“Avropanın bir çox dövlətləri Rusiya qazından və ya neftindən tam şəkildə asılıdır və hazırda digər alternativi də yoxdur”

Məlum olduğu kimi, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Konqresdə bildirib ki, hazırda bu istiqamətdə iş aparılır. “Biz Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə hazırlaşırıq. Hazırda bunun üzərində iş aparılır”, – deyə nazir bildirib.

Qeyd edək ki, Rusiya ilə Qərbin münasibətləri 2014-cü ildə Ukrayna-Krım məsələsinə görə pisləşib. ABŞ və Avropa Birliyi Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb. ABŞ-ın 44-cü prezidenti Barak Obama hakimiyyətinin son günlərində Rusiyaya qarşı ard-arda 100-ə yaxın sanksiya tətbiq edib. Rusiya hökuməti ABŞ-ın 45-ci prezidenti Donald Trampın həmin sanksiyaları yüngülləşdirəcəyinə, yaxud ləğv edəcəyinə ümid etsə də, son baş verənlər Putin hakimiyyətinin bu arzusunu ürəyində qoydu. ABŞ-ın anons etdiyi bu sərt sanksiyalara Avropa niyə fəal qoşulmur?

Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev bildirdi ki, Avropanın bu cür davranışının əsaslı səbəbləri var: “Məlum məsələdir ki, bu sanksiyaların kökündə əsasən Ukrayna ,daha doğrusu, Krım hadisələri durur və ya səbəb gətirilir. Bu gün ABŞ Avropani bu sanksiyaları təkidli formada dəstəkləməyə çağırır. Təbii ki, Avropa buna müqavimət göstərir və düşünrəm ki, bu da ona baha başa gəlir. Çünki ABŞ hər gün, demək olar ki, bu təzyiqi müxtəlif formalarda artırır. Bu gün ABŞ-ın Rusiya ilə əhəmiyyətli ticarət və sərmayə mübadiləsi, demək olar ki, yoxdur. Buna görə də Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan ABŞ-ın hər hansı bir cavabdehliyi yoxdur. Ancaq Avropa üçün bu mühüm əhəmiyyət kəsb edir. Demək olar ki, bu gün Rusiya Avropanın enerji sektorunun stabilliyinin, təhlükəsizliyinə təhdidin qarşısını alan zəmanətçisidir. Avropanın bir çox dövlətləri Rusiya qazından və ya neftindən tam şəkildə asılıdır və hazırda digər alternativi də yoxdur. Digər məsələ maliyyə, ticarət və bank sektoru ilə bağlıdır. Bu isə tam şəkildə Avropa iqtisadiyyatında xaos yarada bilər. Avropa bankları Rusiyaya 30-50 milyarda yaxın kredit və sərmayələr qoyub, bu dağıla bilər.Məlumdur ki, Rusiyada da böyük itkilər ola bilər, lakin bu, “domino effekti” də yaradacaq.Yəni böyük gəlirlərlə işləyən Avropa dövlətləri və şirkətləri bu sanksiyadan özləri ziyan çəkərlər. Təbii ki, ABŞ bu sanksiyalarla həm də Avropanı özündən asılı vəziyyətə sala bilər, bunu da avropalılar dəqiq başa düşürlər, zənnimcə, əsl səbəblər budur”.

“Bakı-Xəbər”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here