AMEA-nın İctimai Elmlər Bölməsi hesabat verib

Fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İlk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademik Teymur Bünyadova Azərbaycan Respublikasının “Şərəf” ordenini, həmçinin bir qrup gənc alimə AMEA-nın Fəxri fərmanlarını təqdim edib.

İclasda AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova bölmənin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Alim bildirib ki, “İslam Həmrəyliyi İli” ilə bağlı bir sıra tədbirlər həyata keçirilib, mühüm əhəmiyyətli kitablar nəşr olunub, multidissiplinar sahədə müştərək elmi tədqiqatlar aparılıb. Natiq mühüm elmi nəticələrə dair statistik məlumatları nəzərə çatdırıb: “Bölmənin elmi müəssisələrində 8 elmi istiqamətdə 33 problemi əhatə edən 129 mövzuda 277 mərhələdə 297 iş üzrə tədqiqatlar aparılıb, 57 mövzu üzrə 225 mərhələdə 228 iş tamamlanıb, 8 elmi nəticə tətbiq olunub. 2017-ci ildə bölmənin elmi müəssisələri tərəfindən 3-ü xaricdə olmaqla 67 kitab, 6-sı xaricdə olmaqla 100 monoqrafiya, 325-i xaricdə olmaqla 1251 məqalə, 71-i xaricdə olmaqla 417 tezis nəşr olunub. Əməkdaşların impakt faktorlu jurnallarda 39 məqaləsi çapdan çıxıb, elmi işçilərin əsərlərinə istinadların sayı isə 850-dir. Həmçinin, bölmə tərəfindən 19 respublika və 16 beynəlxalq əhəmiyyətli tədbir keçirilib”.

Kadr hazırlığından danışan natiq bildirib ki, hesabat ilində fəlsəfə doktorluğu üzrə 22, elmlər doktorluğu üzrə 1 dissertasiya işi müdafiə edilib. Hazırda bölmədə 32 əyani, 38 qiyabi doktorant və 174 dissertantın təhsil aldığını qeyd edən akademik magistratura üzrə 2 nəfərin təhsilini davam etdirdiyini diqqətə çatdırıb.

Məruzəçi elmlə təhsilin inteqrasiyası istiqamətində işlərin hesabat ilində də davam etdirildiyini söyləyib. Vurğulayıb ki, bölmənin bir sıra institut və təşkilatlarında ali məktəblərin tələbələri təcrübə keçiblər. Alimlər, eyni zamanda Bakı şəhərinin ali və orta təhsil müəssisələrində təşkil olunan tədbirlərdə müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

Bölmənin beynəlxalq əlaqələrinin genişləndiyini deyən akademik qeyd edib ki, elmi müəssisələr ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İsveç, İtaliya, Çexiya, Polşa, Türkiyə, İsrail, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Yaponiya, Çin və digər ölkələrin elm və ali təhsil müəssisələri ilə əməkdaşlığı davam etdiriblər.

Elektron elmin vəziyyətindən danışan N.Axundova hesabat ilində bölmə saytının fəaliyyətinin təkmilləşdirildiyini, elmi müəssisələrin əməkdaşlarının beynəlxalq elektron resurslara çıxışının genişləndirildiyini bildirib. Eyni zamanda, bir neçə elmi müəssisənin saytının yenidən qurulduğunu, digərlərinin isə daha müfəssəl şəkildə fəaliyyət göstərdiyini vurğulayıb.

Təltiflər və mükafatlar haqqında danışan məruzəçi ötən il bölmə əməkdaşlarının elmi fəaliyyətlərinin dövlət, həmçinin yerli və xarici qurumlar tərəfindən yüksək qiymətləndirildiyini əlavə edib. Vurğulayıb ki, Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub. N.Axundova bölmənin bir neçə əməkdaşının respublika və beynəlxalq səviyyəli mükafatlara layiq görüldüklərini vurğulayıb.

Məruzə dinlənidikdən sonra hesabat ətrafında akademiklər – İsa Həbibbəyli, Ziyad Səmədzadə, Teymur Bünyadov, Yaqub Mahmudov, Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvləri – Qorxmaz İmanov, Şahbaz Muradov, hüquq elmləri doktoru, professor Aytən Mustafazadə və digərləri çıxış edərək fikir və təkliflərini bildiriblər.

Sonra Rəyasət Heyəti hesabatın təsdiqi və AMEA-nın illik hesabatına salınmasına dair qərar qəbul edib. Ölkə başçısının “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamlarının icrası ilə əlaqədar birgə tədbirlər, elmi tədqiqat əsərlərinin hazırlanması və ictimaiyyətə təqdim olunması, həmçinin bölmə əməkdaşlarının Thomson Reuters və digər elmi bazalarından istifadə imkanlarının genişləndirilməsi, ictimai elmlər sahəsində magistratura və doktorantura təhsilində elmin müasir tələblərinə cavab verən ixtisasların müəyyənləşdirilməsi ilə yanaşı, numizimatika, epiqrafiya, antropologiya, etnososiologiya, kultrologiya kimi nadir ixtisaslara gənc kadrların cəlb olunması işinə nəzarətin gücləndirilməsi və digər məsələlərlə bağlı tapşırıqlar verilib.

Bundan əlavə, Arxeologiya və Etnoqrafiya İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi, həmçinin AMEA-nın Şərqşünaslıq və İqtisadiyyat institutlarının 60 illik yubileylərinin keçirilməsi haqqında qərarlar qəbul olunub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here