Astara rayonunda “İslam dini radikalizmə qarşıdır” mövzusunda konfrans keçirilib

“Müasir İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Dini radikalizmə və ekstremizmə qarşı mübarizə: “İslam həmrəyliyi” adlı tədbirlərin təşkili” layihəsi çərçivəsində Astara rayonunda “İslam dini radikalizmə qarşıdır” mövzusunda konfrans keçirilib.

Astara rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tural Eyvazov mövzunun əhəmiyyəti, rayonda dövlət-din münasibətləri, QHT-lərin fəaliyyəti və s. istiqamətdə görülən işlər haqqında məlumat verib.

Müasir İnkişaf Birliyinin sədri, dialoq.info saytının baş redaktoru Mübariz Göyüşlü ölkədə mövcud olan dövlət-din münasibətlərindən, bu sahəni tənzimləyən qurumların fəaliyyətindən danışıb. Müasitr İnkişaf Birliyinin 14 ilə yaxındır bu mövzuda tədbirlər təşkil etdiyini deyən M.Göyüşlü təşkilatın çalışmalarını qısa olaraq iştirakçılara çatdırıb. O, Konstitutusiyada əksini tapmış din və vicdan azadlığı maddələrindən, eyni zamanda “Dini etiqad azadlığı haqqında” qanundan bəhs edib. Birlik sədri dini fundamentalizmdən, dini radikalizmdən və dini ekstremizmdən danışaraq onu doğuran səbəblər, nəticələr haqqında fikirlərini bölüşüb. M.Göyüşlü radikalizmə və ekstremizmə qarşı İslam həmrəyliyinin qoyulmasını vacib sayaraq tədbir iştirakçılarını radikal qruplara qarşı mübarizədə fəal olmağa səsləyib. O, mövhumata, xurafata, radikalizmə, ekstremizmə qarşı ən effektli mübarizə vasitəsi kimi təhsili, milli-mənəvi dəyərləri təbliğ etməyin, maarifləndirici tədbirlər, aksiyalıar və s. təşkil etməyin önəmli olduğunu qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadə təmsil etdiyi qurumun rayonda keçirdiyi tədbirlərdən, gördüyü işlərdən söz açıb. T.Həsənzadə dini radikalizmə və ekstremizmə qarşı mübarizənin vacibliyindən danışıb. DQİDİK təmsilçisi qeyri-ənənəvi dinlərə və təriqətlərə qarşı səmərəli mübarizənin yollarından da bəhs edib.

Astara rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov bildirib ki, böyük dövlətlərin apardıqları mübarizə radikal qrupların, ekstremist təşkilatların yaranmasına səbəb olub. O, iştirakçılara İslam dinindən, Quranı oxuyaraq öyrənməyin vacibliyindən bəhs edib.

Astara rayon Mərkəzi Xəstəxanasının həkimi Ulduzə Səfərova dövlət-din münasibətlərindən, ölkədəki dini durumdan, xəstəxananın əməkdaşı Aytən Rəhimzadə İslam dininin gözəlliklərindən, dini düzgün şəkildə təbliğ etməyin vacibliyindən, Milli QHT Forumunun Şirvan Təlim və Resurs Mərkəzinin regional koordinatoru Vamiq Babayev sosial şəbəkələrdə Azərbaycan dövlətinə, İslam dininə, cəmiyyətə qarşı təbliğat aparanların əleyhinə mübarizədə fəallığın önəmindən danışıblar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here