AMEA-nın müxbir üzvü Afad Qurbanovun anadan olmasının 90 illiyinə həsr edilən tədbir keçirilib

Yanvarın 10-da AMEA Nəsimi adına Dilçilik İnstitutunun və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə görkəmli dilçi alim, türkoloq və ictimai xadim, müasir Azərbaycan əlifbasının müəllifi və Onomastika Elmi Məktəbinin banisi, AMEA-nın müxbir üzvü Afad Qurbanovun anadan olmasının 90 illik yubileyinə həsr edilən tədbir keçirilib.

Tədbirdə Dilçilik İnstitutunun direktoru, akademik Möhsüm Nağısoylu görkəmli dilçi alim Afad Qurbanovun həyat və fəaliyyətindən danışıb, onun geniş elmi yaradıcılığı ilə dilçiliyin inkişafında mühüm xidmətlər göstərdiyini qeyd edib. Bildirib ki, adı Azərbaycan dilçiliyinin korifeyləri ilə bir sırada çəkilən, sovet və ölkəmizin müstəqillik dövründə türk və Avropa dilçiləri tərəfindən orijinal elmi konsepsiyaların müəllifi kimi rəğbətlə qəbul edilən Afad Qurbanov ömrünün 50 ilini Azərbaycan elminə, təhsilinə həsr edib, ana dilimizin və əlifbamızın inkişafına dəyərli töhfələr verib, fundamental əsərlər yaradıb. A.Qurbanov alimliklə insanlığın vəhdətini özündə birləşdirən görkəmli türkoloqlarımızdan olub.

Tədbir çərçivəsində görkəmli alimin tələbəsi, Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri və Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqovanın “Dilçilik elmində Afad Qurbanov irsi” kitabının təqdimatı da keçirilib.

Professor Sayalı Sadıqova bildirib ki, monoqrafiyada Afad Qurbanovun çoxşaxəli yaradıcılıq irsindən, onun yaradıcılığında dilçilik sahələri, əlifba problemləri, onomalogiyanın nəzəri məsələləri, həmçinin Azərbaycan dilçiliyində antroponimika, Azərbaycan toponimləri, türkoloji dilçilik, ümumi dilçilik və müasir dilçiliyin aktual məsələlərinin tədqiqindən bəhs olunub.

Daha sonra AMEA-nın müxbir üzvü Vəli Əliyev, Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının müdiri, professor Buludxan Xəlilov, Azərbaycan Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasının professoru Adil Babayev və digərləri çıxış edərək görkəmli alimin çoxşaxəli və ardıcıl elmi-təşkilati fəaliyyətində yüksək ixtisaslı gənc kadrların hazırlanmasını daim diqqət mərkəzində saxladığını qeyd ediblər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here