Aİİ rektoru beynəlxalq konfransda çıxış edib

Tatarıstan Respublikası  Bolqar İslam Akademiyasının 19-20 fevral 2019-cu il tarixdə  “Müasir tədris sistemində islamşünaslıq və islam teologiyası: problemlər və perspektivlər” mövzusunda təşkil etdiyi beynəlxalq elmi-praktik konfransda Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) da təmsil olunub.

Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov konfransda  “Azərbaycanın din təhsili sahəsində təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib,  Aİİ-nin fəaliyyəti barədə məlumat verib.

C.Məmmədov müstəqil Azərbaycanda dövlət-din münasibətlərindən söz açaraq, ümummilli lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra, sözügedən sahəyə diqqət və qayğının artırılmasından bəhs edib. C.Məmmədov qeyd edib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hazırda bu nəcib missiyanı böyük uzaqgörənliklə və uğurla davam etdirir: “Azərbaycan İlahiyyat İnstitutu da məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində yaradılıb”.

İnstitut rəhbəri ölkəmizdə din təhsilinin tarixindən, Aİİ-nin fəaliyyətinin təşkili istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən ətraflı bəhs edib. C.Məmmədov bildirib  ki, bu istiqamətdə Türkiyə, Rusiya, Orta Asiya respublikalarının, Avropa və ərəb ölkələrinin, həmçinin Amerika Birləşmiş Ştatlarının təcrübəsi öyrənilir, bütün bunlarla yanaşı gələcəkdə İnstitutda elmi tədqiqat mərkəzlərinin, rus, ingilis və ərəbdilli qrupların yaradılması, yəhudilik və xristianlıq üzrə mütəxəssislərin hazırlanması da nəzərdə tutulur.

Tədbirdə Rusiyanın və digər ölkələrin dövlət və din tədrisi müəssisələrinin, icra hakimiyyəti federal orqanlarının, dini konfessiyaların nümayəndələri, YUNESKO kafedrasının rəhbərləri, həmçinin Rusiyada Təhsil, İncəsənət və Mədəniyyət Məsələləri üzrə İslam Təşkilatının (İSESKO) nümayəndələri iştirak ediblər.

Konfransda milli-mədəni ənənələr, mədəniyyətlərarası və dinlərarası qarşılıqlı anlayışın qorunması və inkişafı məqsədilə dini və dünyəvi tədrisin inteqrasiyası, həmçinin digər mövzular müzakirə olunub. 

Aİİ rektoru C.Məmmədov səfər zamanı keçmiş sovet respublikalarının, o cümlədən Rusiya, Qazaxıstan və Özbəkistanın ali dini təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı səfərlər və təcrübə mübadiləsi barədə müzakirələr aparıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here