Akif Əlizadə AMEA-nın prezidenti seçilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında qurumun prezidenti vəzifəsinə seçki keçirilib. Akif Əlizadə növbəti dəfə qurumun prezidenti seçilib.

Gizli səsvermədən sonra nəticələr elan olunub. Hesablayıcı Komissiyanın sədri Urxan Ələkbərov bildirib ki, gizli səsvermədə 66 nəfər iştirak edib və 66 səs lehinə olub.

Səsvermədən sonra çıxış edən Akif Əlizadə Səsvermədə iştirak edənlərə təşəkkürünü bildirib: “Bundan sonra da var gücümlə elmin inkişafı naminə əməyimi əsirgəməyəcəm”.

Qeyd edək ki, Akif Əlizadə 25 fevral 1934-cü ildə tanınmış Azərbaycan həkimləri Ağamehdi və Əfşan xanım Əlizadələr ailəsində anadan olub. 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutuna işə qəbul edilib. 35 yaşında doktorluq dissertasiyasını müdafiə etmiş Akif Əlizadə SSRİ-də ən gənc yüksək ixtisaslı mütəxəssislərdən biri olub.

A.Əlizadə 1960-cı ildən Ümumittifaq Paleontoloji Cəmiyyətin üzvü, Qafqaz Regional Stratiqrafik Komissiyanın sədri, SSRİ EA Biosfera Problemləri üzrə Elmi Şuranın üzvü olub. Onun orijinal tədqiqatlarının nəticələri yüksək qiymətləndirilib, onların çox hissəsi dərslik və dərs vəsaitlərinə daxil edilib. Elm aləmi Azərbaycan aliminin xidmətlərinə yüksək qiymət verib, belemnitlərin yeni ailəsi (“Akifibelidlər”) onun adı ilə adlandırılıb.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here