Asim Vəliyev: “Bu, komanda olaraq ərsəyə gətirdiyimiz 3-cü filmdir”

– Azərbaycan kino bazarında indi əsasən komediya janrı üstünlük təşkil edir. Kriminal-dedektiv çəkməklə risqləri nəzərə almısınızmı?

– İlk öncə diqqət ayırıb gördüyümüz işlə bağlı müsahibə götürdüyünüz və işimizi işıqlandırdığınız üçün komandamız adından sizə öz dərin təşəkkürümüzü bildirirəm. Kino cəmiyyət üzərində təsir vasitəsi kimi böyük önəmə malikdir. Nə yazıq ki bugün kino bazarında komediya janrı üstünlük təşkil edir və ümumi götürdükdə bu janrda filmlər insanlara az fayda verir. Çünki əksəriyyətlə söyüş və əxlaqi dəyərlərdən uzaq sözlərlə gülüş yaratmağa çalışırlar. Bu janr üzərində dayanıb filmləri maddi xeyir götürmək məqsədilə çəkmək düşünmürəm ki, Azərbyacan kinosunun inkişafına fayda gətirir. Əksinə bu kimi filmlərdə cəmiyyətə daha gözəl dəyərlər aşılaya və mövcud dəyərlərimizi bir daha təbliğ edə bilərik. Gənclərimiz həyatını gülərək-əyələnərək başa vurmamalıdırlar. Bu komanda olaraq ərsəyə gətirdiyimiz 3-cü filmdir. İlk iki filmimiz “Big-bubble əməliyyatı” və “Qış tətili” filmləri uşaq macəra filmləri idi. Bilirsiniz müstəqilliyimizin bərpasından bu yana uşaq filmi demək olaraq çəkilməmişdi. Yaxın günlərdə ekranlara çıxacaq film isə “Yalquzaq” adlı kriminal-detektivdir. Təbii ki filmin çəkilişləri zamanı çox çətinliklərimiz oldu. Ona deyə bilərəm ki, Azərbaycanda kino bazarında bu mövzuda filmlərə diqqət çox azdır və demək olar heç bir sponsor sərmayə qoymaq istəmir. Bu baxımdan da bizdə sıxıntılar oldu. Ancaq buna baxmayaraq Allahın izniylə filmin çəkilişlərini komandamız hesabına yekunlaşdırdıq. Fürsətdən istifadə edib sizin vasitənizlə filmin çəkilişləri zaman bizə yaxından dəstək olan MY Productionın rəhbəri, ssenari müəllifi və rejissoru Teymur Nəcəfə, “Gənclərin Töhfəsi” İctimai Birliyinin şəxsi heyətinə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasova, media dəstəyə görə ARB24 kanalının rəhbərliyinə və işimizin işıqlandırılmasında adlarını çəkmədiyimiz bütün KİV-lərə öz dərin minnətdarlığımızı bildirirəm. Ümidvaram ki, əmək verdiyimiz bu filmdən razı qalacaqsınız və Azərbaycan kinosunun inkişafına daha bir töhfə vermiş olacağıq. Təqdir Sizlərindir.

– Sağlam həyat, milli mənəvi dəyərləri dəstəkləyən filminizinin aparıcı süjet xəttini nə təşkil edir?

– Filmin aparıcı süjet xəttini insan alveri, silah satışı, narkotik alveri və qiymətli daşların alış-verişi ilə məşğul olan cinayətkar dəstə ilə mübarizə aparan vətənpərvər insanlarımızın mövqeyi və mübarizliyi ön plandadır. Film “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində hazırlanıb.

– Filmin ssenarisində cinayətkarlar ərəb əsilli göstərilib. Bunu nə ilə bağlamısınız? Bilirsiniz son zamanlar Azərbaycana turist adı ilə gələn, əxlaqi keyfiyyətlərdən uzaq əcnəbilərin əksəriyyəti ərəb əsillidir. Və onlar bir müsəlmana yaraşmayan əxlaqsız davranışlar sərgiləməsi, qadınlarımıza pis niyyətlə yanaşması vətəndaş olaraq bizi də narahat edir. Bu narahatçılığımızı və lazımı tədbir görülməzsə, qarşılaşacağımız problemləri filmdə az da olsa işıqlandırmağa çalışmışıq.

– Bu sizin ilk rolunuzdurmu?

