Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ölkəmizə ikiqat gəlir gətirəcək

Artıq bir aya yaxındır ki, İranda sitrus meyvələrinin yığımına başlayıblar. Cari ildə İranın Gilan və Mazandaran əyalətlərində bol məhsul yetişdirilib. Təkcə İran Astarasında 520 hektar sahədə kivi yetişdirilib.

Yerli fermer Əhməd Cəfərzadə müxbiri ilə söhbətində bildirib ki, sitrus meyvələri daxili bazarla yanaşı, xaricə də ixrac olunur. Bu meyvələr Rusiya, Ukrayna, Belarus və Moldovaya göndərilir.

Qeyd edək ki, adıçəkilən ölkələrə İrandan daşınan yüklər məhz Azərbaycan ərazisindən aparılır. İranlı fermerlər yük avtomobillərinin aztutumlu olmasından şikayət edirlər və səbirsizliklə Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun istifadəyə verilməsini gözləyirlər.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt dəmir yolunun davamı olacaq Rəşt-Astara (İran)-Astara (Azərbaycan) yolu təkcə İran fermərlərinin deyil, istehsal prosesi ilə məşğul olan bütün sahibkarların imkanlarının artmasına səbəb olacaq.

Bu imkandan, həmçinin Azərbaycanın cənub rayonlarının fermerləri də istifadə edəcəklər. Astara və Lənkəran rayonlarında da sitrus meyvə bağları çoxdur və fermerlər topladıqları məhsulu ixrac etməkdə maraqlıdırlar. Deməli, Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun istifadəyə verilməsi ölkəmiz üçün ikiqat əhəmiyyətlidir. Bir tərəfdən nəinki İrandan, eləcə də Cənub-Şərqi Asiya ölkələrindən daşınan mallar Azərbaycan üzərindən Rusiya və Avropaya aparılacaq və dövlətimizin büdcəsinə tranzit gəlirləri daxil olacaq. Digər tərəfdən isə azərbaycanlı fermerlər istehsal etdikləri məhsulu daha asan ixrac etmək imkanı qazanacaqlar.

İranın Dəmir Yolları İdarəsinin beynəlxalq yükdaşımalar şöbəsinin müdiri Hoseyn Aşuri bildirib ki, gələn ay Astara-Astara dəmir yolu istifadəyə veriləcək və iki ölkənin dəmir yolları sistemləri birləşəcək. Bundan başqa, İran Astarasında tikilən stansiya və yük terminalında da son tamamlama işləri aparılır.

Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş iqtisadi-siyasi islahatlarının nəticəsidir. Uğurlu siyasi addımları sayəsində İran ilə bütün sahələr də əlaqələrin inkişafına nail olan dövlətimizin başçısının səmərəli təklifləri qonşu ölkədə məmnunluqla qarşılanır. Çünki bu təkliflər hər iki dövlətin maraqlarını əks etdirir. Azərbaycanın “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulması, rəsmi Bakının Rəşt-Astara dəmir yolunun inşasına sərmayə yatırmağa hazır olduğunu bəyan etməsi qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlardandır.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here