Almaniyanın səfiri tələbə və müəllim heyəti ilə görüşüb

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab və Höte-İnstitutunun Gürcüstana təyin olunmuş dil şöbəsinin rəhbəri Saşa Fabri Alman dili tədrisi mərkəzinin tələbə və müəllim heyəti ilə görüşüblər. Görüş zamanı Azərbaycanda alman dilinin inkişafına dair fikir mübadiləsi aparılıb.

Görüşdə Alman dili tədrisi mərkəzinin direktoru Zəhra Alıyeva həm Almaniya səfirliyi, həm də Gürcüstanda Höte-İnstitutu ilə əməkdaşlığa ehtiyac duyulduğunu bildirib. O qeyd edib ki, Təhsil Nazirliyi ilə əməkdaşlığın gələcəkdə Azərbaycanda alman dilinin tədrisinə təkan verəcəyinə ümidvardır.

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab bu cür mərkəzin fəaliyyətinin vacib olduğunu vurğulayıb, çoxlu sayda gənc azərbaycanlının alman dilinə maraq göstərəcəyini təqdirəlayiq hal kimi qiymətləndirib: “Azərbaycan məktəblərində alman dilinin tədrisini artırmaq üçün bütün tərəflər səy göstərməlidir. Bu mərkəzdə tədris alan tələbələr gələcəkdə Almaniya Universityetlərində təhsil ala biləcəklər.”

Höte-İnstitutunun Gürcüstana təyin olunmuş dil şöbəsinin rəhbəri Saşa Fabri isə dilin mədəniyyətlərarası ünsiyyətdə vacib vasitə olduğunu söyləyib. O, təmsil etdiyi qurumun Azərbaycanda Alman dili tədrisi mərkəzi kimi vacib tərəfdaşa malik olmasından məmnunluğunu ifadə edib.

Alman dili tədrisi mərkəzini Höte-İnstitutununu Azərbaycan respublikasında yeganə tərəfdaşı olaraq 2009-cu ildən alman dilinin tədrisi ilə məşğuldur. Mərkəzdə uşaqlar və böyüklər üçün dil kursları, büynəlxalq sertifikat imtahanları və müxtəlif marifləndirici tədbirlər keçirilir.