Astarada park-bulvar kompleksinin ərazisi 18 hektara çatdırılacaq

Astara şəhərində Xəzər dənizi sahili boyunca park-bulvar kompleksinin salınması və ucqar dağ kəndlərinə gedən yolların asfaltlaşdırılması rayonda turizm potensialının artmasına geniş imkanlar yaradıb. Bunun nəticəsidir ki, 2017-ci ildə rayona gələn xarici və yerli turistlərin sayı əvvəlki illərlə müqayisədə xeyli artıb. Yeni salınmış Ələt-Astara avtomobil yolunun istifadəyə verilməsi isə rayonda turizmin inkişafına əlavə təkan verəcək.

Bu fikirlər Astara Rayon İcra Hakimiyyətində ötən il rayonda sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş hesabat yığıncağında səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının nitqində qeyd olunan əsas məqamlara toxunaraq bildirib ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində gündən-günə inkişaf edir.

Məruzədə rayonda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi dəyərinin 227 milyon manat təşkil etdiyi bildirilib. Qeyd olunub ki, bu dövrdə rayonda nəqliyyat təsərrüfatı sahəsində 5, informasiya və rabitə sahələrində 11,5, sənayedə 12, ticarət-nəqliyyat vasitələrinin təmiri sahələrində 1,7 faiz artım qeydə alınıb. İl ərzində rayonda 4024 yeni iş yeri açılıb.

Astara Rayon Məşğulluq Mərkəzində ötən il qeydiyyata alınmış 1160 nəfər işaxtaran qeyri-məşğul vətəndaşdan 461 nəfəri müxtəlif idarə və müəssisələrdə işlə təmin olunub, 15 işaxtaran vətəndaşa işsizlik statusu verilib, 15 aztəminatlı ailə özünüməşğulluq layihəsinə cəlb edilməklə dövlət dəstəyi ilə öz ailə bizneslərini qurub.

Bildirilib ki, hesabat ilində rayonda tikinti-quruculuq və abadlıq işləri davam etdirilib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının tikintisi başa çatdırılıb. Rayon mərkəzindən 50 kilometr uzaqda yerləşən, ucqar dağlıq əraziləri əhatə edən avtomobil yollarının tikintisi ilə bu istiqamətdə yerləşən 38 yaşayış məntəqəsinin 12 min nəfər əhalisinin yol problemi həll olunub.

Dövlətimizin başçısının 2017-ci il 8 iyun tarixli Sərəncamına əsasən Astara şəhərində Xəzər dənizi sahili boyunca inşa edilmiş park-bulvar kompleksinin genişləndirilməsi ilə əlaqədar tikinti işlərinə başlanılıb. Layihəyə əsasən nəzərdə tutulan işlər ardıcıl həyata keçirilir. Burada tikinti işləri yekunlaşandan sonra park-bulvar kompleksinin ümumi ərazisi 18 hektara çatdırılacaq.

“Şimal-Cənub“ beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Ələt-Astara-İran avtomobil yolunun, Astara stansiyasından İran sərhədinə qədər olan 8,3 kilometrlik dəmir yolu xəttinin və Astara çayı üzərində 85 metr uzunluğunda dəmir yolu körpüsünün tikintisi başa çatdırılıb. Bu nəqliyyat layihələri istifadəyə verildikdən sonra Astaraya turist axını xeyli artacaq.

Diqqətə çatdırılıb ki, ötən il Astara şəhərinin su təchizatının yenidən qurulması ilə əlaqədar Xanbulançay su anbarından çəkilən su şəbəkəsinin qurulması istiqamətində işlər davam etdirilib. Hesabat ilində Astara şəhərində 29 çoxmərtəbəli ictimai yaşayış binasının fasad və bloklarında əsaslı təmir işləri görülüb, 3 binanın dam örtüyü dəyişdirilib. Astara şəhərinin küçələrində, Lovayın-Pəlikəş, Kijəbə-Burzubənd, Astara-Qamışovka və Pensər-Şahağac avtomobil yollarında cari təmir işləri aparılıb.

Ötən il Astarada aqrar sahədə bir sıra nailiyyətlərin qazanıldığını qeyd edən icra hakimiyyətinin başçısı bildirib ki, rayonda 1500 hektara yaxın əkinəyararlı torpaq sahəsi dövriyyəyə cəlb olunub. Çəltik əkini aparılmış 447 hektar dan 1802 ton məhsul əldə edilib. Mövcud 192 hektar məhsuldar çay plantasiyasından isə 476 ton yaşıl çay yarpağı yığılaraq çay emalı müəssisələrinə təhvil verilib. Bundan başqa, 774 hektar yeni sitrus və subtropik meyvə bağı salınaraq, əkin sahələri, ümumilikdə, 3116 hektara çatdırılıb. Astaralı arıçıların təsərrüfatlarında arı ailələrinin sayı 12 minə çatıb, 100 tona yaxın təbii bal və digər arıçılıq məhsulları istehsal edilib. Çay, çəltik, sitrus və arıçılıq sahələrindən, ümumilikdə, 60 milyon manata yaxın gəlir əldə olunub.

Sonra Astara Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Etibar Abbasov, Hamoşam kənd ərazi icra nümayəndəsi Ağarəhim Abdulov, Ərçivan bələdiyyəsinin sədri İradə Rzayeva, fermer təsərrüfatının rəhbəri Nizami Rəsulov və başqaları il ərzində görülən işlərlə bağlı məlumat verib, qarşıda duran vəzifələrdən bəhs ediblər.

İclasda çıxış edən Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov bildirib ki, ictimai-siyasi vəziyyətin sabit olduğu Azərbaycan 2017-ci ildə də dinamik inkişaf edib, beynəlxalq mövqeyi daha da möhkəmlənib, iqtisadi və sosial proqramlar uğurla icra olunub. Ölkəmizdə sabitliyin mənbəyinin Azərbaycan xalqı, onun iradəsi və xalq-iqtidar birliyindən bəhrələnən uğurlu siyasət olduğunu vurğulayan H.Əzənmədov qeyd edib ki, ötən il respublikamızda dərin islahatlar ili olub. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb və MDB məkanında lider mövqeyini qoruyub saxlayıb.

Habil Əzənmədov ötən il Astarada görülən işlərdən də danışıb, qarşıda duran vəzifələri diqqətə çatdırıb.

İclasında müzakirə olunan məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.

Sonda Prezident İlham Əliyevə müraciət qəbul olunub.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here