AMEA Aşqarlar Kimyası İnstitutunda laboratoriyaların illik hesabatları dinlənilib

AMEA Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasında şöbə və laboratoriyalar üzrə ilin yekunlarına həsr olunan elmi və elmi-təşkilati hesabatlar dinlənilib. Öncə İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev iclas iştirakçılarına gündəlikdə duran məsələlər barədə məlumat verib. Bildirib ki, əvvəlki illərdən fərqli olaraq təkcə laboratoriya rəhbərlərinin yox, həm də elmi işçilərin gördükləri işlər haqqında məlumat alınacaq.
Sonra Motor yağlarına çoxfunksiyalı aşqarlar laboratoriyasının baş elmi işçisi k.ü.e.d. Elmira Nağıyeva, aparıcı elmi işçilər – k.ü.f.d. Afayət Məmmədova və k.ü.f.d., dosent Əli Qədirov hesabat məruzələri ilə çıxış ediblər. Natiqlər sürtkü yağlarına müxtəlif funksional təsirə malik aşqarların sintezi və tədqiqi, onların texnologiyalarının işlənib hazırlanması, təkmilləşdirilməsi və istehsalatda tətbiqi istiqamətində hesabat ilində görülən işlər haqqıhda geniş məlumat veriblər. Bundan başqa, sintetik yağlara yüksək temperaturlarda davamlı oksidləşmə inhibitorlarının yaradılması, yeni tip çoxfunksiyalı aşqarların sintez texnologiyaları işlənib hazırlanması, tətbiq üçün tövsiyə olunması istiqamətində yerinə yetrilən işləri sadalayıblar.
Motor yağlarına yuyucu-dispersləşdirici aşqarlar laboratoriyasının müdir əvəzi, k.ü.f.d. İkrəm Güləliyev isə rəhbərlik etdiyi laboratoriya əməkdaşlarının müxtəlif mənşəli alkilaromatik sulfoturşuların qələvi-torpaq metal duzlarının sintezi və onların mühərrik yağlarına yuyucu-dispersedici aşqar, yağlayıcı-soyuducu mayelərə əlavə və korroziya inhibitorları kimi tədqiqi ilə bağlı yerinə yetirdikləri elmi işlər haqqında məlumat verib.
Məruzələr ətrafında geniş müzakirələr aparılıb. Akademik Vaqif Fərzəliyev hesabatlar barəsində və perspektiv elmi işlər haqqında tövsiyə və təkliflərini verib. Akademik bildirib ki, gələcəkdə aparılacaq tətbiqi xarakterli elmi-tədqiqat işləri respublikamızın iqtisadiyyatına uyğunlaşdırılmalıdır.
Sonda hesabatların qəbul olunması haqqında qərar verilib. İnstitutun digər şöbə və laboratoriyaları isə növbəti günlərdə hesabatlarını təqdim edəcəklər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here