Anamın xatirəsinə

Anamın xatirəsinə

Dialoq.info şair Vasif Əlihüseynin şeirini oxuculara təqdim edir

 

ANAMIN XATİRƏSİNƏ

Ağzımızın çörəyə çatan vaxtı idi,

təzə başlamışdıq ayaq üstə durmağa

evin böyük oğlu olmaq bilirsiz nə deməkdi

Anama oğul olmuşdum, qardaş olmuşdum,

dost olmuşdum həm də…

xırda – xırda başladı ağrıları,

adi ayaq ağrısı kimi.

Sonra,

elə ayaqlarını üzdü bu dünyadan anamın.

Heç kim bilmirdi harda olduğumu onda,

anamın ağrıyan ayaqlarına sarılıb yatırdım hər gecə.

Sevdiyimi də unutmuşdum,

yazıq qız anamın sağalmağını gözləyir hələ də…

Elə bil gözü var idi ağrıların ancaq,

axşam düşən kimi başlayardılar…

Bir dəfə yuxuda gördüm ki, anam ölüb,

durub anama danışdım, ağladı.

Dedilər ki, ömrü uzun olacaq amma,

sonradan bildim səhərə yaxın

yuxuların doğru olduğunu.

Dünyanın ən çətin gözləntisi

analiz cavabını gözləməkdi özü də ananın.

O, gün üç gün yatmadım

əllərimi qaldırıb yerimin içində dua etdim Allaha…

dua etdim ki, nə xəstəlik olur, olsun

bircə xərçəng olmasın amma,

gəldi xərçəng oldu.

ağladım,

qızarmış gözlərimlə girdim otağa

anam üzümə baxıb güldü:

  • niyə ağlamısan, nəsə var, mənə demirsən?!

dondum, dondum və elə hönkürdüm:

vallah heç nəyin yoxdu,

sadəcə qanına mikrob düşüb, sağalacaqsan.

sarılıb ana – bala könkürdük

elə bil bilirdi ayrılacağımızı.

sonra nə istədiyini soruşdum

armud istədi. bacım armudu doğradı

hərəmiz bir iki dilim yedik.

Ta səhərisi nə oldu bildiniz yəqin…

Hələ də çiyinimdədi tabutunun ağırlığı,

o qədər ağır idi ki,

elə bil lap dünyanın dərdi sərini aparırdı özüylə.

indi oturub, qollarımda qəbirə qoyub getdiyim

Anam üçün darıxıram o, gündən.