Aşıq musiqisi ilə bağlı yeni layihəyə start verilir

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Aşıq musiqisi axşamları” adlı yeni layihəyə start verilir.

Layihədə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilən aşıq sənətinin xalqımızın musiqi palitrasında tutduğu yerdən söhbət açılacaq, aşıq musiqisi səslənəcək. Layihə çərçivəsində keçirilən tədbirlər aşıq sənəti ilə bağlı müxtəlif mövzulara toxunacaq, Azərbaycanın görkəmli aşıqlarının həyat və yaradıcılığına həsr olunmuş gecələr keçiriləcəkdir.

Qeyd edək ki, bu layihədən əvvəl Beynəlxalq Muğam Mərkəzi 16 may – 27 dekabr tarixləri müddətində daha bir “Muğam axşamları” layihəsini muğamsevərlərə təqdim etmişdi. İki mərhələyə bölünən “ Muğam axşamları ” layihəsinin birinci mərhələsində “Rast”, ”Şur”, ”Segah”, ”Çahargah”, ”Bayatı-Şiraz”, ”Şüştər”, ”Hümayun” muğamlar, ikinci mərhələsində isə “Mahur-Hindi”, “Bayatı-Kürd”, “Orta Mahur”, “Rahab”, “Bayatı-Qacar”, “Şahnaz”, “Qatar”, “Dəşti”, “Mirzə Hüseyn Segahı”, “Xaric Segah”, ”Heyratı”, ”Mənsuriyyə”, ”Qarabağ şikəstəsi”, ”Osmanlı”, ”Heydəri”, ”Simayi-Şəms”, “Ovşarı”, ”Arazbarı” muğamlar ifa olunmuşdu.

“Aşıq musiqisi axşamları” layihəsi 2018-ci ilin yanvar ayından may ayına qədər davam edəcək. “Koroğlu”ya qayıdaq” adı altında ilk tədbir 12 yanvar tarixində baş tutacaq.

Layihə çərçivəsində “Ələsgərin saz-söz dünyası” (16 fevral), “Zərif əllər, incə tellər” (7 mart), “Aşıq Şəmşir seiri” (28 mart), “Yada salaq Aşıq Ədaləti” (12 aprel) və “Yeni səslər, qədim havalar” (16 may) adlı tədbirlərin keçirilməsi nəzərdə tutulub. Layihə Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə reallaşacaq.

Tədbirlərə biletləri şəhərimizin mərkəzləşdirilmiş kassalarında, “ASAN” Xidmət mərkəzlərində və iticket.az (online) saytında əldə etmək olar.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here