Akademik Teymur Bünyadov “Azərbaycan xalça sənəti”ndən danışdı

Bu gün Azərbaycan Xalça Muzeyində muzeyin inkişafı və kolleksiyalarının tədqiqində əməyi olmuş tarixçi-etnoqraf alim, əməkdar elm xadimi, “Şərəf” ordenli akademik Teymur Bünyadovun “Azərbaycan xalça sənəti” adlı mühazirəsi təşkil olundu.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova bildirdi ki, muzey bu ildən etibarən muzeyin yaradılması, inkişafı və kolleksiyalarının tədqiqində əməyi olmuş alimlərə həsr olunmuş silsilə mühazirələr keçirir. O, belə şəxsiyyətlərdən birinin dəyərli ziyalı, akademik Teymur Bünyadov olduğunu deyərək, görkəmli alimin Azərbaycan Xalça Muzeyi ilə bağlı fəaliyyətindən bəhs etdi. “Teymur Bünyadov uzun müddət muzeyin fond satınalma komissiyasının üzvü, eləcə də 1992-ci ildən muzeyin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ekspert komissiyasının üzvü olmuşdur. Muzeyin kolleksiyalarının zənginləşdirilməsi məqsədilə təşkil olunmuş elmi ekspedisiyalarda da fəal iştirak etmiş, kolleksiyalar haqqında tarixi-etnoqrafik, bədii sənətkarlıq məlumatların əldə edilməsində böyük əməyi olmuşdur” – deyə Şirin Məlikova qeyd etdi.O, bildirdi ki,Teymur Bünyadov “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun hazırlanmasının təşəbbüskarıdır. Ümumilikdə 30-dan artıq kitabın, 1000-ə yaxın məqalənin müəllifi olan akademik Azərbaycan etnoqrafiya elminin yaradıcılarından olmaqla barabər, həm də bu elmin daxilində “tarixi etnoqrafiya məktəbi”nin əsasını qoyub.

Teymur Bünyadovun çoxillik elmi, bədii və publisistik yaradıcılığından da söz açan Şirin Məlikova onun hər zaman Azərbaycanın müstəqilliyini, dövlətçiliyini uca tutan ictimai-siyasi xadim olduğunu bildirdi. Görkəmli alim elmi, pedaqoji və ictimai-siyasi xidmətlərinə görə, 2005-ci ildə “Şöhrət” ordeni, 2008-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Bu il yanvar ayının 18-də Prezident İlham Əliyev Teymur Bünyadovun 90 illik yubileyi ərəfəsində Azərbaycanda etnoqrafiya elminin inkişafında böyük xidmətlərinə görə onun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Şirin Məlikova Xalça Muzeyinin adından dəyərli alimi bu münasibətlə bir daha təbrik etdi.

Akademik Teymur Bünyadov çıxış edərək mühazirənin təşkilinə görə muzeyin rəhbərliyinə təşəkkürünü bildirdi. Sonra o, “Azərbaycan xalça sənəti” mövzusunda məruzə ilə çıxış etdi. Azərbaycan xalça sənətinin tarixindən, inkişafından danışan görkəmli akademik Azərbaycan Xalça Muzeyinin bu qədim el sənətini, xalqımızın maddi-mənəvi, mədəni sərvətini özündə yaşadan xalça nümunələrini qoruyaraq yaşatdığını, Azərbaycan xalçalarını təbliğ etməklə, xalqımızın mədəniyyəti və incəsənətinə dəyər vermək hisslərini aşıladığını bildirdi.

Sonda akademik Teymur Bünyadova Azərbaycan Xalça Muzeyi adından təşəkkür diplomu və hədiyyə təqdim olundu.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here