Aydın Quliyev: “İbrahimbəyovun bağışlanmaq şansı yoxdur”

“Tarixin bütün anlarında öz xalqının, millətinin şərəfini, ləyaqətini aşağılamaq yolu ilə şəxsi ucalıq tapmaq niyyəti heç bir ziyalıya gözlədiyi uğuru və başucalığını gətirməyib. Söhbət arada tarixi düşmənçilik olan bir millətin qarşısında o millətin xeyrinə öz xalqının şərəfini alçaltmaqdan gedəndə isə bu sayaq ziyalının günahı və cinayəti daha böyük və bağışlanmaz olur”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, belələrinin əməlləri xalqın tarixində yox, yalnız öz şəxsi taleyində silinməz və rüsvayçı ləkələr yarada bilir: “İbrahimbəyov bir vaxtlar hakimiyyət əleyhinə sərgilədiyi müxalifət mövqeyi ilə hansı miqdardasa siyasi reytinq qazandığına stavka edərək tarixdə qalmağa, ya indiyə qədərki hansısa sənət əsərlərinin kölgəsinə sığınaraq tarixdə yaxşı adla qalacağına ümidlidirsə yanılır, əmin olsun ki, ifşa olunan sonuncu hərəkəti ilə tariximizdəki ən rəzil adamların sırasına pərçimlənəcək.

İbrət götürülməli və İbrahimbəyovun özünün də yaxşı bildiyi bir neçə tarixi ünvan göstərim. Lev Tolstoyun Rus-Yapon müharibəsində çar Rusiyasının məğlubiyyətinə açıq çağırışlarının rüsvayçılıq ləkəsini onun vicdanından “Hərb və sülh” kimi dahiyanə əsər də təmizləyə bilmədi. Hitlerə satılmış şöhrətli Norveç yazıçısı Qnut Hamsunu isə Norveç xalqı bu gün də bağışlamayıb. Ədəbi, publisist və sənət yaradıcılığı Rüstəm İbrahimbəyovunkundan on dəfələrlə ağır olan bu istedad sahiblərinin xəyanəti bağışlanmayıbsa, İbrahimbəyovun bağışlanmaq şansı daha imkansızdır.

Milli xəyanəti bağışlayan bir xalq yoxdur, olmayıb. Öz xalqını ləkələmək bahasına göstərdiyi mənasız beynəlmiləlçiliklə nə qazana bildiyi üzərində düşünməyə onun yəqin ki, vaxtı və intellekti çatacaq. Ancaq “mənasız və ziyanlı beynəlmiləlçilik” iddiasını ekranlaşdıranda heç olmasa düşünəydi ki, torpaqlarımızın 20 faizini işğal edərək azərbaycanlıların namusuna toxunmuş indiki erməni nəslinin mənsubları da belə addım atmazdı. Hətta beynəlmiləlçiliyin “qıcqırdığı” sovet dövründə də bir erməni yazıçısı azərbaycanlı-erməni dostluğunu təbliğ edən, müsbət azərbaycanlı obrazı üzərində bircə dənə də olsa əsər yaratmadı. İbrahimbəyov öz xalqının mənafeyini heç kimə güzəştə getməyən tanıdığı o erməni yazıçılardan da nümunə götürməyi bacarmadı”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here