Avstriyalı mütəxəssis Məlumat Hesablama Mərkəzində elektron hökumətə dair seminar keçirib

Avstriyalı mütəxəssis Məlumat Hesablama Mərkəzində elektron hökumətə dair seminar keçirib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində Rəqəmsal Avstriya Platformasının xüsusi nümayəndəsi Kristian Rup ilə elektron hökumətin və elektron xidmətlərin təşkilinə dair seminar keçirib.
Seminarda K.Rup Avstriyada elektron hökumətin və elektron xidmətlərin təşkilinə dair geniş təqdimatla çıxış edib.
“Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Rəqəmsal Avstriya Platformasının xüsusi nümayəndəsi Kristian Rup ölkədə elektron hökumət, elektron xidmətlər və elektron kommersiya sahəsində mövcud vəziyyətin təhlili və sahənin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması üçün Azərbaycana dəvət olunub. Rəqəmsal Avstriya Platforması Avstriya hökumətinin elektron hökumət və informasiya kommunikasiya texnologiyaları sahəsinin əlaqələndirici qurumudur. Elektron xidmətlərin təşkili sahəsində Avstriya Avropa İttifaqının ən qabaqcıl ölkələrindən biridir. Kristian Rup ölkədə olduğu dövrdə Azərbaycanda elektron hökumətin təşkili ilə bağlı cari vəziyyətlə tanış olub. Bununla əlaqədar ölkənin “Elektron hökumət” portalının operatoru olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və qurumlarda görüşlər keçirib. O, elektron hökumət və elektron xidmətlərin təşkili sahəsində Azərbaycanda görülən işləri yüksək qiymətləndirib. Kristian Rupun Azərbaycana səfəri Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib”, – deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, son görülmüş işlərin nəticəsi olaraq artıq “Elektron hökumət” portalında (www.e-gov.az) elektron xidmətlərin sayı 430-a çatıb.

APA