AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində mühüm elmi tədqiqatlar aparılır

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində mühüm elmi tədqiqatlar aparılır

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin (REM) yaradılmasında məqsəd cənub bölgəsinin elmi-texniki potensialını daha da inkişaf etdirmək, nailiyyətlərini təbliğ etmək, sosial-iqtisadi inkişafa xidmət edən yeni biliklərin əldə olunmasına yönəlmiş fundamental və innovasiya xarakterli elmi tədqiqat işləri aparmaq, regionun tarixi, mədəniyyəti, adət və ənənələrini öyrənməkdir.

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının öndə gedən qurumlarından biri də AMEA Rəyasət Heyətinin 21 sentyabr 2005-ci il tarixli qərarı ilə yaradılmış və 2015-ci ildən kənd təsərrüfatı elmləri doktoru, professor Fərman Quliyevin rəhbərlik etdiyi Lənkəran REM-dir.

Mərkəz Lənkəran şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələri – Lənkəran Dövlət Universiteti, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran Çay filialı, Azərbaycan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun Lənkəran bölgə təcrübə stansiyası və respublikanın digər elmi tədqiqat müəssisələri ilə elmi və elmi texniki əməkdaşlığın təşkili, sahələrarası elmi tədqiqat işlərinin genişləndirilməsi və inkişaf etdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirir.

Lənkəran REM-in gələcək fəaliyyət proqramında Lənkəran-Astara bölgəsində çayçılığın dirçəldilməsi və inkişafını təmin etmək üçün bütün potensial imkanların araşdırılması, geniş fəaliyyət proqramının hazırlanması və həyata keçirilməsi məsələsi də nəzərdə tutulur.

Mədəni subtropik meyvə və texniki bitkilərin sort, forma, növ müxtəlifliklərinin vahid mərkəzdə toplanılması, digər qonşu xarici subtropik məntəqələrdən intraduksiya olunması, öyrənilməsi, seçilməsi, tətbiqi, başqa sözlə, bu bitkilərin genetik bankının yaradılması REM-in prioritet istiqamətlərindəndir.

Bu məqsədlə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran Çay filialı bazasında elmi-tədqiqat işlərinin müştərək aparılması üçün müvafiq razılıq əldə olunmuş və əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən, prof. Fərman Quliyevin elmi rəhbərliyi altında “Çay bitkisinin sort və formalarının toplanması, Lənkəran-Astara bölgəsi şəraitində introduksiya olunması, öyrənilməsi, ən qiymətlilərinin seçilməsi, yeni sortların yaradılması” mövzusu üzrə aparılan tədqiqat işlərində uzun illərdən bəri çay bitkisinin 40-dan çox sort-formaları toplanaraq Lənkəran Çay filialının eksperimental kolleksiya plantasiyasında müqayisəli sınaqdan keçirilməkdədir.

Prof. Fərman Quliyevin elmi rəhbərliyi altında Azərbaycan Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran Çay filialında klassik və seleksiya üsulları ilə yaradılmış müxtəlif çay forma-klonları üzərində aparılmış elmi-tədqiqat işlərinin nəticəsində 2015-ci ildə 3 forma-klon, 2016-cı ildə isə 1 forma-klon Dövlət Sort Sınağına qəbul olunmuşdur. Bu hərtərəfli öyrənilmiş perspektiv klon-formalar təsərrüfat göstəricilərinə görə rayonlaşdırılmış çay seleksiya sortundan – nəzarət variantından (“Azərbaycan-2”) çox yüksək göstəricilərə malikdir. Gələcəkdə bu sortların artırılaraq təsərrüfatlara verilməsi ölkə ərazisində çayçılığın intensiv inkişaf etdirilməsinə imkan verəcək.

AMEA LREM “Sitrus bitkilərinin mövcud sort və formalarının genefond kolleksiya bağının salınması, onların öyrənilməsi və seçilməsi, yeni sortların yaradılması” mövzusu üzrə Azərbaycan Meyvəçilik və Çayçılıq ET İnstitutunun Lənkəran Çay filialında müştərək tədqiqat işlərinə başlamış və 2016-cı ildə Azərbaycan Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran Çay filialında yeni sitrus bitkilərindən ibarət (limon, naringi, portağal, qreypfrut, kinkan və s.) genefond bağı salınmışdır. Bu genefond bağında ölkə ərazisində və xarici ölkələrdən gətirilən 230 ədəd müxtəlif növ, sort və formadan ibarət sitrus bitkilərinin nümunələri müqayisəli şəkildə öyrənilir.

Mərkəzdə “Lənkəran-Astara bölgəsində xalq seleksiyası yolu ilə əldə edilmiş meyvə sortlarının toplanması, introduksiya olunması və genefond-kolleksiya bağının salınması, öyrənilməsi, seçilməsi və yeni sortların yaradılması” mövzusu üzrə də hazırlıq işləri görülür.

2017-ci və sonrakı illərdə çayın seleksiyasının müasir (klassik və klon) üsullarından və mutagen amillərdən (fiziki-kimyəvi) istifadə etməklə tərkibində yüksək miqdarda tanin və ekstraktiv maddələr olan, gözəl dada malik daha məhsuldar yeni çay sortlarının yaradılması üzərində işlərin aparılması nəzərdə tutulur. Bununla əlaqədar olaraq çay bitkisinin sort və formalarının toplanması, Lənkəran-Astara bölgəsi şəraitində introduksiya olunması, öyrənilməsi və ən qiymətlilərinin seçilməsi işlərinin görülməsi müəssisənin qarşısında duran mühüm vəzifələrdəndir.

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində elmi tədqiqat işlərinin aparılması məqsədi ilə Lənkəran, Astara, Masallı və Lerik rayonlarının hər birində 3-5 hektar münasib torpaq sahələrinin ayrılması nəzərdə tutulmuşdur.

Bu gün inkişaf və təşkilatlanma dövrünü yaşayan Lənkəran REM-də qeyd olunan istiqamətlərdə elmi-tədqiqatların aparılması, innovativ layihələrin həyata keçirilməsi AMEA və bütövlükdə ölkəmizdə mühüm elmi nailiyyətlərin əldə edilməsi, o cümlədən cənub bölgəsinin aqroiqlim potensialının dərindən öyrənilməsi və onların materiallaşdırılması sahəsində mühüm rol oynayacaq.