Altay Həsənov: “Fərid Qayıbovun UEG-nin prezidenti seçilməsi Azərbaycanın ictimai həyatında böyük hadisədir”

Bu gün Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilməsi ilə bağlı mətbuat konfransı keçirilib. Milli Olimpiya Komitəsində (MOK) təşkil edilən konfransda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və AGF-nin vitse-prezidenti Altay Həsənov və UEG-in prezidenti Fərid Qayıbov iştirak ediblər.

Öncə MOK-un vitse-prezidenti Ç.Hüseynzadə F.Qayıbovun UEG-ə prezident seçilməsi haqqında fikirlərini bildirib: “2017-ci il Azərbaycan üçün çox uğurlu olub. Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları baş tutdu, iki idmançımız üçqat dünya çempionu oldu, MOK-un 25 illik yubileyi keçirildi və s. Nəhayət, Fərid Qayıbov UEG-nin prezidenti seçildi. Bu, böyük məsuliyyətdir. İdmanda Avropa böyük önəm kəsb edir. Yay Olimpiya Oyunlarında medalların 50 faizi bu qitədən qazanılır. Bu qitədə federasiya prezidenti olmaq şərəfli və məsuliyyətli işdir. Fərid Qayıbov bu işin öhdəsindən layiqincə gələcək, gimnastikanın inkişafına öz töhfəsini verəcək. Bu, həm də AGF-nin uğurudur. Gimnastikamız bu səviyyəyə çatmasaydı, Fərid Qayıbovu da Avropada tanımayacaqdılar. Bu münasibətlə AGF-nin prezidenti Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm. F.Qayıbova bundan sonrakı fəaliyyətində uğurlar arzulayıram”.

Sonra AGF-nin vitse-prezidenti A.Həsənov F.Qayıbovu təbrik edib və onun bu vəzifənin öhdəsindən yüksək səviyyədə gələcəyini vurğulayıb: “F.Qayıbovun UEG-nin prezidenti seçilməsi Azərbaycanın ictimai həyatında böyük hadisədir. Hamımız çox sevinirik. Xeyli təbrik oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da Fərid Qayıbova öz diqqətlərini göstərdilər. Mehriban Əliyeva AGF-nin prezidenti seçildikdən sonra Azərbaycanda bu idman növündə mühüm dəyişiklilər baş verdi, inkişaf başladı. Nailiyyətlərimiz çoxdur. Biz idman sahəsində yüksək təşkilatçılığa qadirik. Avropa idman ictimaiyyəti F.Qayıbovu seçməklə bunu bir daha isbatladı. O, çox məsuliyyətli insandır. F.Qayıbovun gördüyü işlər hər zaman uğurla nəticələnir. O, UEG-nin baş katibi, vitse-prezidenti vəzifələrində çalışmışdı. Qərara aldıq ki, qurumun prezidentliyinə də onun namizədliyini verək”.

F.Qayıbov ona dəstək olan hər kəsə təşəkkürünü bildirib: “Öncə dövlət başçısı İlham Əliyevə minnətdarlığımı bildirirəm. Bizdə çox yüksək səviyyədə şərait yaradılıb. Milli Gimnastika Arenası dünyada tayı-bərabəri olmayan idman qurğusudur. Bakı gimnastikanın paytaxtlarından biridir. Buna görə də federasiyamızın prezidenti Mehriban Əliyevaya təşəkkür edirəm. 15 ildir onun rəhbərliyi altında böyük nailiyyətlər əldə etmişik. Onun komandasının üzvü kimi UGF-nin prezidenti seçilmişəm. AGF-nin vitse-prezidenti A.Həsənova da mənə düzgün yol göstərdiyi üçün təşəkkür edirəm. Bütün kollektivə, ailə üzvlərimə minnətdaram. Bakıya qayıdandan sonra çoxlu təbriklər almışam. Başa düşdüm ki, ölkəm üçün böyük işlər görmüşəm. Rəqibim olan sloveniyalı funksioner də çox layiqli namizəd idi. Onu qabaqladığım üçün sevincliyəm. Bu vəzifəyə seçilməklə, həm də avtomatik olaraq Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü olmuşam. Artıq qaydalara görə, AGF-nin baş katibi vəzifəsində çalışa bilmərəm. Bununla bağlı ərizə ilə müraciət etmişəm”.

O, həmçinin etimadı doğrultmağa çalışacağını deyib: “Bunun üçün səylə çalışacağam. Bu gün 100-dən çox idmançımız var. Buna çox sevinirik. Rayonlarımızda da gimnastlarımız yetişməkdədir. Yalnız Bakı ilə kifayətlənmirik. UEG-də öz işimi görəcəyəm. Avropa ölkələri mənə səs veriblər. İki ildən bir UEG-nin Konqresi keçirilir. İnanıram ki, iki ildən sonra gördüyüm uğurlu işlərlə onların qarşısına çıxacağam”.

Qeyd edək ki, F.Qayıbov 2008 və 2012-ci illərdə Beynəlxalq Gimnastika Federasiyasının Şurasının (FİG) üzvü, 2013-cü ildə isə UEG-nin vitse-prezidenti seçilib və son dörd il ərzində həmin vəzifəni icra edib. Ötən il AGF-nin İcraiyyə Komitəsinin iclasında F.Qayıbovun UEG-nin prezidentliyinə namizədliyinin irəli sürülməsi haqqında qərar verilib. Daha sonra işçi qrupu yaradılıb və bir il ərzində seçkiqabağı kampaniya aparılıb. 2017-ci il dekabrın 2-də Xorvatiyanın Split şəhərində keçirilən UEG-nin 27-ci hesabat-seçki xarakterli Konqresində F.Qayıbov quruma prezident seçilib. O, növbəti 4 il ərzində fəaliyyətinə 8 gimnastika növü daxil olan UEG-yə rəhbərlik edəcək və avtomatik olaraq FIG-nin İcraiyyə Komitəsinin üzvü olacaq.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here