RESPONSIVE LEADERBOARD AD AREA
ELM VƏ TƏHSİL

ARTPİ-də seminar keçirilib

543

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda (ARTPİ) “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının seminarı keçirilmişdir. “Zəif eşidən və ağır nitq problemli məktəbəqədər yaşlı uşaqların reabilitasiyası və inklüziv təhsilə cəlb edilməsi sahəsində mövcud problemlər və onların həlli yolları” mövzusunda  baş tutan seminarı giriş sözü ilə İnstitutun direktoru Qulu Novruzov tədbir iştirakçılarını salamlayaraq tədbiri giriş sözü ilə açdı. Direktor çıxışında son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atıldığını, sağlamlıq imkanları məhdud uşaqların təhsil və tərbiyəsinin orta ümumtəhsil məktəblərində daim diqqət mərkəzində olduğunu bildirdi. Xüsusi qayğıya ehtiyacı olan bu uşaqların normal vətəndaş və şəxsiyyət kimi formalaşmasında təhsil və tərbiyənin rolunun böyük olduğunu və bu uşaqların dövlət qayğısı ilə əhatə olunduğunu qeyd edən direktor  Ümummilli lider Heydər Əliyevin “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında, Azərbaycan respublikasının qanunu”nda (19 iyun 2001-ci il) irəli sürdüyü əsas tələblər, şəxsiyyətin inkişafına təkan verən amillərdən olduğunu söylədi. Qulu Novruzov qeyd etdi ki, “Qanunun icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli      20 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı” (2005-2009-cu illər) təsdiq edilmiş, Azərbaycan Respublikası təhsil nazirinin 25 mart 2005-ci il tarixli, 192 nömrəli əmrinə əsasən İnkişaf Proqramının icrası ilə əlaqədar fəaliyyət planı işlənib hazırlanmışdır. Təhsilin normativ hüquqi bazasının təkmilləşdirilmiş maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı əsasında geniş tədbirlər həyata keçirilmişdir. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün, təhsilin idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılmasının zəruriliyini qeyd edərək Qulu Novruzov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulur ki, təhsil alanların istedadının aşkar olunması və inkişafı ilə bağlı xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva etdiyini bildirdi.  Direktor çıxışında seminarın  “15 iyun – Milli Qurtuluş Günü” və “18 iyun –İnsan Hüquqları Günü”nə həsr olunmasını təqdirəlayiq hal olduğunu xüsusi olaraq vurğuladı.

ARTPİ-də “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Eşitmə və nitq qabiliyyəti zəif olan məktəbəqədər yaşlı uşaqların inklüziv təhsil imkanlarının artırılmasına dəstək məqsədilə təlim və seminarların həyata keçirilməsi” adlı layihəsi çərçivəsində baş tutan seminarda daha sonra çıxış edən “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin sədri Ramilə Rasimqızı seminarın təşkilinə göstərdiyi təşkilati dəstəyə görə ARTPİ rəhbərliyinə təşəkkürünü bildirdi. O, seminarın əsas məqsədinin  zəif eşidən və ağır nitq problemli məktəbəqədər yaşlı uşaqların reabilitasiyası və inklüziv təhsilə cəlb edilməsi prosesinin sürətləndirilməsi, mövcud problemlərin optimal həll yolları və qabaqcıl təcrübənin öyrənilməsi olduğunu vurğuladı. Layihənin aktuallığı və əhəmiyyətindən geniş məruzə ilə çıxış edən R.Rasimqızı təşkilatının qarşıda qoyduğu məqsədləri, rəhbərlik etdiyi təşkilatın gördüyü tədbirləri barədə danışdı. Sonda o, Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən ölkə üzrə sağlamlıq imkanları məhdudluğu müəyyən olunmuş 62 mindən çox uşağın 1204 nəfərinin eşitmə qabiliyyəti tamamilə olmadığını, 3329 nəfərin zəif eşitməsinin, 6152 nəfərin nitq qabiliyyətində müəyyən problemlərin olduğunu bildirdi. Bu qəbildən olan şəxslərin reabilitasiyası və məktəbəqədər təhsili üçün zəruri şəraitə malik olan müasir reabilitasiya və təhsil müəssisələrinə ehtiyac olduğunu bildirən Rasimqızı Ramilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqalib Mahmudov 18 iyun – İnsan hüquqları günü və Ombudsman tərəfindən elan olunmuş “İnsan hüquqları aylığı” barədə ümumi məlumat verdi.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Gülnarə Hüseynova institutun direktoru  Qulu Novruzova dəstəyə görə bir daha təşəkkür edərək bu sahədə görülən işlərdə institutun əməkdaşlarının hazırlayacağı təhsil məzmununda, təhsil standartlarında bu sahəyə xüsusi diqqət ayıracaqlarını və inklüziyanın bütün təhsil pillələrində əks olunacağı təqdirdə cəmiyyətdə maariflənmənin əhəmiyyətindən danışdı.