– Xeyr. Bundan öncəki iki filmdə Azərbaycan polisi rolunda çəkilmişəm. Halhazırda isə filmdə baş roldayam və Ayaz adlı vətənpərvər iş adamını rolunu oyanmışam.

– Filmdə canlandırdığınız obrazla bağlı yaşadığınız ən maraqlı hadisə nə olub?

– Filmin çəkilişləri Bakı şəhərində və Xaçmaz rayonunda aparıldı. Xaçmaz rayonun Nabran kəndində yerləşən meşəlikdə çəkilişlər zamanı filmdə yaralanma səhnəm var idi. O səhnədə qaçarkən açılan atəşin təsirindən bir neçə metr yüksəkliyə qalxıb yerə yıxılmalı və dığırlanaraq çayın kənarına düşməliydim. Daha sonar sürünə sürünə yüksəkliyi qalxmalı idim. Həmin gün də yağan yağış nəticəsində meşə palçıqlı idi. Rejissor da yıxılarkən üzərimin palçıq olacağında bu epizodu bir dubla oynamalı olduğumu söylədi. Və deyildiyi kimi özümü vurulma səhnəsinə necə qapdırdımsa, dizimi zədələdim. Siz də filmi seyr edərkən bu səhnənin şahidi olacaqsınız.

– Filmin əsas qəhrəmanı–Güney, yəni Yalquzaq obrazıdır. Kriminal-dedektiv janrında qadın qəhrəmanların baş rolda olması az təsadüf edilir. Azərbaycan kino industriyasında isə bir ilkdir. Bu obrazla bağlı nə deyə bilərdiniz?

– Bəli haqlısınız. Kriminal-dedektiv janrında filmlərdə baş qəhrəman olaraq xanımların rol almasını biz daha çox xarici filmlərdə görürük. Ancaq tariximizdən bizə məlumdur ki, Azərbaycan qadını yeri gələndə cəngavər paltarı geyinib əri ilə çiyin-çiyinə düşmənə qarşı vuruşub. Tarixin səhifələrini çevirdikcə Tomrislərin, Saray Xatunların, Aləmşah Bəyimlərin, daha kimlərin-kimlərin hünərinə heyran qalmamaq qeyri-mümkündür. Qadın incəlik və zəriflik mücəssəməsidir, amma yeri gələndə bu zərif vücud ram olunmayan aslana cevrilib mənfur düşmənlə pəncələşməyi də bacarır. Qarabağın azadlığı uğrunda canını qurban verən Gültəkinlərin, Salatınların, Qaratellərin cəsurluğu buna bariz misaldır. Bu baxımdan da filmdə Güney xanımın baş rolda oynamasını uyğun gördük. Eyni zamanda Güney xanım filmdəki obrazı gerçək həyatı ilə də ilə uyğunluq təşkil edir. Filmdə ərəb əsilli cinayətkar dəstənin tələsinə düşmüş, min-bir əziyyətlərə qatlanmış bir xanımın yalquzaqlaşaraq həmin cinayətkar dəstədən intiqam alması öz əksini tapıb.

– Filminizin ən gənc aktrisası Dəniz Aslanlıdır. Filmlə bağlı verdiyi müsahibsində artıq kifayət qədər təcrübəsi olan aktirsa kimi danışır. Onun işindən razı qaldınızmı?

– Filmin ən gənc aktrisası olan Dəniz Aslanlı artıq 3-cü filmdir ki rol alır. Bizim ərsəyə gətirdiyimiz iki uşaq macəra filmində baş rollardan birini Dəniz balamız oynayıb. Dənizin arzusu gələcəkdə aktrisa olmaqdır.

– Teymur Nəcəfli ssenari müəllifi və rejissor kimi. Teymur Nəcəflinin əvvəlki işləri barəsində nə deyə bilərsiniz?

– Filmin ssenari müəllifi və rejissoru “MY Production”un rəhbəri Teymur Nəcəfdir. Teymur müəllim artıq 10 ilə yaxındır ki, uşaq teatrı ilə məşğuldur. Bugünə kimi yüzlərlə gənc istedadın aşkarlanmasında böyük əmək sərf edib. Bu film Teymur müəllimin ssenarisi və rejisorluğu əsasında çəkilən üçüncü filmdir. Beş ay ərzində 3 film ərsəyə gətirib Nizami Kino Mərkəzində nümayiş etdirilməsi böyük uğurdur.

Müsahibəni apardı: Məlahət Babayeva

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here