Aqrar məhsulların ixracı 36 faiz artıb

Azərbaycanın aqrar məhsulları üzrə ixrac həcmi sürətlə artmaqdadır. Belə ki, Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına əsasən bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 80 mln. 717,27 min ABŞ dolları dəyərində 75 557,32 ton meyvə-tərəvəz ixrac edib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin üç ayı ilə müqayisədə 19 971,19 ton və ya 35,93% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 25 mln. 316,14 min dollar və ya 45,70% çoxdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrə 55 mln. 401,13 min dollar dəyərində 55 585,41 ton meyvə-tərəvəz ixrac edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-mart aylarında meyvə-tərəvəzin ixracı Azərbaycanın ümumi ixracının 2,41 faizni təşkil edib.

İxrac artsa da, daxili bazarda yerli məhsulların bazarda qıtlaşmasının şahidi oluruq. Bakı bazarları xaricdən idxal edilən kənd təsərrüfatı məhsulları ilə dolub-daşır. Bir çox məhsullar ötən ilin bu dövrü ilə müqayisədə iki dəfə bahadır. Satıcılar isə səbəb olaraq, yerli istehsalın kütləvi şəkildə xarici bazarlara yönəldilməsini göstərirlər.

Nəticədə idxal artır və ixracdan qazanılan valyuta yenidən ölkədən çıxarılır.

Bəs görəsən, yerıli istehsalın həcmini artırmadan, daxili bazarda qıtlıq yaradılması hesabına ixracın artırılması nə dərəcədə doğru siyasətdir.

Məsələn, Azərbaycanın ixrac məhsulları arasında ilk sırada duran pomidor hazırda Bakı bazarlarında 4-5 manata təklif olunur. Bu nə mövsümi amillə, nə də istehsalın az olması ilə izah oluna bilməz. Çünki ilboyu müxtəlif bölgələrdə, o cümlədən Bakı kəndlərində istixanalarda pomidor yetişdirilir. Lakin məhsul xaricə, xüsusən də Rusiyaya daşındığından yerli qiymətlər bahalaşır.

Dövlət Gömrük Komitəsinin elə həmin hesabatında deyilir ki, 2018-ci ilin ilk 3 ayında Azərbaycana 337 milyon 915 min dollarlıq yeyinti məhsulları idxal edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 13,2% artım deməkdir. Belə ki, ötən ilin ilk 3 ayında Azərbaycana 298 milyon 557 min dollarlıq yeyinti məhsulları idxal edilmişdi. Artan idxal məhsulları arasında arasında meyvə-tərəvəz də mühüm yer tutur.

İlk üç yeri ət, süd, kərə yağı və süddən hazırlanmış digər yağlar, dördüncü yerdə isə meyvə-tərəvəz tutur. Belə ki, bu ilin ilk üç ayında 50 milyon dollara yaxın vəsait ölkədən məhz meyvə-tərəvəz idxalı üçün çıxıb. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 41 milyon 309 min dollar təşkil edib. Bu rəqəmlər də göstərir ki, ixrac genişləndirilərkən, daxili tələbatın ödənilməsi nəzərə alınmır. Nəticədə yerli bazarda bahalaşma qaçılmaz olur.

musavat.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here