AQTA maarifləndirir – Qida məhsullarını necə konservləşdirməli…

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Moderator.az saytının birgə layihəsi olan “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər rubrika vasitəsi ilə oxucuların diqqətinə çatdırılır. Budəfəki maarifləndirici mövzu “Konservləşdirilmiş qida məhsulları ilə bağlı faydalı məlumatlar”dır.

Keyfiyyətsiz konservlərin istehlakı insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Bir çox insan meyvə və tərəvəzləri təkcə mövsümündə deyil, digər mövsümlərdə də istehlak etmək istədiyi üçün ənənəvi üsullardan istifadə edərək, həmin meyvə və tərəvəzləri ev şəraitində konservləşdirir. Steril olmayan şəraitdə hazırlanan hər bir konservləşdirilmiş qida məhsulu ayrı-ayrılıqda təhlükə mənbəyidir. Evdə hazırlanan konservlərin bir sıra qaydalara əməl olunaraq konservləşdirilməsi və saxlanılması vacibdir. Yaxşı sterilləşdirilməmiş konservalarda, xüsusilə, “clostridium botulinum” adlı bakteriya yaranır ki, bu bakteriya ciddi qida zəhərlənmələrinə səbəb ola bilir. Bakteriyanın yaranmasına səbəb isə yaxşı bişirilmədən bağlanan konservalardır. Konservləşdirilmiş meyvə-tərəvəzi yaxşı yumaq əsas şərtdir. Çünki  meyvə və tərəvəzin üzərində qalan torpaq (torpaqda olan gübrələr, pestisidlər) zəhərlənməyə səbəb ola bilir. Yaxşı olar ki, meyvə və tərəvəzlər isti su ilə yuyulsun.

Xüsusən soyuq aylarda istehlak etdiyimiz qida məhsulları içərisində konservləşdirilmiş tərəvəzlər üstünlük təşkil edir. Ən geniş yayılmış tərəvəz konservləri pomidor, xiyar, kələm, badımcan, göbələk və s. məhsulların duza qoyulması üsulu ilə hazırlanır. Bu məhsullar yaxın keçmişə qədər, əsasən ev şəraitində hazırlanırdısa, hazırda daha çox sənaye üsulu ilə istehsalına üstünlük verilir.

Konservləşdirilmiş məhsullar yüksək qidalılıq dəyərinə malik olmasa da, uzun müddət saxlana bilməsi və hazır qida olması səbəbindən istehlakçılar tərəfindən geniş istifadə olunur. Lakin nəzərə alınmalıdır ki, keyfiyyətsiz konservlərin istehlakı insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Ona görə də, istehlakçılar bu məhsulları alarkən diqqətli olmalıdırlar.

Hər şeydən əvvəl konserv istehsalında xammal kimi istifadə olunan meyvə-tərəvəz sağlam, zədəsiz olmalı, yaxşı yuyulmalı, saplağı varsa kəsilib götürülməlidir. İstehsal zamanı texnoloji proseslərə ciddi əməl olunmalıdır.
Hazırlanma texnologiyasının pozulması məhsulun xarab olmasına səbəb ola bilər. Bunlardan ən çox müşahidə olunan hal hermetikliyin pozulmasıdır ki, bu da məhsulun qapağının və dəmir bankalarda dibinin şişkinliyinə səbəb ola bilir. Bir sıra hallarda isə tərəvəz konservləri mikroorqanizmlərin inkişafı ilə əlaqədar korlanır. Bu zaman konservə xas olmayan rəng və çöküntünün yaranması müşahidə olunur.
Qeyd olunanları nəzərə alaraq, hər bir istehlakçı konserva alarkən məhsulun istehsal və son istifadə tarixlərinə, etiketdəki məlumatlara (bankadakı etiket bütöv, anlaşılan, təmiz, doğru və səliqəli yapışdırılmalıdır), qabın səthində mümkün ola bilən nöqsanlara (pas ləkələrinə, bankaların təmiz olmasına, bankalarda çat olmamasına, lehimlərin yığıntı ölçülərinə, rezinin və ya pastanın vəziyyətinə) diqqət etməlidir.

Konservləşdirilmiş məhsullar normativ-texniki sənədlərə uyğun olaraq qablaşdırılmalı və saxlanılmalıdır.

Ev şəraitində konserv hazırlayan zaman aşağıdakı qaydalara əməl edilməlidir:

• İsti qidaları qabların içərisinə doldurun.

• Qabın içərisinə hava girməməsi üçün bandları qabın ətrafına doğru sıxın.

• Bankaları nisbətən sərin, qaranlıq yerdə, təxminən 50 ° və 70 ° C arasında saxlayın.

• Bir il ərzində istifadə edəcəyinizdən artıq hazırlamayın.

• Metal qapaqlar 1 dəfə konservləşdirilmə üçün nəzərdə tutulduğunu unutmayın.

Tərəvəzlərdən hazırlanmış konservləri isə quru, sərin və qaranlıq yerlərdə saxlamaq tövsiyə olunur:
• şüşə və metal qablarda qablaşdırılmış tərəvəz konservləri -0-25 °C-də;

• polimerlərdə qablaşdırılmış meyvə-tərəvəz konservləri -0-20°C-də;

• metal və şüşə bankalarda olan göbələk konservləri -0-15 °C-də;

• çəlləklərdə olan sterilləşdirilməmiş məhsulları -0-12°C-də;

• çəlləklərdə duza qoyulmuş tərəvəz və göbələkləri -1-4°C-də;

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here