ASEP AMFA-nın himayəsi ilə çıxış edir

Ölkəmizdə mini-futbolun inkişafına və kütləviləşdirilməsinə böyük töhfə vermiş “Azfar Group” şirkəti tərəfindən “Azərbaycan Mini-Futbol Assosiasiyası” (AMFA) təsis edilib.

Assosiasiyanın əsas hədəfi ölkədə futbolun inkişaf səviyyəsinin yüksəldilməsi, əhalinin müxtəlif kateqoriyaları arasında mini-futbolun kütləviləşdirilməsi, sağlam həyat tərzinin təbliği, habelə peşəkar futbolçuların hazırlanmasına nail olmaqdır.

Assosiasiyanın qarşısında duran əsas məqsədlərdən biri də mini-futbol üzrə beynəlxalq qaydaların və standartların Azərbaycanda tətbiqini və ölkə mini-futbolunun beynəlxalq mini-futbol ailəsinə inteqrasiyasını həyata keçirməkdir. Təcrübə mübadiləsinin aparılması məqsədilə artıq Avropa və Dünya Mini-Futbol Federasiyaları ilə sıx əməkdaşlığa başlanılıb, Azərbaycanın sözügedən təşkilatlara üzv qəbul olunması məsələsi ətrafında aktiv müzakirələr aparılır. Nəticə etibarilə AMFA Azərbaycanda ilk dəfə olaraq həvəskarlar arasında mini-futbol üzrə milli yığmanı formalaşdıraraq, beynəlxalq yarışlarda millimizin iştirakını təmin edəcək. Habelə AMFA bayrağı altında həvəskarlar arasında mini futbol liqası yaradılaraq, qaliblərin mini-futbol üzrə Dünya və Avropa çempionatlarına getmək şansını yaradacaq.

Bunların hamısı gələcəkdə beynəlxalq turnirlərin Azərbaycanda keçirilməsi, ölkəmizin beynəlxalq mini-futbol arenasında təşviq olunması, eləcə də, yeni inkişaf mərhələsində həvəskarların daha çox mini-futbola cəlb olunması üçün şərait yaradacaq.

Bir sözlə, Assosiasiya ölkəmizdə sosial statusundan, peşəsindən və yaşından asılı olmayaraq bütün həvəskarları mini-futbol bayrağı altında birləşdirməklə, həvəskar futbolla peşəkar futbol arasında körpü rolunu oynayacaq.

Yuxarıda sadalananlara əsasən mini-futbolun inkişafı perspektivlərini təhlili, ölkədə mini -futbol yarışlarının kütləviləşdirilməsi hərəkatının gələcək inkişaf perspektivlərini nəzərdən keçirərərək, ASEP şirkəti AMFA ilə sıx əməkdaşlıq etmək niyyətində olduğunu bəyan edib.

Mini-futbol yarışlarının təşkili ASEP şirkətinin əsas fəaliyyət istiqamətlərindən biridir.

AMFA-nın himayəsi altında çıxış etməklə ASEP özünün bütün liqalarına böyük perspektivlər yarada biləcək, komandalar həm mini-futbol üzrə Azərbaycanın rəsmi çempionatlarında , həm beynəlxalq yarışlarda iştirak etmək imkanı əldə edə biləcəklər, həm də ki, bu komandaların hər bir oyunçusu mini-futbol üzrə milli yığma komandanın üzvü olmaq şansı əldə edəcəklər.

AMFA himayəsi altında çıxış etməklə ASEP şirkəti gələcəkdə bütün mini-futbol yarışlarına təşkilati dəstək verməyə hazır olduğunu bəyan edir.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here