“ASAN School”un “Master 2” pilləsinə kimlər müraciət edə bilər?

“Master 2” pilləsi ilə əlaqədar ASAN könüllülərinin çox saylı suallarına cavab!

‘’ASAN School’’ könüllülük proqramının ikinci mərhələsi olan “Master 2” ASAN könüllülərinin digər dövlət və ya qeyri-dövlət təşkilatlarında təcrübə keçməyini təmin edir. Proqram könüllü əsaslarla həyata keçirilən fəaliyyətdir.

‘’ASAN School’’ “Master 2” pilləsi çərçivəsində 20-dən çox dövlət və özəl qurum ilə əməkdaşlıq edir və daha yeni fəaliyyət sahələrini könüllülərimizə təklif etməkdədir. Bu fəaliyyət çərçivəsində 800-dən çoxkönüllü proqramdan yararlanmışdır. “Master 2” çərçivəsində ASAN könüllüləri aşağıda qeyd olunmuş istiqamətlər üzrə təcrübə keçə bilirlər:

  • inzibati menecment
  • biznes menecment
  • sosial menecment

“Master 2” pilləsində kimlər iştirak edə bilər?

Qeyd edək ki, “Master 1” pilləsini uğurla başa vuran hər bir ASAN könüllüsünün “Master 2” pilləsinə müraciət etmək hüququ vardır. Sertifikat dərəcəsindən, təhsil pilləsindən, ixtisasından ( xüsusi tələblər qoyulması halları istisna olmaqla ) asılı olmayaraq hər bir könüllü “Master 2”-yə müraciət edə bilər.

“Master 2” –yə necə müraciət etmək olar?

“Master 2” çərçivəsində müxtəlif dövlət qurumları və ya özəl sektorlarda fəaliyyətini davam etdirmək üçün ilk öncə könüllü www.asanschool.az rəsmi elektron səhifəsinə daxil olaraq ixtisasına, maraq dairəsinə və potensial bilik və bacarıqlarına əsasən uyğun vakansiyaya müraciət etməlidir. Qeyd edək ki, müraciətlər yalnız elektron şəkildə toplanılır.

Seçimlər nəyə əsasən aparılır?

Qeydiyyatdan keçmiş hər bir könüllü müsahibəyə dəvət olunur. Yalnız müsahibədən uğurla keçmiş könüllü proqramdan yararlanma şansı qazanır. Müsahibələrdən bərabər şəkildə uğur qazanmış könüllülərin seçimi zamanı ixtisası, “Master 1” fəaliyyətinin qiymətləndirməsi , “Master 2”-də iştirak etmək istəyinin səbəbi və s. məqamlar analiz edilir.

“Master 2” –də təkrar iştirak edə bilərəm?

Qeyd etdiyimiz kimi, hər bir ASAN könüllüsünün “Master 2” pilləsinə müraciət etmək hüququ vardır. Baxmayaraq ki, seçimlərdə “Master 2” –də iştirak etməmiş könüllülərə üstünlük verilir, lakin könüllü və onun bilik və bacarıqlarına (məs. dil bilikləri, İT biliklər, müvafiq sahədə təcrübə və s. ) ehtiyac yarandığı zaman könüllü təkrar olaraq proqramda iştirak edə bilər.

 “Master 2” nədən ibarətdir ?

Könüllü fəaliyyətə başlamazdan əvvəl Dövlət Agentliyində qısamüddətli kurslara cəlb olunur. Bundan sonra könüllü 8 həftə ərzində real iş mühiti ilə tanış olur, eyni zamanda seçdiyi sahə üzrə təcrübə qazanaraq karyerasının ilkin və uğurlu addımını atmış olur. Bu müddət ərzində könüllü müvafiq təşkilatın müxtəlif struktur bölmələrində təcrübə keçir, iş prosesi ilə yaxından tanış olur. Proqrama təcrübə ilə yanaşı, peşə və şəxsi inkişafa yönəlmiş təlimlərdaxildir.

“Master 2” vasitəsilə işə qəbul ola bilərəm?

Qeyd etdiyimiz kimi, “Master 2” könüllü əsaslarla həyata keçirilən fəaliyyətdir və könüllülərə işlə təminata əsas vermir.

Proqramın sonunda nə əldə edəcəm?

8 həftəlik proqramın yekununda könüllü real təcrübə və karyera vərdişləri ilə yanaşı hər iki təşkilatın birgə təsdiqi əsasında hazırlanan sertifikatla təltif olunur.

Qeyd: Könüllülərimizə ixtisaslarına və maraq obyektinə uyğun istiqaməti seçməyi və seçilmiş namizədlərin müsahibəyə ciddi hazirlaşmaqlarını tövsiyə edirik. Unutmayaq ki, peşəkar karyeraya gedən yol çoxsaylı təcrübələrdən keçir.  Hər birinizə uğurlar!

Master 1-ə qeydiyyat üçün: http://konullu.asanschool.az/

Master 2-ə qeydiyyat üçün: http://www.asanschool.az/