsrlərdə yaşamış bir çox tanınmış alimlərin tədqiqatları haqqında danışdıqdan sonra, həmin dövrdə nəşr olunan müqayisəli dinlər barədə kitabçaların nəşr edildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Alim dinin fəlsəfəsi, sosiologiyası, psixologiyası, fenomenologiyası və antropologiyası haqqında bilgilər ilə seminar iştirakçılarını məlumatlandırıb.

Seminar mövzu ətrafında müzakirələrlə davam etdirilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here