Almaniyanın Frankfurt Mayn Universiteti Klinikasının aparıcı mütəxəssisi, şöbə rəhbəri  Murad Şıxəliyev “Ağır dərəcəli eşitmə zəifliyi olan uşaqların inklüziv təhsil imkanlarının artırılmasında koxliyar implantasiya (daxili qulağın protezləşdirilməsi) əməliyyatının rolu və əhəmiyyəti”  mövzusunda geniş və maraqlı təqdimatla çıxış elədi. O, Azərbaycanda eşitmə ilə bağlı olan problemlər və onların qarşısının alınması işində görülə biləcək işlərdən, qulaq xəstəliklərinin növlərindən, müxtəlif yaşlarda eşitmənin dərəcəsindən, eşitmə sistemləri, eşitmə cihazları, orta qulaq implantatlari, sümük keçiriciliyi ilə  eşitmə cihazları, Koxlear İmplantasiya və s. haqqında maraqlı məlumatlar verdi.  Murad Şıxəliyevin təqdimatından sonra seminar iştirakçılarını maraqlandıran suallar tərəfindən cavablandırıldı.

Seminarın gedişi zamanı ARTPİ-nin İnklüziv təhsil şöbəsinin aparıcı elmi işçisi Elmira Kərimovanın  “Eşitmə zəifliyi və ağır nitq problemli məktəbəqədər yaşlı uşaqlarda inklüziv təhsil:  mövcud çətinliklər, səbəbləri  və həlli yolları”, institutun İnklüziv təhsil şöbəsinin aparıcı elmi işçisi, p.ü.f.d  Dilarə Dostuzadənin“Eşitmə zəifliyi və ağır nitq problemli məktəbəqədər yaşlı uşaqlar üçün tədris proqramlarının və dərs vəsaitlərinin hazırkı vəziyyəti ” , İnklüziv təhsil şöbəsinin böyük elmi işçisi Fərid Süleymanovun  “Məktəbəqədər  inklüziya: reallıqlar  və  perspektivləri”, AMEA-nın disertantı, defektoloq-loqoped Şəfəq Məmmədovanın  “Eşitmə zəifliyi və ağır nitq problemli məktəbəqədər yaşlı uşaqların reabilitasiyasında və inklüziv təhsil imkanlarının artırılmasında müəllim-valideyn əməkdaşlığının rolu” mövzularında təqdimatlar dinlənildi.

Tədbirin dəvamında “Əlillərin Cəmiyyətə İnteqrasiyası” təşkilatı adından bir qrup fəallara Fəxri diplomlar və Təşəkkürnamələr təqdim edildi. ARTPİ-nin direktoru Qulu Novruzova da cəmiyyət adından xüsusi təşəkkürnamə təqdim olundu.

Seminarda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqalib Mahmudov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Gülnarə Hüseynova, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katiblyinin məsul nümayəndəsi Xanım Cəbrayılova, Təhsil Nazirliyinin nümayəndələri, ictimai təşkilatların və reabilitasiya mərkəzlərinin nümayəndələri, ARTPİ-nin direktor müavinləri, şöbə müdirləri və əməkdaşları, bağça müdirləri, orta ümuntəhsil məktəblərinin müəllimləri, mətbuat nümayəndələri  iştirak etdilər.

Seminarın sonunda mövzu ətrafında geniş müzakirələr aparıldı  və mövzu üzrə təkliflər səsləndi.

Tədbirin yekunu olaraq inklüziv təhsilin qarşısında duran cari çətinliklərin aradan qaldırılması məqsədilə konkret addımların atılması üçün belə müzakirələrin davam etdirilməsi qərara alındı.

unnamed (3) unnamed (4) unnamed (5)

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı